Dövlət başçısı İlham Əliyev Vaşinqtonda Azərbaycanın media nümayəndələrinə müsahibəsində bir daha bu reallığı diqqətə çatdırdı ki, Azərbaycan ilə Ermənistan arasında baş verənlər Cənubi Qafqazda sülh, sabitlik və firavanlıq istəyənlərin hamısı üçün, bütün region üçün çox əhəmiyyətli olacaq
“Mən səfərin nəticələrini çox yüksək qiymətləndirirəm. İlk növbədə, Prezident Trampın dəvəti ilə Amerikada işgüzar səfərdə olmaq, əlbəttə ki, Azərbaycan-Amerika münasibətləri üçün çox önəmli bir məsələdir. Deyə bilərəm ki, bu gün Amerika-Azərbaycan münasibətlərində yeni səhifə açılır: əməkdaşlıq və strateji tərəfdaşlıq səhifəsi. Əlbəttə ki, Azərbaycanın milli maraqlarının qorunması üçün Amerika Birləşmiş Ştatları ilə bu səviyyədə münasibətlərin qurulması çox önəmli məsələdir.” Dövlət başçısı İlham Əliyev Vaşinqtonda Azərbaycanın media nümayəndələrinə müsahibəsində onu da bildirdi ki, Strateji Tərəfdaşlıq Xartiyasını hazırlamaq üçün Strateji İşçi Qrupu da yaradılmışdır və əlbəttə ki, bu sənədin böyük əhəmiyyəti var. Orada gələcək əməkdaşlıq istiqamətləri də açıq-aydın təsbit edilib. Bunlar qarşılıqlı sərmayə qoyuluşu, energetika, nəqliyyat, bağlantılar, tranzit, təhlükəsizlik, süni intellekt, müdafiə sənayesi və müdafiə sahələrində əməkdaşlığı və digər məsələləri ehtiva edir. Yəni, sadəcə olaraq, bu istiqamətlərin sadalanması onu göstərir ki, ölkəmiz qarşısında nə qədər böyük imkanlar açılır.
Prezidentlər arasında yüksəksəviyyəli danışıqlarda siyasi, iqtisadi və təhlükəsizlik sahələrində əməkdaşlığın genişləndirilməsi, enerji və nəqliyyat layihələri üzrə strateji tərəfdaşlığın möhkəmləndirilməsi, eyni zamanda, Cənubi Qafqazda sülh prosesinin irəlilədilməsi kimi məsələlər geniş müzakirə edildi, mühüm sənədlər imzalandı. Onu da qeyd edək ki, enerji təhlükəsizliyi, regional sabitlik və antiterror əməkdaşlığı kimi sahələrdə qarşılıqlı maraqların artması bu iki ölkə arasında münasibətlərin daha dərin və qarşılıqlı etimada əsaslanan bir platformaya keçməsini şərtləndirir. Sözügedən səfər də məhz bu yüksələn dinamikanın davamı və yeni strateji mərhələnin əsasını qoya biləcək mühüm siyasi addım kimi qiymətləndirilir. Tərəflər əlaqələrin bütün istiqamətlərdə inkişafında maraqlıdır və bunu atdıqları addımları ilə bir daha təsdiqlədilər. “Biz vaxt itirmək istəmirik. Onsuz da əvvəlki administrasiya dövründəki dörd ili mən itirilmiş illər kimi qiymətləndirirəm” söyləyən cənab İlham Əliyev bildirdi ki, əfsuslar olsun Bayden Administrasiyası zamanı Amerika-Azərbaycan əlaqələri Azərbaycan-Ermənistan əlaqələrinin girovuna çevrilmişdi. Ölkəmizin Amerika Birləşmiş Ştatları ilə əvvəlki dövrdə əldə etdiyi nailiyyətlər və potensial demək olar ki, dondurulmuş vəziyyətə salınmışdı. Ona görə indi vaxt itirə bilmərik. Xoş münasibət çox önəmli bir amildir. Bu nöqteyi-nəzərdən səfərin çox böyük əhəmiyyəti var. Bu, Prezident Trampla cənab İlham Əliyevin birinci görüşü idi. Prezident Trampın Azərbaycanla bağlı bilgiləri Prezident İlham Əliyevi təəccübləndirdi. Azərbaycanın önəmini, onun geosiyasi əhəmiyyətini, Azərbaycanın Amerika Birləşmiş Ştatlarına həmişə dost ölkə olmasını cənab Tramp çox yaxşı bilir. Şəxsi təmaslar münasibətlərimizdə önəmli rol oynayacaq.
