Son günlərdə ölkənin bir neçə rayonunda qeydə alınan çaqqal hücumları əhalinin ciddi narahatlığına səbəb olub. Yırtıcı olsalar da, adətən insanlardan hürkən bu heyvanlar əvvəllər dağlıq, meşəlik, çöllük ərazilərdə müşahidə olunurdusa, indi kəndlərdə görünməyə başlayıblar. İlk olaraq havaların həddən artıq isti keçməsi, qida, su çatışmazlığı ağla gəlsə də səbəb əslində bu deyilmiş.
Mütəxəssis qənaətinə görə çaqqallar insanların deyil, əksinə insanlar onların ərazilərinə müdaxilə edirlər.
Zooloq Təvəkkül İsgəndərov Bizim.Media-ya bildirib ki, son günlərdə çaqqalların insanlara hücumlarının artmasının əsas səbəbi, insanların onların ərazisində məskunlaşmasıdır.
Ona görə də bu yırtıcılar rastlaşdıqları ilk adamlara qəzəblərini dişləməklə göstərirlər.
“Çaqqallar pusqu qurub insanları güdmür, onlara hücum çəkmirlər, sadəcə təhlükə hiss edəndə fəallaşırlar. Adətən dağlıq ərazilərdə, meşə kənarında, kolluq ərazilərdə, mağaralarda, ağac koğuşlarında, ən ağlasığmaz yerlərdə yaşayırlar.
Bəzən özləri də dərin yuva qazıb orada gizlənirlər. Yalnız axşam, xüsusilə alatoranlıqda qidalanma və nəsil vermək üçün çölə çıxırlar.
Çaqqal hər nə qədər yırtıcı heyvan olsa da, digərləri ilə müqayisədə dincdir, amma qəzəbə qarşı qəzəblə də cavab verir. Başqa sözlə desək, çaqqal əslində hücum etmir, müdafiə olunur”, - deyə o vurğulayıb.
Mütəxəssis diqqətə çatdırır ki, insan çaqqallar üçün yem olaraq və ya təmas kimi maraqlı deyil.
Hətta insandan mümkün qədər uzaq gəzərlər.
Sadəcə son vaxtlar insanlar bilərəkdən ya bilməyərəkdən çaqqalların məskən saldığı yerlərə yaxın ev tikir, təsərrüfat qurur və ya gəzintiyə çıxırlar:
“Yenə də hücum çəkəcək qədər aqressiv olmurlar, ta ki bala verənə qədər.
Bu mövsüm də balalama vaxtı olduğu üçün dişi çaqqallar insanlara və heyvanlara qarşı marıqda olurlar, təhlükəyə qarşı həssaslıqları daha da artır”.
Şəfiqə Şəfa, Bizim Media