AZ

NDU-nun rektoru “Azərbaycan Universitetləri” səhifəsinin rəhbərini qəbul etdi - Fotolar

Naxçıvan Dövlət Universiteti (NDU) “Azərbaycan Universitetləri” feysbuk səhifəsində üç istiqamət üzrə keçirilən sorğunun nəticələrinə əsasən hər üç kateqoriyada qalib gəlib.

“Qafqazinfo” xəbər verir ki, sorğuda Naxçıvan Dövlət Universiteti III qrup abituriyentləri üçün ən çox tövsiyə edilən ali təhsil müəssisəsi, IV qrup abituriyentləri üçün ən çox tövsiyə edilən ali təhsil müəssisəsi və regionda yerləşən universitetlər arasında açıq fərqlə birinci yerin sahibi olub.

Bu münasibətlə NDU-nun rektoru Elbrus İsayev “Azərbaycan Universitetləri” feysbuk səhifəsinin rəhbəri Zöhrab Süleyman ilə görüşüb.

Rektor universitetin tarixi inkişaf yolundan söz açıb, bu gün əldə olunan nailiyyətlərdən və irəlidə gözlənilən yeniliklərdən bəhs edib. Universitetin çoxşaxəli kadr hazırlığı və  tələbəyönümlü təhsil siyasəti haqqında danışıb. Elbrus İsayev qeyd olunanlar fonunda xüsusilə təhsil yeniliklərini ictimailəşdirmək baxımından Kütləvi İnformasiya Vasitələri ilə səmərəli əməkdaşlıqda maraqlı və təşəbbüskar olduğunu ifadə edib. Eləcə də günün tələbi olan sosial media platformalarında düzgün iştirakın gərəkli olduğunu, operativ informasiyanın çatdırılmasında sosial şəbəkələrin müsbət fəaliyyətini vurğulayıb. Bu mənada rektor “Azərbaycan Universitetləri” feysbuk səhifəsi ilə uğurlu əməkdaşlığı yüksək dəyərləndirib.

Görüşdə “Azərbaycan Universitetləri” feysbuk səhifəsinin rəhbəri Zöhrab Süleyman 2011-ci ildən yaradılan səhifənin fəaliyyəti, strategiyası haqqında məlumatları bölüşüb. Platformanın 14 illik fəaliyyəti dövründə təhsil sahəsi üzrə yenilikləri cəmiyyətə çatdırmaq istiqamətində seçilən ünvanlardan olduğunu bildirib və NDU ilə əməkdaşlığı uğurlu fəaliyyət adlandırıb.

Sonda Zöhrab Süleyman sorğunun nəticələrinə əsasən universitetin hər üç kateqoriyada qalib gəlməsi ilə əlaqədar rektor Elbrus İsayevə plaket təqdim edib.





Seçilən
1
1
qafqazinfo.az

2Mənbələr