Səfərin əhəmiyyətini şərtləndirən amillərdən biri də 907-ci düzəlişin ləğv olunması oldu. Bununla bağlı atılan addım tarixi hadisə kimi dəyərləndirilir. Reallıq budur ki, müstəqilliyinin bərpasının ilk illərində Azərbaycanın ətrafında yaradılan informasiya blokadası həqiqətlərimizin inkarına, ölkəmiz haqqında qeyri-ciddi məlumatların yayılmasına rəvac verdi. Müstəqilliyimizin ilk illəri üçün səciyyəvi olan xaos, anarxiya, özbaşınalıq bütün sahələr kimi, xarici siyasətdə də özünü qabarıq şəkildə büruzə vermişdi. Belə ki, həmin illərdə ölkəmiz haqqında məlumatsızlıq erməni yalanlarının ayaq tutub yeriməsinə geniş imkanlar açırdı. Erməni diasporu güclü olduğu ölkələrdə, o cümlədən ABŞ-da cərəyan edən proseslərə təsir imkanlarına malik olaraq ölkəmiz haqqında qərəzli fikirlər formalaşdırır, ən əsası guya Azərbaycanın işğalçı olduğunu bildirirdi. Özlərini beynəlxalq ictimaiyyətə «yazıq, məzlum, əzilən» millət kimi təqdim edən ermənilər hər vəchlə Azərbaycan haqqında mənfi rəy formalaşdırmağa çalışırdılar və buna qismən də olsa nail ola bildilər. Çünki ABŞ Konqresinin ermənilərin və erməni diasporunun apardığı qərəzli, əsasız təbliğata əsasən Azərbaycana qarşı tətbiq etdiyi «Azadlığa Müdafiə Aktı»na ədalətsiz 907-ci düzəliş o ölkələrə aid edilir ki, onlar işğalçılıq siyasəti həyata keçirir. Bu qərara əsasən Azərbaycan işğalçı, Ermənistan isə işğala məruz qalan tərəf kimi təqdim olunurdu. Ermənilərin belə bir qərarın tətbiqində marağı Azərbaycanı maddi yardımlardan məhrum etmək, bunun müqabilində ölkəmizin iqtisadi cəhətdən çökməsinə nail olmaq idi. Hadisələrin də gedişindən göründüyü kimi, Azərbaycan nəinki iqtisadi cəhətdən zəiflədi, əksinə daha da inkişaf edərək davamlı iqtisadiyyatı ilə dünyanın diqqətində oldu. Ədalətsiz 907-si düzəlişin tətbiqinin Azərbaycan üçün narahatverici tərəfi vurduğu mənəvi zərbə idi. Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra əsas diqqət göstərdiyi istiqamət Azərbaycan haqqında məlumatsızlığa son qoymaq, ölkəmizi informasiya blokadasından çıxarmaq idi. Məhz Azərbaycan diplomatiyasının uğurlu fəaliyyəti nəticəsində 2001-ci ildə bu istəyə nail olundu.
