Ətrafı dalayan Rusiya birini də itirdi
Cənubi Qafqazda daim gərginlik yaratmaqda maraqlı olan Rusiyanın regionda qalmaq iki şansından biri 102-ci hərbi baza, digəri çox ümid bəslədiyi Zəngəzur dəhlizi idi. Məlum olduğu kimi, nəqliyyat dəhlizi ABŞ-da Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın Prezident Donald Trampın iştirakı ilə başlanan sülh danışıqlarından sonra onun iki şansından biri də əlindən alındı. Hətta ABŞ Prezidentinin təşəbbüsü ilə dəhliz “Tramp yolu” adlandırıldı.
Moskvada belə düşünürdülər ki, Zəngəzur yolu Rusiyanın nəzarətinə keçsə, Kreml Cənubi Qafqazda son beş ildə Azərbaycan və Türkiyə birliyinin qurduğu mürəkkəb və uğurlu siyasət nəticəsində itirdiyi mövqeləri az da olsa, bəpra edə bilərlər. Zəngəzurun “açarı” Kremildə olanda yolun əhəmiyyəti də azalacaqdı, yəni istədiyi vaxt Azərbaycan pomidor-xiyarında “qurd”, Ermənistan konyakında “zəhər” tapan Rusiya yolu da kefi istəyəndə bağlayacaqdı. Bir sözlə, yenə də təzyiq vasitəsini əlində saxlayacaqdı. Belə vəziyyətdə təhlükəni uzaqda görən İran da bundan məmnun olacaqdı. Çünki Rusiya onun qarşısında qalxan rolunu oynayacaq, regiona həm də İranı narahat edən hər hansı “kənar qüvvəni” yaxın buraxmayacaqdı.
Hər iki ölkə yolun yalnız Ermənistanın məsuliyyətində olmasına da razı ola bilərdil, bu zaman İrəvan üzərində ciddi basqı, yeni müharibələr üçün böyük dəstək əldə edəcəkdilər. Məsuliyyət tək Ermənistanın üzərində olsa, Zəngəzurdan keçən yük və sərnişinlərə qarşı hər zaman təxribat edə bilən, buna qadir olan Rusiya və İran hər təxribatda Azərbaycanla Ermənistanı yenə üz-üzə qoyaraq yeni fitnə-fəsadlar və müharibələr üçün zəmin hazırlayacaqdılar, bununla da Bakı və İrəvan itirdikləri “dəyənək”-təzyiq alətini yenidən əllərinə alacaqdılar. Lakin niyyətləri gözlərində qaldı, tamamilə arzulamadıqları baş verdi.
Moskva və Tehranı ciddi narazı salan ABŞ-da imzalanan sənədlərin mürəkkəbi qurumamış zəhər saçan ritorikalarının əsas səbəbi budur ki, əgər ABŞ Zəngəzur yolunun operatoru və təhklükəsizlik provayderi olsa, o zaman 42 kilometr yol boyu təxribatlar törədərək İrəvan və Bakını daim gərginlikdə saxlamaq aləti əllərindən çıxmış olacaq. İdbarlığı ilə tanınan təhlükəsizlik müşaviri Əli Əkbər Vilayətinin əvvəllər lovğalıqla dediyi: “Ora gələn ABŞ müzdluları üçün yol qəbiristanlıq olacaq” bəyanatı da məhz bu məsələdən xəbər verirdi. Şübhəsiz ki, Vilayəti indi etdiyi qələtin bədəli barədə düşünməli olub.
Ən düzgün mövqe seçən Azərbaycan göstərdi ki, biz də yoldan yalnız bir istifadəçi ölkə olaraq onun normal işləməsində maraqlıyıq. Ancaq öz ərazisindən keçəcək yola nəzarət və investisiya ilə bağlı problemlərə cavabdehlik artıq ABŞ və Ermənistanın problemləridir. Rusiya və İran ABŞ-la özləri həll edər, necə deyərlər, ayının dərisi şirin pəncəsi. Azərbaycana qalan isə ancaq sülh yolunun açılması ilə bağlı öz üzərinə düşən işi yerinə yetirmək, öz ərazisində reallaşdırılan infrastruktur layihələrini tamamlamaq və yüklərin, sərnişinlərin daşınmasını rahat şəkildə təmin etməkdir. Otuz beş ildir ki, biz məhz bunun üçün mübarizə aparırıq. Nəhayət, Naxçıvana quru yolu ilə gediş-gəliş təmin olunacaq, süni surətdə ayrı salınan Türk birliyi bərpa ediləcək.
Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində biz həm məqsədimizə nail oluruq. Yəni, “Tramp yolu”nun məsuliyyətini biz daşımırıq. Rusiya və İran o qədər cəsarətlidirlərsə qoy ABŞ-ın qarşısına çıxıb tələb qoysunlar. Lakin bu gün İran başının milçəyini birtəhər qorumaqla məşğuldur, qüdrətli ABŞ-a qarşı baş qaldırmağa cəsarəti çatmaz. Rusiya isə Ukraynada düşdüyü bataqlıqdan xilas ola bilmir. Ona görə də Cənubi Qafqazda ikinci cəbhə açmağa cəsarət etməz.
Belə də olmalı idi. Başqalarına bəla gətirən bir gün özü bəlaya düçar olar. Şovinistlər xalqlara gətirdikləri üç yüz illik müsibətlərin bədəli nədirsə, qoy indi o barədə düşünsünlər.
Vəli İlyasov, “İki sahil”