AZ

İlham Əliyevin təklifi üzrə Trampa Nobel mükafatı... Proses başlanır...


Azər Həsrət: “Trampın Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasına töhfə verməsi də göz önündədir”

Vaşinqtonda birgə bəyanat zamanı Azərbaycan Prezidenti İlham Əliyev Donald Trampın Nobel Sülh mükafatına layiq görülməsi üçün Nikol Paşinyan ilə birgə Nobel komitəsinə müraciət etməyi təklif edib. Dövlət başçısı İlham Əliyev belə deyib: “Bəlkə biz Baş nazir Paşinyan ilə razılaşarıq və Nobel mükafatının komitəsinə birgə təşəbbüs də irəli sürə bilərik. Cənab Tramp bu mükafata layiqdir”.

Məlumat üçün deyək ki, Nobel Sülh mükafatı 1901-ci ildən etibarən hər il sülhə, beynəlxalq əməkdaşlığa və insan hüquqlarına töhfə verən fərdlərə və təşkilatlara təqdim olunur. Mükafatın təsisçisi Alfred Nobelin vəsiyyətinə görə, bu mükafat “millətlər arasında qardaşlığı inkişaf etdirmək, daimi orduların ləğvini və ya azaldılmasını təşviq etmək və sülh konqreslərinin keçirilməsinə çalışmaq” kimi fəaliyyətləri olanlara verilməlidir. Tarix boyu müxtəlif sahələrdən insanlar bu mükafata layiq görülsələr də, dövlət başçıları və hökumət rəhbərlərinin xüsusi yeri vardır. Onların fəaliyyəti təkcə daxili siyasətdə deyil, beynəlxalq münasibətlərdə də dərin iz buraxır.

Nobel Sülh mükafatı dövlət rəhbərləri üçün həm şəxsi nüfuz göstəricisi, həm də beynəlxalq ictimaiyyətin müəyyən sülh strategiyalarına verdiyi dəstəyin rəmzi olub. Bu təcrübə liderliyin qlobal sülhə töhfə vermək baxımından nə qədər mühüm olduğunu bir daha sübut edir.

Maraqlıdır, D.Tramp Nobel mükafatını niyə haqq edir və Əliyev bunu hansı səbəbdən zəruri hesab etdi?

“Dövlətlər, millətlər arasında münasibətlərin normallaşmasına xidmət edən bu cür şəxsiyyətlər, prezidentlər fərqləndirilməlidir”

Siyasi şərhçi Azər Həsrət “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Amerika Birləşmiş Ştatlarının başçısı Donald Tramp birinci və ikinci prezidentliyi dövründə çalışıb ki, müharibələr olmasın: “Deyildiyi kimi, öz dövründə müharibə başlatmamış Amerika prezidentidir. Üstəlik o, müharibələri bitirmək üçün çox səy göstərir. Təbii ki, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasına töhfə verməsi də göz önündədir. Bu səbəbdən də hesab edirəm ki, Tramp sülh mükafatı almağa layiqdir. Üstəlik, məsələyə Azərbaycan perspektivindən yanaşsaq, Donald Trampa məlum mükafatın verilməsi doğru olar. Çünki 44 günlük Vətən müharibəsini də biz Trampın birinci prezidentlik dövründə gerçəkləşdirdik. İndi də sülh müqaviləsinin bağlanması adıçəkilən şəxsin səyi nəticəsində gerçəkləşir. Onun səyi nəticəsində Azərbaycanla Ermənistan arasında münasibətlər xeyli yumşalıb, istiləşib. Əlbəttə, belə töhfələr verən şəxsə Nobel Sülhmükafatı verilməlidir. Ümumiyyətlə, hesab edirəm ki, dövlətlər, millətlər arasında münasibətlərin normallaşmasına xidmət edən bu cür şəxsiyyətlər, prezidentlər fərqləndirilməlidir. Hələ onu da nəzərə almaq lazımdır ki, Tramp Ukrayna ilə Rusiya arasında münasibətləri normallaşdırmaq üçün çalışmaqdadır. Eyni zamanda, İsrail-Qəzza məsələsinə, üstəlik İranın təcavüzkar davranışlarına son qoymağa səy göstərir. Bütün bunlar sülhə xidmət edir. Bu baxımdan hesab edirəm ki, Donald Trampa Nobel Sülh mükafatı verilməlidir”.

Günel CƏLİLOVA

Seçilən
14
baki-xeber.com

1Mənbələr