O da məlumdur ki, Ümummilli Liderin hakimiyyətinin hər iki dövründə fəaliyyətinin əsasında bütün dünya azərbaycanlılarının bir amal, ideya- azərbaycançılıq ətrafında sıx birliyinə nail olmaq dayanırdı. Ulu Öndər bildirirdi ki, Azərbaycanın müstəqilliyini, suverenliyini daimi emək üçün hər kəs vahid ideya ətrafında sıx birləşməlidir. Azərbaycan diaspor hərəkatının formalaşdırılmasında və inkişaf etdirilməsində də məqsəd məhz bu idi. Ümummilli Lider onu da bildirirdi ki. diaspor bir dövlətin xaricdəki varlığıdır. Müstəqillik yollarında ilk addımlarını atan bir ölkə üçün xarici siyasətin düzgün qurulması, xaricdəki varlığını təmin etmək üçün diaspor quruculuğuna xüsusi diqət yetirməsi vacibdir. Azərbaycan bu məqsədə nail oldu. Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız öncə öz aralarında birlik, həmrəylik yaratmaq məqsədilə Azərbaycan cəmiyyətlərinin mərkəzlərinin formalaşdırılmasına nail oldu, sonra isə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü əsasında bu qurumların vahid mərkəzdən idarə olunmalarını təmin etmək üçün Dünya azərbaycanlılarının I qurultayı keçirildi. Ümummilli Lider bu tələbi qarşıya qoydu ki, soydaşlarımız yaşadıqları ölkələrin ictimai-siyasi həyatında fəal iştirak etməli, Azərbaycan reallıqlarının təbliğatçısına çevrilməlidirdər. 2001-ci ildən, yəni Dünya azərbaycanlılarıın I qurultayından ötən 24 ilə yaxın dövr ərizində Azərbaycanın diaspor quruculuğu sahəsində əldə etdiyi uğurlar göz önündədir. Diaspor təşkilatları həmin ölkələrdə fəaliyyət göstərən Azərbaycanın səfirlikləri ilə sıx əməkdaşlıq nəticəsində Azərbaycan həqiqətlərinin təbliğini yüksək səviyyədə həyata keçirirlər. Azərbaycan üçün önəmli hadisələr, həmçinin faciəli tarixlərimizin ildönümlərində dünyanın müxtəlif ölkələrində keçirilən yürüşlər, aksiyalar ermənilərin əsl simasının aşkara çıxarılmasında yardımçı oldu. Ötən 24 ilə yaxın dövrdə həyata keçirilən uğurlu və düşünümüş siyasət, real həqiqətlərə əsaslanan təbliğatımız əsasında artıq erməni diasporunun deyil, Azərbaycan diasporunun dünyada cərəyan edən proseslərə təsir imkanları artmağa başladı. Azərbaycanlı soydaşlarımız mütəmadi olaraq ermənilərin zaman-zaman azərbaycanlılara və türklərə qarşı həyata keçirdikləri soyqırımı siyasətinə, törətdikləri təxribatlara, vandalizmə etirazlarını bildirib və bu gün də təbliğatımız uğurla həyata keçirilir. Bu fakt inkaredilməzdir ki, Azərbsycanın 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsində döyüş meydanında qazandığı qələbədə diplomatik mübarizədə üstünlüyümüz öz sözünü dedi.
