BAKI, 12 avqust. TELEQRAF
Bu gün – 12 avqust Azərbaycanda “Xəzər günü” kimi qeyd olunur.
12 avqust 2006-cı il tarixindən Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyası qüvvəyə mindikdən sonra hər il bu tarix “Xəzər günü” kimi qeyd olunur.
Azərbaycanda “Xəzər günü” üç tərəfdən Xəzər dənizinin əhatəsində yerləşən Abşeron Milli Parkında “Xəzərin mühafizəsində birik, birlikdəyik!” devizi altında qeyd olunub.
Son dövrlər qlobal iqlim dəyişmələri Xəzər dənizində suyun səviyyəsinin sürətlə azalmasına gətirib çıxarır. Bu isə Xəzər dənizinin tədricən quruması ehtimalı barədə proqnozların dövriyyəyə buraxılmasına səbəb olur.
Bəs Xəzəri necə qoruyaq? “Xəzər günü” nələr edilməlidir?
AMEA-nın Coğrafiya İnstitutunun Xəzərin hidrometeorologiyası şöbəsinin müdiri, coğrafiya elmləri doktoru Səid Səfərov Teleqraf-a açıqlamasında bildirib ki, "Xəzər günü" lazımi qaydada qeyd olunmur.
Onun sözlərinə görə, Xəzərin müasir problemləri kontekstində həm televiziya, həm də digər mətbuat orqanları dövlət səviyyəsində Xəzər dənizinin problemlərinə diqqəti daha da artırmalıdır.
“Televiziyalarda təkcə "Xəzər günü" ilə əlaqədar işlər olmalı deyil. Ümumiyyətlə, Xəzər ilə bağlı maarifləndirici işlər daha çox və daha yüksək səviyyədə olmalıdır. Mövcud problemlərlə bağlı Azərbaycan və dünya alimlərinin fikirləri olmalıdır. Faktiki olaraq Azərbaycanın elmi-tədqiqat institutlarında Xəzər üzrə müasir tədqiqatlar aparılmalıdır və onların nəticələri ictimaiyyətin müzakirəsi səviyyəsində paylaşılmalıdır. Qabaqlayıcı tədbirlər görülməklə risklər yumşaldılmalıdır. Elmi tədqiqatların miqyası və keyfiyyəti artırılmalıdır.
Dövlət tərəfindən Coğrafiya İnstitutunun və müvafiq institutların qarşısında böyük tələblər qoyulmalıdır. Görülən işlər nəzarətdə saxlanılmalıdır. Bu işlə məşğul olan alimlərin maddi vəziyyətinin yaxşılaşdırılması ilə bağlı da müvafiq tədbirlər görülməlidir”, - S.Səfərov vurğulayıb.
O, Xəzər dənizinin 5 Xəzəryanı ölkə arasında daha çox Azərbaycan üçün əhəmiyyətli olduğunu deyib:
“Xəzər Azərbaycan üçün daha əhəmiyyətlidir, çünki Azərbaycanın paytaxtı və bir çox hissəsi burada yerləşir. Xəzərin səviyyəsinin kəskin düşməsi çox böyük problemlərə səbəb ola bilər”.
“Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli açıqlamasında bildirib ki, bu günün qeyd edilməsi Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyasının qüvvəyə minməsi ilə əlaqədardır.
Onun sözlərinə görə, qlobal iqlim dəyişmələri hər zaman planetimizin ən böyük qapalı su hövzəsi olan Xəzərin səviyyəsinə təsir edib:
“Son 200 ildə Xəzərin səviyyəsində qalxıb-enmələr müşahidə olunub. Son illər daha çox Xəzərdə suyun səviyyəsinin azalması qeydə alınır. Bu da Xəzərə daxil olan suların azalması və buxarlanmanın artması ilə bağlıdır. Xəzərdə su səviyyəsinin azalmasına təsir edən daha bir faktor Volqa hövzəsi ərazisinə düşən yağıntının miqdarının kəskin azalmasıdır. Su səviyyəsinin aşağı düşməsi nəticəsində min hektarlarla ərazi su altından çıxır”.
E.Cəfərli Xəzərin səviyyəsində davamlı enmənin 20 il öncədən müşahidə olunduğunu deyib:
“Ən çox enmə 2021-ci ildə qeydə alınıb. Xəzərin çəkilməsi ölkə iqtisadiyyatının ciddi zərərə uğraması deməkdir. Dənizdə səviyyə tərəddüdlərinin fəsadları daha çox biomüxtəlifliyə təsir edir, balıqçılıq təsərrüfatına, nəqliyyat infrastrukturuna zərbə vurur. Qlobal iqlim dəyişikliklərinin Xəzərdə yaratdığı problemlərə təsir etmək imkanımız azdır. Kürəsəl ekoloji fəlakətin qarşısını almaq çox vaxt mümkün olmur. Lakin qlobal iqlim dəyişikliyinin nəticələrini yumşaltmaq istiqamətində addımlar atmaq mümkündür. Xəzərin bioloji resurslarını qorumaq, ondan səmərəli və qənaətlə istifadə etmək, dəniz sahilini təmiz saxlamaq bizim əlimizdədir.
Bu yaxınlarda Xaçmaz rayonunun Nabran qəsəbəsində Xəzər sahilində monitorinq apardıq. Bir neçə yerdə tullantı sularının dənizə axıdıldığının şahidi olduq. Çox təəssüf ki, bir sıra Abşeron qəsəbələrində də durum eynidir. Çimərlik əraziləri məişət tullantıları ilə çirkləndirilir. Xəzər dənizi Azərbaycanın milli sərvətidir. Onu qorumaq, gələcək nəsillərə ötürmək hər birimizin vəzifəsidir. Təbii sərvətlərimiz bizə Allahın lütfüdür. Amma o, tükənməz deyil”.
E.Cəfərli bildirib ki, bununla bağlı əhali arasında maarifləndirmə işləri aparılsın, cərimələr artırılsın.
“Cərimələr çəkindirici vasitə olsa da, ən yaxşısı ictimai şüurun dəyişməsidir. Təbiətə, canlı aləmə, meşələrə, dənizə münasibətin müsbətə doğru dəyişməsi üçün vətəndaş cəmiyyətinin üzərinə ciddi məsuliyyət düşür. Vaxtaşırı Bakıda insanların gur toplaşdığı yerlərdə Xəzərin ekoloji problemlərini gözlər önünə sərən –flaşmoblar və digər maarifləndirici aksiyalar təşkil edilməlidir. Tanınmış sənət adamları, idmançılar, yazarlar ekoloji Xəzərlə bağlı çağırışlar etməli, sahil ərazilərin məişət tullantılarından təmizlənməsi aksiyaları keçirilməlidir”, - o əlavə edib.