AZ

“Real Madrid” La Liqa matçının ABŞ-da keçirilməsinə qarşı çıxdı

“Vilyarreal” və “Barselona” dekabr ayında aralarında keçiriləcək La Liqa matçının ABŞ-da baş tutması üçün müraciət ediblər. İspaniya Kral Futbol Federasiyası (RFEF) ötən gün UEFA və FIFA-ya oyunun Mayamidə keçirilməsi ilə bağlı rəsmi sorğu göndərdiyini açıqlayıb.

90deqiqe.Az-ın məlumatına görə, buna cavab olaraq “Real Madrid” matçların İspaniya xaricində təşkil olunmasına qarşı çıxaraq bunun ədalətli rəqabət prinsipini pozduğunu bildirib. Klubun bəyanatında deyilir:

“Çempionatda iki komanda arasında keçirilən matçların biri hər bir klubun meydanında oynanmalıdır. Bu prinsipi dəyişdirmək rəqabət balansını pozur və müraciət edən klublara (“Barselona” və “Vilyarreal”) əsassız idman üstünlüyü verir.”

Madrid təmsilçisi bütün komandaların eyni şərtlərdə yarışmalı olduğunu vurğulayıb və La Liqa matçının başqa ölkədə keçirilməsini “qəbuledilməz presedent” adlandırıb. Klub xəbərdarlıq edib ki, bu addım ciddi nəticələrə gətirib çıxara bilər.

“Real Madrid” artıq UEFA, FIFA və Ali İdman Şurasına müraciət edərək oyunun ABŞ-da keçirilməsinə icazə verilməməsini tələb edib. Klub həmçinin xatırladıb ki, 2018-ci ildə milli çempionat oyunlarının başqa ölkədə keçirilməsinə yalnız istisna hallarda icazə verilməsi barədə qadağa qüvvəyə minib.

Seçilən
27
90deqiqe.az

1Mənbələr