AZ

Ovladığı heyvanın əti mavi çıxdı: “O əti yeməyin!”

ABŞ-nin San-Fransisko şəhərinin cənubunda vəhşi heyvanları ovlayan bir ovçu, bu il tutduğu bəzi qabanları kəsərkən gözlənilməz mənzərə ilə qarşılaşıb. Qabanların əzələ və piy toxumaları parlaq mavi rəngdə olub.

Sherg.az xəbər verir ki,  yerlı xəbər saytı "SFGate"-in məlumatına görə, ev qabanı ilə vəhşi qabanın qarışığı olan bu heyvanlar "diphacinone" adlı siçan zəhərini yedikdən sonra bu hala düşüblər.

Kaliforniya Balıq və Vəhşi Təbiət Departamenti (CDFW) apardığı araşdırmada bir qabanın mədəsində bu tünd mavi rəngli yemdən izlər tapıb. CDFW bildirir ki, gəmirici zəhərləri fərqləndirmək üçün adətən belə parlaq rənglərlə boyanır.

KSBW xəbər verir ki, sözügedən zəhərli yemlər həm rayonda, həm də yaxınlıqdakı bir çayın ətrafında geniş istifadə olunur. Monterey Rayon Parkları müdiri Brayan Flores bu mavi rəngin ovçular üçün aydın xəbərdarlıq siqnalı olduğunu vurğulayıb:

“Əgər əti kəsdiyiniz zaman toxuması mavi görünürsə, o əti yeməyin.”

Kaliforniyada "diphacinone" şəxsi istifadəyə qadağandır, yalnız kommersiya təsərrüfatı kimi xüsusi hallarda icazə verilir. İnsanlarda gəmirici zəhəri ilə bağlı zəhərlənmə halları nadir olsa da, baş verdikdə ölüm faizi yüksək olur.

Mütəxəssislər həmçinin bu zəhərin qida zəncirində yuxarı pillələrə daşındığını və daha böyük yırtıcı heyvanları təhdid etdiyini bildirirlər. Dünyanın müxtəlif bölgələrində bu maddə Kiava adasındakı vaşaklar, Cənubi Afrikadakı karakallar və Asiyadakı varan kərtənkələləri kimi növlər üçün risk yaradır.

Kaliforniyada məşhur və izlənilən P-22 adlı puma, "diphacinone" zəhərlənməsinə bağlı sağlamlıq problemləri səbəbindən məcburi olaraq yatızdırılmışdı.

Vəhşi təbiət fondları bu cür gəmirici zəhərlərinin əvəzinə alternativ üsullar tapılması üçün çağırış edirlər.

Mütəxəssislərə görə, fərdi tədbirlər arasında durğun suları aradan qaldırmaq, bayquş yuvaları yerləşdirmək və gəmiricilərə davamlı zibil qutularından istifadə etmək var.

Sənaye fəaliyyətlərində isə ekoloji cəhətdən təmiz üsullar tövsiyə olunur.
Seçilən
29
sherg.az

1Mənbələr