2001-ci ilin sentyabrında ABŞ-da baş verən terror aktı Amerika hökumətinin xarici siyasətində dəyişiklik etməsini şərtləndirdi. Belə ki, dövlətimizin uğurlu xarici siyasətinin nəticəsi olaraq ABŞ Administrasiyası 907-ci düzəlişin ədalətsiz qərar olduğunu təsdiqlədi və onun fəaliyyətini bir illik dondurması haqqında qərar qəbul etdi. Həmin vaxtdan başlayaraq bu qərar hər il yenidən təsdiqləndi. Lakin birdəfəlik ləğvi “müşkülə” çevrildi. Dövlət başçısı İlham Əliyev Vaşinqtonda Azərbaycanın media nümayəndələrinə müsahibəsində bu məsələyə xüsusi diqqət yönəltdi. “O zaman təbii ki, Konqres üzvlərinin Azərbaycandan, Cənubi Qafqazda baş verənlərdən xəbəri yox idi. Onlar erməni lobbi qruplarının təsiri altına düşüb və qurban Azərbaycanı işğalçı kimi təqdim edirdilər” söyləyən cənab İlham Əliyev qeyd etdi ki, bu düzəliş bizi həmin o illərdə çox ehtiyac duyduğumuz birbaşa Amerika yardımından məhrum etmişdir. O vaxt Azərbaycan qaçqınların sayı çox, iqtisadiyyatı isə bərbad vəziyyətdə olan kasıb ölkə idi. Nəticədə, biz sanksiyalar altında olan yeganə keçmiş Sovet İttifaqı respublikası idik. 2001-ci ildə bu sanksiyalar dayandırıldı, çünki ABŞ Hökumətinin Əfqanıstanda Azərbaycanın köməyinə ehtiyacı var idi. Biz isə çox vacib nəqliyyat yollarını, “Şimal Paylayıcı Şəbəkə” adlanan əlaqəni təmin etdik. Bu, təkcə hava uçuşları deyil, həm də quru və dəniz nəqliyyatını əhatə edirdi. 2023-cü ilə qədər hər il Amerika prezidentləri bu düzəlişin qüvvəsini dayandırırdılar. Dayandırılmaması bizim üçün böyük şok oldu, çünki Bayden administrasiyasından belə bir yanaşma gözləmirdik. Əfqanıstanda bizə ehtiyac olmadığına görə Bayden administrasiyası bütün dünyanın gözü qarşısında Əfqanıstandan qaçdığı dövrdə buna əl atdı: “Bundan sonra bizə qarşı sanksiyalar yenidən qüvvəyə mindi. Bu, yəqin ki, Azərbaycana mənfi münasibətin və nankorluğun zirvəsi idi. Əslində, bu, Bayden administrasiyası ilə onların hakimiyyətinin sonuna qədər düzəlməyən əlaqələrimizin ciddi şəkildə pisləşməsinə səbəb oldu. Beləliklə, münasibətlərimiz dərin böhran içində idi.”
907-ci düzəlişin ləğvini tarixi hadisəkimi dəyərləndirən dövlətimizin başçısı İlham Əliyev bildirdi ki, Prezident Trampın bu rəmzi jestinin bizim üçün çox dərin mənası var. Təbii ki, bu gün Azərbaycanın xarici yardıma ehtiyacı yoxdur, ölkəmiz xarici yardımdan asılı deyil. İqtisadiyyatımız sabitdir, xarici borcumuz ÜDM-in yeddi faizindən də azdır. Özümüz donor ölkəyə çevrilmişik. Beləliklə, bu gün 907-ci düzəliş əsasən siyasi və rəmzi məna daşıyır. Bu, artıq ədalətsizliyin artıq aradan qalxdığını göstərir: “Beləliklə, bu, Prezidentin adından çox mühüm siyasi jest idi. Eyni zamanda, bu gün onun ofisində bu sənədlə bərabər, Strateji Tərəfdaşlıq haqqında Xartiyanın hazırlanması üçün Strateji İşçi Qrupunun yaradılması haqqında sənədi də imzaladıq. Bu iki mühüm hadisə bu gün baş verib. Buna görə də mən avqustun 8-ni dövlətlərarası münasibətlərimizdə tarixi gün hesab edirəm və bu da bütün regiona çox müsbət təsir göstərəcək. Şübhəsiz ki, bu gün Azərbaycan ilə Ermənistan arasında baş verənlər Cənubi Qafqazda sülh, sabitlik və firavanlıq istəyənlərin hamısı üçün, bütün region üçün çox əhəmiyyətli olacaqdır.”
