"Putinin taktikası peşəkar yalandır, Trampın vəziyyəti hərtərəfli bilməsi vacibdir..."
ABŞ prezidenti Donald Tramp və Rusiya lideri Vladimir Putin yaxın günlərdə Alyaskada baş tutacaq sammitə hazırlaşır Lakin onların əvvəlki şəxsi görüşləri göstərir ki, bu dialoqlar adətən Moskva üçün daha əlverişli nəticələr verir və Vaşinqtonun mövqeyində risklər yaradır.
Moderator.az xəbər verir ki, bu barədə "Financial Times" nəşri yazıb.
Nəşr qeyd edir ki, keçmiş görüşlərin izi Tramp və Putinin münasibətləri qeyri-adi, bəzən isə ziddiyyətli məqamlarla yadda qalıb. İlk rəsmi görüş 2017-ci ilin iyulunda Hamburqda G20 sammitində baş tutub. O zaman Tramp danışıqlardan sonra tərcüməçisinin qeydlərini müsadirə edib və axşam Putinə ABŞ nümayəndələri olmadan ayrıca görüş keçirib.
Bir il sonra Vyetnamda Tramp Putinin ABŞ seçkilərinə müdaxilə etmədiyi barədə bəyanatına açıq şəkildə razılıq verib. 2018-ci ildə Helsinkidə keçirilən sammitdə isə Tramp ABŞ xüsusi xidmətlərinin nəticələrinə şübhə ilə yanaşaraq, "Prezident Putin deyir ki, bu, Rusiya deyil. Mən bunun belə olmasının səbəbini görmürəm" deyib.
Alyaska sammiti Trampın Ağ Evə qayıdışından sonra onların ilk şəxsi görüşü olacaq. Analitiklər xəbərdarlıq edir ki, bu danışıqlar daha çox Putinin xeyrinə işləyə bilər. "Rand Corporation"-dan Semyuel Çarap deyir: "Bir həftədən az müddətdə irəliləyişsiz vəziyyətdən müharibəni bitirəcək sammitə keçmək mümkün deyil. Amma Tramp öz cazibəsinə və inandırma bacarığına hədsiz inanır".
"Peşəkar yalan" taktikası
Fransanın sabiq prezidenti Fransua Olland 2015-ci il Minsk danışıqlarının iştirakçısı kimi Trampa xəbərdarlıq edir: "Putinin taktikası peşəkar yalandır. Trampın vəziyyəti hərtərəfli bilməsi vacibdir". Olland Putinin danışıqlar üslubunu belə təsvir edir: "O, saatlarla davam edən tarixi ekskurslarla başlayır, sonra isə "başqa bir görüş" və ya "vasitəçilik" təklif edərək, saxta irəliləyiş görüntüsü yaradır". Alman diplomatların sözlərinə görə, Putin detalları mükəmməl bilən, amma faktları daim manipulyasiya edən ən peşəkar danışıqlarçılardan biridir.
Emosional Tramp
Almaniyanın sabiq kansleri Angela Merkel isə xatirələrində yazır ki, Tramp detallı müzakirələrə meylli deyil: "Biz Tramp ilə iki fərqli səviyyədə danışırdıq: o - emosional, mən - faktiki". Sosioloq Kirill Roqov hesab edir ki, Putin Rusiyanın yay hücumlarının uğursuzluğu və neft ixracına təzyiq səbəbindən indi danışıqlara daha çox maraq göstərə bilər. Onun fikrincə, Putin Trampı Rusiyanın mövqeyinin gerçəkdən daha güclü olduğuna inandırmağa çalışacaq, Tramp isə əsasən razılaşmanı şəxsi qələbə kimi təqdim etməyə önəm verəcək.
Alyaska sammitinin siyasi fonu
Diplomatik dairələrdə Ukrayna prezidenti Vladimir Zelenskinin mövqeyinin yumşalmasından danışılır. Kiyev döyüşlərin dayandırılması qarşılığında Rusiya tərəfindən artıq işğal olunmuş ərazilərin - Luqansk, Donetsk, Zaporojye, Xerson və Krımın faktiki nəzarətinin tanınması variantını nəzərdən keçirməyə hazır ola bilər.