AZ

19 yaşlı Murtazanın Vətən sevgisi

İkinci Qarabağ müharibəsində Vətənin qorxmaz, igid övladları qanından, canından keçərək 44 günə xalqımıza zəfər sevincini yaşatdılar. 30 il əsir düşən torpaqları xilas edib adlarını Azərbaycanın yeni, şanlı tarixinə yazanlardan biri də 2 oktyabr 2001-ci ildə Cəlilabad rayonunun Gülməmmədli kəndində anadan olan şəhid Murtaza Elman oğlu Qasımovdur. Murtazaya ömrünün çiçələnən dövründə bu müqəddəs yolu seçən onun saf vicdanı, əqidəsi, Vətən sevgisi oldu. Şərəfli ölümü ilə milyonların ürəyində özünə əbədi heykəl ucaldan əsir Qarabağımızı xilaskar ərəni həm də ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə, “Zəngilanın azad olunmasına görə medalları ilə təltif olunub.

Uşaqlıqdan vətənpərvər böyüyən, doğma Azərbaycanın hər guşəsini özünə əziz bilən Murtaza 2019-cu il oktyabr ayında Milli Ordu sıralarına yola düşəndə cəbhə bölgəsində xidmət etməyi istəyib. Məqsədi də Qarabağımızı işğal edən erməni dığalardan qisas almaq olub. Arzusu nəzərə alınıb, Vətən qarşısında oğulluq borcunu ləyaqətlə, vicdanla yerinə yetirib. Hərbi təlimlərə həvəslə qatılıb. İntizamı, çalışqanlığı, içdiyi hərbi anda sədaqəti onu ağır sınaqlardan belə üzüağ çıxardıb. Ən əsası xidmət müddətində əsl vətəndaş, mənəvi cəhətdən yetkin, cəsur, mərd bir gənc və vətənpərvər əsgər olaraq hamının sevgisini qazanıb. Vətənini ürəkdən sevib, torpağını canı, qanı bahasına qorumağa hazır olub. Həmişə də əsgər yoldaşlarına deyib ki, əgər Qarabağımızın azadlığı naminə müharibə başlansa mən döyüşə birinci gedərəm, hər qarış torpaq uğrunda son damla qanıma qədər yağıya qarşı vuruşaram. Təki Vətənimizdə əmin-amanlıq olsun, xalqımız azad yaşasın...

Ən böyük arzusu Qarabağı azad görmək olan əsgər Murtaza Qasımov 44 günlük haqq savaşımız başlanan kimi əlinə silah alıb ölüm-dirim döyüşü girib. Cəbrayılın, Zəngilanın azad olmasında müharibə meydanında böyük hünər göstərib. Yağıya qan uddurub, onlarla canlı qüvvəsini, neçə-neçə hərbi texnikasını məhv edib. Bitib-tükənməyən Vətən sevgisi igid Murtazanı qələbədən qələbəyə aparıb. Şanlı zəfərimizə ürəkdən inanıb vurduğu sarsıdıcı zərbələri ilə yağıya göz açmağa imkan verməyib. Dəfələrlə yaralansa da, qələbəyə bir gün qalmış 811.0 yüksəkliyinə hücum edən düşməni məğlub edib, burada Azərbaycan bayrağı sancılan zaman şəhid olub. Qazanılan parlaq qələbəmizin mərdlik, qəhrəmanlı simvoluna çevrilərək həmin gündən Vətən səmasının parlaq günəşinə olub...

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Seçilən
4
ikisahil.az

1Mənbələr