AZ

Uşaqlara sevgi daşıyan insanlar... Təbəssüm yaratdılar

Sherg.az saytına istinadən ain.az xəbər verir.

22 rayon, 56 kənddə 13 min uşağa ümid və sevgi paylayıblar

  Gənc olmaq yaşla, rəqəmlə ölçülmür. Gənc olmaq bir hekayədir. İnsanlar bəzən üzlərində və əməllərində  təbəssümü unudurlar. “Həyat fanidir” deyirlər və bununla sanki həyatın üzərinə palçıq atırlar. Amma bu palçıq, uşaqlıqda məhəllədə dostlarla oynadığımız saf, təmiz palçıq deyil. Uşaqlığın palçığını yuyanda o təmizlənib gedir. İndi bəzilərimizin böyümüş palçıqlı halı uşaqlığın palçıqlı halına həsrətlə baxır. 

“Təbəssüm Yarat” adlı bir komanda var. Bu komanda ürəklərə sevgi göndərmək istəyir. İnsanların robotlaşaraq yalnız texnologiya üzərindəki əzbərləri dayandırıb, duyğuları və sevgini insanlığa göstərmək istəyir. Bu sətirlər nə nümayişkarlıqdır, nə də boş kəlmələrdir, sadəcə reallıqlarla üz-üzədir. “Təbəssüm Yarat” komandası ucqar dağ kəndlərindəki kasıb ailələrin övladlarına isti geyimlər, məktəbli çantası, ayaqqabı, bir dəftər, bir qələm və çantanın içini məktəb ləvazimatları ilə dolduraraq həmin uşaqların təhsilinə kömək edir. Bu yolda ianələr toplanılır, insanlar bizə güvənərək dəstək olurlar, ianələr tamamlanır və ucqar dağ kəndlərinə yola düşürük. “Təbəssüm Yarat” komandasının rəhbəri İbrahim bəyin hekayəsi həm maraqlı, həm də ibrətamizdir. Onun hekayəsinin əsas cümləsi budur: “Yarım qalmış hekayələr gələcəkdə çox insanın həyatını tamamlayır”.

  İbrahim bəy kənd uşağı kimi yoxsulluq içində böyüyüb. Təhsil almaq arzusu olsa da, maddi imkansızlığa görə 5-ci sinifdə təhsilini yarımçıq qoymalı olub. Kiçik yaşlarından işləməyə başlayıb. Nə qədər çətinlik görsə də, iradəsi zəifləməyib, əksinə daha da güclənib. O, insanlığı, mərhəməti düşünərək faydalı olmağa qərar verib. İbrahim bəy deyir ki, biz sadəcə ucqar dağ kəndlərindəki kasıb uşaqlara deyil, həm də kimsəsiz, fiziki məhdudiyyətli, diqqət və qayğıya ehtiyacı olan uşaqlara təbəssüm yayırıq. Və bunu heç bir təmənna olmadan, tam könüllü şəkildə edirik. İbrahim bəy bildirir ki, “Təbəssüm Yarat” komandası hətta koronavirus vaxtında  belə kasıb ailələrə ərzaq aparıb, uşaqların üzünü güldürmək üçün onlara yemək payı, oyuncaqlar da göndərib. Virusun çətinliklərinə baxmayaraq, bu işləri davam etdirmişik. Komandamız 22 rayon 56 kənddə olub. Komandamızda 30-a yaxın könüllü var. Yalnız ucqar dağ kəndlərindəki kasıb uşaqlara deyil, həm də kimsəsiz, fiziki məhdudiyyətli, xüsusi qayğıya ehtiyacı olan uşaqlara da təbəssüm bəxş edirik . Bəzən ucqar kəndlərə gedərkən havalar çox soyuq olur, dağları duman bürüyür, göz-gözü görmür, amma ürəklərin gözü bir-birimizi tapıb tanımağa kömək edir. Bəzən yolda maşınlarımız dayanır, bəzən yola çıxa bilmirik və piyada yola davam edirik. Bəzən yoldan keçən maşınlar vəziyyəti stressə çevirmədən səbirli şəkildə yolumuzu davam etməyimizə imkan verir. Bunun səbəbi səbrin əsas gücünün sevgi olmasıdır. Balacaların sevincləri göz önünə gəlir ki, köhnə ayaqqabılarını çıxarıb yenilərini geyindirəndə necə sevinirlər. Çantalarını məktəb ləvazimatları ilə dolduranda üzərlərinə böyük məsuliyyət düşür, amma yenə də çantalarını çiyinlərinə taxıb, üzləri gülə-gülə evlərinə qaçırlar. Evlərinə çatıb, çantalarının içindəkiləri düzür və məktəb üçün lazım olan əşyalarına baxırlar. Bəziləri utanır, dilləri söz tutmur, bəziləri kənara çəkilir, gizlənir, bəziləri isə sevgisini və bacarığını göstərir ki, biz uşaqların bu anlarını seyr etdikcə həyatı gözəl yaşayırıq. Komandamızdakı könüllülər və biz heç bir maddi təmənna olmadan, tam könüllü şəkildə fəaliyyət göstəririk. Könüllülərimiz deyir ki, ömrümüzün nə qədər qaldığını bilmirik, amma ən azından 8 ili boşuna yaşamamışıq. İndiyə qədər 13 min uşağa ümid və sevgi paylamışıq. Komandamızın fəaliyyəti hələ də davam edir. Ümid edirik ki, şəkillərimiz daha çox çəkiləcək. Təkcə bu günə yox, gələcək nəsillərə də nümunə olacaq. Bəzən bayramları da uşaqlarla birlikdə keçiririk. Onlara bayram sovqatı aparırıq. Bizim bayram payımız da bunları xatırlayıb yazılarımızı paylaşmaqdır.

İlahə Həbib

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
16
1
sherg.az

2Mənbələr