AZ

FHN-in “Konstitusiya və Suverenlik İli”nə həsr olunan tədbir keçirdi

BAKI, 12 avqust. TELEQRAF

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzində Azərbaycan Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan olunması ilə bağlı tədbir keçirilib.

Bu barədə Teleqraf-a qurumun Mətbuat xidmətindən bildirilib.

Tədbirdə FHN-in Sumqayıt Regional Mərkəzinin rəisi polkovnik Vaqif Fətullayev, Fövqəladə Hallar Nazirliyinin Regional Mərkəzlərlə işin təşkili idarəsinin şöbə müdiri Fərid Gülməmmədov, Sumqayıt Dövlət Universitetinin tarix üzrə fəlsəfə doktoru dosent Samir Kərimli, Regional Mərkəzin və FHN-in yerli qurumlarının əməkdaşları iştirak ediblər.

Azərbaycan Respublikasının Dövlət Himni ilə başlanan tədbirdə Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sumqayıt Regional Mərkəzinin rəisi polkovnik Vaqif Fətullayev və digər çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunmasının tarixi əhəmiyyətindən danışıblar. Çıxışlarda belə bir məqama toxunulub ki, Ulu Öndər Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanmış və 1995-ci il noyabrın 12-də qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyasının dövlətimizin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması, hüquqi, dünyəvi dövlət quruculuğu, vətəndaşlarımızın layiqli həyat səviyyəsinin, dünya ölkələri ilə dostluq və əmin-amanlıq şəraitində əməkdaşlığın təmin edilməsi kimi ali niyyətlərin həyata keçirilməsi üçün mühüm qanunvericilik bazası rolu oynayır.

Tədbirin sonunda “Konstitusiya və Suverenlik İli” ilə bağlı videoçarx nümayiş olunub.

Seçilən
28
1
teleqraf.com

2Mənbələr