Azərbaycan və Ermənistan arasında ABŞ ilə razılaşmalar Cənubi Qafqazın əhəmiyyətli potensialını üzə çıxaracaq.
“Report” xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Temmi Bryus ənənəvi brifinqdə deyib.
Onun sözlərinə görə, bu, həmçinin amerikalılar və Amerika şirkətləri üçün yeni imkanlar açacaq.
“İki ölkənin liderləri (Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan – red.) ABŞ ilə ikitərəfli iqtisadi sazişlər imzalayıblar ki, bu da Cənubi Qafqazın ticarət, tranzit, enerji, infrastruktur və texnologiya sahələrində mühüm potensialını, həmçinin amerikalılar və Amerika şirkətləri üçün yeni imkanlar açıb”, - Bryus bildirib.
O qeyd edib ki, Bakı ilə İrəvan arasında sülh bəyannaməsi Trampın sülh prezidenti olduğunu göstərdi.
Xatırladaq ki, avqustun 8-də Vaşinqtonda Azərbaycan və ABŞ liderləri Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq haqqında Xartiyanın hazırlanması üçün Strateji İşçi Qrupun yaradılması haqqında iki ölkənin hökumətləri arasında Anlaşma Memorandumu imzalayıblar.
Bundan başqa, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ Prezidenti Donald Trampın iştirakı ilə iki liderin Vaşinqtonda görüşünün yekunlarına dair Birgə Bəyannamə imzalayıblar.