Bu gün Azərbaycanın inkişaf modelinin dünyaya nümunə göstərilməsi düşünülmüş və məqsədyönlü siyasətimizin uğurlu nəticəsidir. Ümummilli Lider Heydər Əliyevin “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” çağırışı bütün dövrlərdə öz aktuallığını qoruyur. Azərbaycanın zəngin enerji potensialının mövcudluğu və onlardan səmərəli istifadə etməsi beynəlxalq səviyyədə təqdir edilir. Bu reallıq hər zaman önə çəkilir ki, neftlə zəngin çox ölkələr var. Amma onlarda bu resurslar heç də uğur gətirmir. Azərbaycanın öz iqtisadi strategiyasını dünyanın qabaqcıl ölkələrinin təcrübəsinə əsasən müəyyənləşdirməsi heç bir problem yaşamamasını təmin edir. Neft gəlirlərinin düzgün istiqamətləndirilməsi və maliyyə şəffaflığının təmin edilməsi məqsədilə yaradılan Dövlət Neft Fondunun vəsaitlərinin təyinatı üzrə xərclənməsi Azərbaycanın heç zaman çətinliklə üzləşməsinə imkan vermədi, əksinə maliyyə imkanlarının artması güclü sosial siyasətlə tamamlanır ki, bu da əhalinin sosial müdafiəsinin gücləndirilməsinə yönələn addımlarda özünün aydın ifadəsini tapır. Bu gün Azərbaycan güclü iqtisadiyyata malik olan ölkə kimi tanınır. Ölkəmizin iqtisadi resurslardan səmərəli istifadəsi yeni dostlar, tərəfdaşlar qazanmasını şərtləndirir. Hazırkı dövrün əsaas çağırışı bərpaolunan enerji mənbələrinə investisiyaların yatırılmasıdır. Dövlət başçısı İlham Əliyev müsahibəsində ABŞ-a səfəri çərçivəsində SOCAR və “ExxonMobil” arasında imzalanmış memorandumdan geniş bəhs edərək belə bir əminliyi ifadə etdi ki, imzalanan memorandum böyük layihə ilə nəticələnəcək. Azərbaycanda böyük neft yatağının kəşfi ehtimalı yüksəkdir. “Exxon” dünyanın aparıcı enerji şirkətidir və müasir texnologiyalar sahəsində böyük təcrübəyə malikdir. “Exxon”un, həmçinin Azərbaycanda böyük təcrübəsi var. “Exxon” “Azəri-Çıraq-Günəşli” layihəmizə ilk olaraq 1994-cü ildə qoşulmuşdu.
Cənab İlham Əliyevin ABŞ-a səfəri çərçivəsində dövlətimizin başçısının və ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoffun iştirakı ilə SOCAR-la “ExxonMobil” şirkəti arasında “Əməkdaşlıq haqqında Memorandum” imzalandı. Prezident İlham Əliyev Azərbaycanın media nümayəndələrinə müsahibəsində vurğuladı ki, bizim iştirakımızla imzalanma mərasiminin keçirilməsi faktiki olaraq bu layihənin gələcəyinə inamı nümayiş etdirir. Enerji mövzusu əməkdaşlığımızın mühüm hissələrindən biri olaraq qalmağa davam edəcək. Enerji deyəndə neft, qaz, potensial olaraq bərpaolunan enerji mənbələrini nəzərdə tuturuq. Bu gün Azərbaycan NATO-nun 10 üzvünü, ABŞ-ın 10 müttəfiqini təbii qazla təchiz edir. Azərbaycan boru kəməri ilə qaz tədarükü üzrə 14 ölkəni əhatə edir. Bu baxımdan Azərbaycan dünyanın qabaqcıl ölkələrindən biridir. 10 NATO, 10 Aİ üzvü ölkəmizdən qaz alır. Azərbaycan bu yaxınlarda Suriyaya təbii qaz tədarük etməyə başladı. Beləliklə, artıq Yaxın Şərq regionuna daxil olmuşuq və coğrafiyamızı Avropada, eləcə də Yaxın Şərqdə genişləndirəcəyik. Bu, əslində, enerji sahəsində gələcək gündəliyimizin yalnız bir hissəsidir. Dövlətimizin başçısı qeyd etdi ki, həqiqətən də bu gün biz bütün istiqamətlər üzrə - təhlükəsizlik, sabitlik, Cənubi Qafqazda sülh, iqtisadi imkanlar, investisiyalar, enerji təhlükəsizliyi və bir çox digər sahələr baxımından tarixi bir günün şahidi oluruq.
