AZ

Radikal kəsim hibrid təhdid aləti kimi necə istifadə olunur?

Azərbaycanda keçirilən böyük beynəlxalq tədbirlərin ərəfəsində və yaxud mühüm hadisələrin astanasında, dost olmayan bəzi dövlətlər və dairələr müxtəlif istiqamətlərdən təzyiq mexanizmlərini işə salırlar. Heç uzağa getmədən yada salsaq, 2023-cü ilin dekabrında COP29-un Azərbaycanda keçirilməsi ilə bağlı qərar verilən kimi, bizə qarşı yalan və saxta məlumatlarla dolu, əlaqələndirilmiş formada informasiya əməliyyatlarına start verildi. Təbii ki, dövlətimiz bütün çətinliklərə baxmayaraq, həm tədbiri yüksək səviyyədə keçirdi, həm də qeyd edilən bütün kampaniyalara layiqincə cavab verdi. Amma məsələnin təəssüfedici tərəfi ondadır ki, belə kampaniyalarda birbaşa və ya dolayı yolla xarici güclərə xidmət edən, lakin reallıqda “hibrid təhdid aləti” kimi istifadə olunan şəxslərdən, Azərbaycan vətəndaşlarından aktiv yararlanırlar. Onlar cəmiyyətə müxalifət, müstəqil jurnalist, sülh tərəfdarı, müharibə əleyhdarı və sair adlar altında təqdim edilsələr də, əsl missiyaları vətəndaşlarımız arasında qütbləşmə yaradaraq adıçəkilən məkrli qüvvələrin strateji məqsədlərinə xidmət etməkdir.

Son müşahidələr göstərir ki, Azərbaycan və Ermənistan liderlərinin 2025-ci il iyulun 10-da Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində keçirilən görüşündən sonra dost olmayan dairələrin təlimatı əsasında həm xaricdən, həm də daxildən dezinformasiya və informasiya manipulyasiyası üzərində qurulan anti-dövlət fəaliyyəti intensiv xarakter almağa başlayıb. Bu kəsim aktivliyi artıraraq sosial media platformalarında, xarici ölkələrin 4‒5-ci dərəcəli media orqanlarında verdikləri bəzən bir cümləlik müsahibələrində Azərbaycan dövlətinin apardığı uğurlu daxili və xarici siyasəti, o cümlədən Azərbaycan xalqının tarixi qələbəsini hər vəchlə gözdən salmağa, guya xalqın əleyhinə aparılan siyasət olaraq təqdim etməyə çalışırlar. Baxın, 35 ildir ki, bir-biri ilə müharibə vəziyyətində olan iki ölkənin Vaşinqtonda əldə etdikləri nailiyyətləri dünya liderlərinin az qala hamısı alqışladığı, böyük uğur kimi qəbul etdikləri, Zirvə Görüşü ilə bağlı yalnız müsbət fikirlər səsləndirdikləri halda, xalqımıza qarşı xəyanətkar mövqe sərgiləyən bir kəsim hansı arqumenti əsaslandırmağa çalışır:

“Azərbaycan şərt irəli sürməsə və razı olsaydı, Ermənistanla avqustun 8-də sülh müqaviləsi imzalanardı”. Burada, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin əleyhinə olan şərtdən, yəni Ermənistanın konstitusiyasındakı ərazi iddiasından və yaxud AXC-Müsavat iqtidarının səriştəsiz idarəçiliyi dönəmində yaradılmış Minsk Prosesinin ləğvi istiqamətində atılan addımdan danışmaq əvəzinə (bununla bağlı Azərbaycan Prezidentinin qətiyyəti hər kəsə məlumdur) Müzəffər Ali Baş Komandanın milli maraqlara söykənən səylərini gözdən salmaq üçün müxtəlif cəhdlər edilir. Hətta müxalifətin içində sağlam düşüncəyə malik insanlara göstərdikləri obyektiv mövqeyə görə psixoloji təsirlər/təzyiqlər edilir, onların dedikləri sosial mediada geniş paylaşılır, özləri isə həmfikirləri arasında “satılıb” damğası altında hədəf halına gətirilirlər. Eyni yanaşmanı 2020-ci ilin Vətən müharibəsindən və 2023-cü ilin sentyabr anti-terror əməliyyatlarından sonra da müşahidə edirdik. Bu qüvvələr o zaman da konkret tezislər əsasında danışaraq bir ağızdan anti-milli təbliğat aparırdılar.

Maraqlıdır ki, Vaşinqtonda əldə edilmiş razılaşma məhz Azərbaycan Prezidentinin apardığı müdrik geostrateji siyasətin nəticəsində əldə edilsə də, özünü müxalifət adlandıran həmin şəxslər İlham Əliyevin adını çəkmirlər. Bunun bir səbəbi onlardakı natamamlıq kompleksi ilə bağlıdırsa, digər səbəb görünür, verilən tapşırıqda belə bir tezisin olmamasındadır. Nəyəsə görə bu çevrə Azərbaycanın Vaşinqtonda əldə etdiyi uğur ilə bağlı yalnız Ukrayna xalqına təşəkkür edir! Guya ki, Rusiya-Ukrayna müharibəsi olmasaydı, bu razılaşma baş tutmayacaqdı. Çox primitiv və məntiqsiz tezisdir! Birincisi, Rusiya-Ukrayna müharibəsinin başlamasından hələ 16 ay öncə Azərbaycan artıq böyük tarixi qələbə qazanmışdı. Digər tərəfdən, 30 il Azərbaycan torpaqlarını işğal altında saxlayan və məğlub olmasına baxmayaraq, bununla barışmaq istəməyən Ermənistanı doğru yola gətirmək o qədər də asan deyildi. Məhz Azərbaycan Prezidentinin siyasi-diplomatik səyləri, dünya liderləri ilə ardıcıl təmasları və fəaliyyətləri nəticəsində Ermənistan rəhbərliyi Azərbaycan tərəfinin məntiqli, regionun inkişafına hesablanan, iki düşmən xalq arasında etimad quruculuğuna xidmət edəcək təklifə razılıq verdi.

Yeri gəlmişkən, həmin o kəsim 2020-ci il və sonrakı dövrdə də tarixi qələbəni gözdən salmaq üçün var gücü ilə dezinformativ xarakterli məlumatları, “analitik” yazıları yayır, müsahibələr verir və tirajlayırdılar. Məqsəd bəlli idi, hibrid təhdid taktikasına uyğun olaraq, cəmiyyətdə ikitirəlik yaratmaq, insanlarda dövlətə və əbədi zəfərimizə olan inamı sarsıtmaq, qələbə ruhumuzu sındırmaq idi. Təbii ki, bu cəhdlərin hamısının qarşısı alınır, xəyanətkarların əsl məqsədləri və simaları ifşa edilir, müdrik Azərbaycan Xalqı onlara layiq olduqları yeri göstərir.

Uzun illərdir bu cür şəxslərin yalançı vədlərinə və manipulyativ fikirlərinə səmimi-qəlbdən inanan, onlara etibar edən vətəndaşlarımıza demək istərdim ki, müstəqil Azərbaycanı sevməyən qüvvələr tərəfindən idarə olunan, onların maraqlarına xidmət edən bu adamlara daha inanmasınlar. Onlardan uzaq olmağın vaxtı artıq çoxdan yetişib.

Seçilən
14
publika.az

1Mənbələr