AZ

Bakı sakini susuzluq barədə: "Oteldə çimməkdən bezmişəm"

BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.

Yay başlayandan bəri paytaxt Bakı və Azərbaycanın bir çox bölgələrində su qıtlığından şikayətlər eşidilir.

Paylaşımını ötürün YouTube
Google YouTube məzmununa icazə varmı?

Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

BBC ilə əlaqə saxlayan bəzi paytaxt sakinləri deyirlər ki, elə vaxt olur günlərlə su gəlmir, su veriləndə yuxarı mərtəbələrə çıxması üçün təzyiqi olmur, ya da ki, gecənin bir yarısı 15-20 dəqiqə su verirlər.

Bir paytaxt sakini çəkib BBC-yə yolladığı videoda vəziyyəti belə izah edib:

"Bura Köhnə Günəşli ərazisidir. Normalda bura 7-dən 10-a su verilirdi. Səhər-axşam. Gün ərzində ümumilikdə 6 saat. Onsuz da bu fasiləli, məhdud sudur. İndi 16 iyuldan bəri yoxdur. Yalnız son üç gündə yarım saatlıq su çıxıb. O da heç çəni doldurmağa belə kifayət etməyib".

Ölkədə su çatışmazlığı ilə bağlı şikayətləri müxtəlif sosial media platformlarında da oxumaq olar.

Bir paytaxt sakini yazır:

"Oteldə çimməkdən bezmişəm. O da baha başa gəlir".

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti bir müddət əvvəl paytaxtdakı su çatışmazlığını havanın kəskin istiləşməsi, əhali artımı və normativə cavab verməyən tikililərlə izah edib.

Qurum bildirib ki, əhalinin 70 fdən çoxu 24 saatlıq su rejimindədir, geri qalan abonentlərə isə 12, 8 və 4 saatlıq su təchizatı rejimi tətbiq edilir.

Qurum açıqlayıb ki, hazırda bir çox ərazilərin su təminatı normal rejimə qaytarılıb.

Bir istifadəçi qurumun açıqlamasına belə şərh verib:

"Deyirsiniz ki, yay çox isti keçir. Yaydır da, yayda qar yağası deyil ki. Bir də deyirsiniz ki, qanunsuz qoşulmalar var. O qanunsuz qoşulmalar olanda harda idiniz?"

Bir neçə il əvvəl Bakıda sakinlərin yaşayış binaların üstündəki su çənləri məcburi yığışdırtdırılıb. Bir sakin sual edir ki,

"Bütün əhalinin əlavə çənlərini sökdülər ki, daimi su veriləcək. Bəs, hanı su? Saat 21:00-dən sonra camaat əlini harda yusun?"

bir Qusar sakini də su tapmadıqlarından şikayətçidir:

"Bakını başa düşdük. Bəhanəniz var. Bəs, Qusarda, bəzi məhəllələrində su niyə yoxdu? Bəsdir, camaatı aldatdınız. Qaynar xəttə də zəng vurursan, deyir, təmir gedir. Deyirsən, təmir gedən ərazi hardadısa de, gedib baxaq, başlayırlar nağıl danışmağa".

Paytaxt Bakıdan başqa Sumqayıt, Xırdalan, Gəncə şəhərlərinin, Zərdab, Yardımlı, Qəbələ, Quba sakinləri də sosial mediada su çatışmazlığından şikayətlərini paylaşıblar.

Bir müddət əvvəl isə bir salyan sakini sulaya bilmədiyi üçün bostanındakı qarpızları yığıb dəyər-dəyməzinə satmağa çalışırdı.

Seçilən
16
bbc.com

1Mənbələr