Sözügedən müsahibədə diqqət göstərilən məsələlərdən biri də sülh sazişinin imzalanmasının qaçılmazlığı oldu. 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizdən dərhal sonra regionda dayanıqlı sülhün təmin edilməsi, Ermənistanla münasibətlərdə yeni səhifənin açılması məqsədilə cənab İlham Əliyev sülh təklifini gündəmə gətirdi. Şanlı Qələbəmiz əməkdaşlığın və sülh gündəliyinin müəllifi olaraq Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri və rolunu daha da möhkəmləndirdi. Azərbaycan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatdan irəli gələn öhdəliklərin yerinə yetirilməsi üçün səylərini daha da artırdı və bunu qarşı tərəfdən də tələb etdi. Bu məsələ ilə əlaqədar çoxsaylı görüşlər keçirildi. Müxtəlif məkanlarda müxtəlif tərkibdə keçirilən görüşlərdə Azərbaycanın irəli sürdüyu təkliflər Ermənistan tərəfindən qəbul olunsa da görüşdən dərhal sonra Nikol Paşinyanın fikrində dəyişiklik etməsi himayədarlarından asılılığının aydın mənzərəsini yaradırdı. Fransa açıq-aşkar tarixi Zəfərimizi həzm edə bilmədiyini büruzə verir, bunu Qarabağ münaqişəsinin hələ həll olunmadığı barədə fikir yaratması ilə təsdiqləyirdi. 2023-cü ilə, yəni suverenliyimizin tam bərpasına qədər Ermənistanın konkret addım atmaq barədə düşünməməsi diqqətdən kənarda qalmırdı. Lakin suverenliyimizin bərpasından sonra yaranan yeni reallıqlar Ermənistana daha ciddi düşünməyə, himayədarlarının mövqeyindən çıxış etməməyə çağırış etdi. Prezident İlham Əliyev sözügedən müsahibəsində “Yalnız 2023-cü ilin antiterror əməliyyatından sonra Ermənistan artıq reallıqlarla barışmalı oldu. Ondan sonra demək olar ki, fəal danışıqlar prosesi başlamışdır. Artıq neçə aydır tərəflər bəyan etmişdilər ki, sülh sazişinin bütün maddələri razılaşdırılıb” söyləyərək onu da əlavə etdi ki, bu, Cənubi Qafqaz üçün çox önəmli tarixi məsələdir. Bu gün Ağ Evdə paraflanan sülh sazişi artıq bölgəyə sülh gətirib.
Cənab İlham Əliyev Ermənistanın ev tapşırıqlarını da diqqətə çatdırdı. Vurğuladı ki, onların konstitusiyasında Azərbaycana qarşı ərazi iddiası məsələsi imkan vermədi ki, bu gün sülh sazişi imzalansın. Amma bu dəyişikliklər ediləndən sonra artıq sülh sazişi istənilən vaxtda imzalana bilər. Bir halda Azərbaycan və Ermənistan rəhbərləri bu paraflamanı Ağ Evdə etməyi qəbul ediblərsə, deməli, artıq bölgəmizə dayanıqlı sülh gəlib. Bu, həm Azərbaycan, həm Ermənistan, həm bütün bölgə üçün xüsusi əhəmiyyətə malik olan məsələdir. Həm Azərbaycan-Amerika ikitərəfli münasibətlərinin inkişafında, həm Azərbaycan-Ermənistan normallaşması işində atılan addımlar, Birgə Bəyannamənin qəbul edilməsi, imzalanması və dünyanın ən qüdrətli dövləti olan Amerikanın Prezidentinin buna dəstəyi və şahidlik etməsi bir daha bu Bəyannamənin önəmini göstərir. Cənab İlham Əliyev “Mən bu gün mətbuat