AZ

Tramp Alyaskada Putinlə ərazi mübadiləsi aparacaq, yoxsa Ukraynanı bölüşəcək?

Alyaskada keçiriləcək görüş Ukraynanın ərazilərinin dəyişdirilməsi deyil, təsir zonalarının bölüşdürülməsi məqsədi daşıyır...

Poliqon xəbər verir ki, bunu rusiyalı siyasi analitik Vladimir Pastuxov “Alyaska anomaliyası” adlandırdığı mövzunu şərh edərkən, ABŞ senatoru Lindsi Qremin açıqlamalarının ona bütün vəziyyətin həm faciəvi, həm də gülməli tərəflərini göstərən bir bənzətmə gətirdiyini bildirib.

Pastuxov baş verənləri qədim bir lətifə ilə müqayisə edib: İtaliyadakı monastrda bir rahib qədim dini əlyazmaları yoxlayarkən, yüzilliklər boyu təkrarlanan yazı səhvini aşkar edir və həyəcanla həyətə qaçaraq qışqırır: “Bu, celibacy (evlənməmək, cinsi əlaqədən uzaq olmaq) deyil, celebrate (sevinmək, bayram etmək) imiş!”.

Siyasi şərhçi Vladimir Pastuxov hesab edir ki,, hazırda Putin-Tramp görüşü barədə mediada yayılan “ərazi mübadiləsi” xəbərləri də eyni yanlış anlaşılmanın nəticəsidir. O bildirir ki, əslində, söhbət “ərazilərin mübadiləsi”ndən deyil, “ərazilərin bölüşdürülməsi”ndən gedir. Yəni iki lider Ukraynada təsir zonalarının kimə məxsus olacağı barədə razılıq əldə etməyə çalışacaq.

“Yalta 2.0” arzusu və reallıq

Pastuxov qeyd edir ki, ilk baxışda “Ukraynanın bölüşdürülməsi” Kreml üçün tam qələbə kimi görünə bilər. Çünki Moskvanın müharibədəki əsas hədəfi yeni dünya bölgüsü idi. Kremlin illərdir arzuladığı “Yalta 2.0” — yəni iki “dünya hakimi”nin oturub açıq şəkildə “bu sənin, bu mənim” prinsipi ilə dünya xəritəsini bölməsi — indi qismən gerçəkləşir.

O vurğulayır ki, Qərbdə də bu “yaltalı” yanaşma əvvəl mövcud olub, xüsusilə 2014–2018-ci illərdə populyar idi. Lakin pandemiya və Rusiyanın aqressiyası bu ideyanı arxa plana atdı. İndi isə Trampın təşəbbüsü ilə yenidən gündəmə gəlib.

Trampın məqsədi: Putini “ucuz” yolla sakitləşdirmək

Pastuxovun fikrincə, hazırkı situasiya Putin üçün taktiki qələbə sayıla bilər, amma gözləntilər fərqlidir. Putin bütün dünya miqyasında bölgü arzulayır, Tramp isə yalnız “Ukrayna xəritəsini” bölməyi təklif edir. ABŞ lideri Putinə supergüc statusu tanımaq niyyətində deyil, sadəcə bu “israrlı oyunçudan” qurtulmaq və xərclərini minimuma endirmək istəyir.

Tramp düşünür ki, məsələ sadəcə indiyə qədər Putinə “yaxşı təklif” edilməməsindədir. O, Ukraynadan uyğun bir hissəni kəsərək Putini sakitləşdirəcəyinə ümid edir. Ancaq Pastuxov xəbərdarlıq edir ki, Putin “dərin boğaza” malikdir, yəni onu belə asanlıqla “doyuzdurmaq” mümkün deyil. Digər tərəfdən, Ukraynadan ərazi qoparmaq “canlı bədəni kəsmək” kimi olacaq və Kiyev buna şiddətlə müqavimət göstərəcək.

İki naməlum amil

Pastuxov hesab edir ki, nəticəni müəyyən edəcək iki əsas amil var:

Putinin blefinin dərəcəsi – o, nə qədər güclü görünməyə çalışır və əslində nə qədər resursu var.
Müharibəni davam etdirmə potensialı – əgər Putinin bir-iki il daha “kolonial tipli” müharibəni aparmaq gücü yoxdursa, o zaman o, ön xətt üzrə bölgü və üstəlik gözlənilməz güzəştlərə razı ola bilər.

Bu halda Alyaskada böyük sürprizlər mümkündür. Əks halda, Putin Donbasdan Ukrayna qoşunlarının çıxarılmasında israr edəcək və danışıqlar çıxılmaz vəziyyətə düşəcək. Pastuxovun fikrincə, Zelenskinin belə kompromisi qəbul etmək imkanı yoxdur.

“Fərqli finiş xətti” və Trampın tələskənliyi

Siyasi şərhçi görüşü “vaxtından əvvəl start” kimi qiymətləndirir. Onun sözlərinə görə, tərəflər hələ o həddə çatmayıblar ki, əhali hər cür şərtlə barışmağa razı olsun (1917-ci il Rusiyası və 1918-ci il Almaniyasında olduğu kimi). Buna baxmayaraq, Trampın daxili siyasi səbəblərlə tələskənliyi hiss olunur. O, müharibədən çıxmaq istəyir, amma nəticələr barədə illüziyalara qapılmır.

Pastuxov sonda qeyd edir ki, Alyaska görüşü bir neçə gün öncəyə qədər gözlənilməz idi, amma indi dünya yenidən “möcüzəyə” ümid edir.

Poliqon.info

Seçilən
3
poliqon.info

1Mənbələr