Bizimyol saytından verilən məlumata görə, ain.az xəbər verir.
İran prezidenti Məsud Pezeşkian hökumət rəsmiləri və media nümayəndələri ilə görüşündə hicab probleminin zorla həll oluna bilməyəcəyini bildirib. Bu barədə "Azad Iran" Telegram kanalı yazıb. Pezeşkian vurğulayıb ki, nə qadınları baş örtüyü taxmağa məcbur etmək, nə də onları tərk etməyə məcbur etmək düzgün deyil. Onun fikrincə, bu məsələni mədəniyyətin təbliği yolu ilə həll etmək lazımdır. Prezident həmçinin əlavə edib ki, məscidlər mədəniyyət quruculuğu funksiyasını yerinə yetirməli, hicab məsələsi münaqişə ilə deyil, ağıl yolu ilə həll olunmalıdır.İslam dini hicab haqqında nə deyir?
İlahiyyatçı Əkrəm Həsənov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, əslində hicab məsələsinə adət-ənənə kimi baxanlar olduğu kimi ona şəriətin vacib tərkib hissəsi kimi baxanlar da var. İlahiyyatçının fikrincə, bu məsələ fərqli insanlar, inanclar, məzhəblər arasında dəyişiklik göstərir.
“İslam dinində hicab qadın üçün vacib olan bir ibadətdir və bu hökm Quranda açıq şəkildə bəyan edilib. “Nur” surəsinin 31-ci ayəsində mömin qadınlara zinətlərini, bəzənmiş yerlərini örtmələri, örtüklərini sinələrinin üstünə salmaları əmr olunur. Eyni zamanda “Əhzab” surəsinin 59-cu ayəsində Peyğəmbərə (s) mömin qadınlara söyləməsi tapşırılır ki, çarşablarını (yaxud üst geyimlərini) üzərlərinə alsınlar, bu onların tanınması və təhqir olunmaması üçün daha münasibdir”-deyən ilahiyyatçı bildirib ki, İslamda hicab yalnız baş örtüyü deyil, həm də geyim tərzi və örtünmə qaydaları ilə bağlıdır və bu məsələ ibadət hökmü olduğu üçün onu tərk etmək günah sayılır.
“İslam insanları iman və itaətə zorla deyil, maarifləndirmə, gözəl nəsihət və nümunəvi davranışla yönləndirməyi tövsiyə edir. Ona görə də hicab mövzusu həm şəriət hökmü kimi, həm də mədəniyyət və mənəviyyat məsələsi kimi dəyərləndirilməlidir”-deyən ilahiyyatçı hesab edir ki, İran prezidentinin bu addımı doğrudur, çünki insanları dini məsələlərə məcbur etmək qəti olaraq yol verilməzdir.
İradə Cəlil, Bizimyol.info
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.