konfransında da qeyd etdim, biz dünyanın bir nömrəli paytaxtında, dünyanın bir nömrəli ofisində, dünyanın ən qüdrətli Prezidentinin iştirakı ilə bunu etdik. Əlbəttə, hər kəs başa düşür ki, bunun nə qədər böyük əhəmiyyəti var, həm ölkəmiz üçün, həm bölgə üçün, həm geniş coğrafiya üçün. Biz haqq-ədaləti müharibə yolu ilə bərpa etdik. İndi isə buna siyasi müstəvidə də nöqtəni qoyduq” fikirləri ilə Azərbaycan-ABŞ münasibətlərinin dünəninə baxış əsasında gələcəyinin aydın mənzərəsini təqdim etdi. Azərbaycanın regionda və dünya siyasətində liderliyi diqqətdədir. Buna əsas verən dövlətimizin daim ədalətin və beynəlxalq hüququn yanında olması, münasibətlərdə qarşılıqlı etimad mühitini qorumasıdır. Dövlətlərarası münasibətlərdə bir-birinin daxili işinə müdaxilə yolverilməzdir. Bir mühüm məqamı da qeyd edək ki, hər bir ölkənin inkişafında iki faktor əsasdır-Lider və düşünülmüş siyasət. Azərbaycan hər iki amilin vəhdəti fonunda qazandığı davamlı uğurları ilə təqdir edilir. Ölkələrarasında münasibətlərin inkişafında da liderlərin şəxsi münasibətləri öz sözünü deyir. Bu baxımdan cənab İlham Əliyevin “Biz münasibətlərimizdə yeni səhifə açırıq. Şəxsi təmasa gəldikdə, bu, Prezident Trampla bizim ilk görüşümüz idi. Çox mehriban, səmimi və nəticəyönümlü görüş keçdi… Prezident Tramp mənim kim olduğumu bilmirdi, amma o, mənim haqqımda komanda üzvlərindən eşidib. Təbii ki, Prezident Trampa mənim şəxsi münasibətim hər zaman çox müsbət olub və hətta keçən ilin ortalarında mənə ABŞ-dakı seçkilərlə bağlı sual verəndə, mən düşündüyümü açıq şəkildə demişdim. Demişdim ki, biz onu dəstəkləyirik. Çünki o, yəqin ki, müharibələr başlamayan yeganə Amerika prezidentidir və bu həqiqətdir. O, Azərbaycan xalqı kimi ailə dəyərlərinə önəm verən insandır. Təbii ki, bu gün mətbuat konfransında qeyd etdiyim kimi, o, bu altı ay ərzində qeyri-mümkün görünən işlər gördü: istər Afrikada, Asiyada və Cənubi Qafqazda. O, sülh gətirir və ortaya nəzərəçarpan nəticələr qoyur. Beləliklə, mən bu baxımdan bizim şəxsi münasibətlərimizi yüksək qiymətləndirirəm. Əminəm ki, növbəti illərdə bu şəxsi münasibətlər ölkələrimiz arasında dövlətlərarası əlaqələrə çox müsbət təsir göstərəcək” fikirləri özündə bütün əsas məqamları ehtiva edir.
Ümumiləşdirilmiş şəkildə qeyd etsək, Prezident İlham Əliyevin ABŞ-a səfəri yalnız Azərbaycan-ABŞ münasibətlərinin inkişafı baxımından deyil, eyni zamanda, beynəlxalq informasiya müstəvisində Azərbaycanın mövqeyinin güclənməsi və diplomatik sahədə əldə etdiyi növbəti uğur kimi dəyərləndirilir. Bu səfər Azərbaycanın regional və qlobal siyasətdə öz prinsipial, müstəqil mövqeyini təsdiqləməklə yanaşı, illərdir ölkəmizə yönəlmiş siyasi təzyiqlərə, informasiya manipulyasiyalarına qarşı verilmiş qəti və diplomatik cavab oldu.
Yeganə Əliyeva, “İki sahil”