AZ

Azərbaycan millisinin sabiq futbolçusu: “Qarabağ”ın Şimali Makedoniya klubunu keçəcəyinə inanıram - MÜSAHİBƏ

Bakı, 12 avqust, AZƏRTAC

Azərbaycan millisinin və “Neftçi”nin sabiq futbolçusu Cavid İmamverdiyev AZƏRTAC-ın suallarını cavablandırıb. Həmin müsahibəni təqdim edirik.

- "Qarabağ" bu gün UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununda Şimali Makedoniya təmsilçisi "Şkendiya" ilə qarşılaşacaq. Şansları necə dəyərləndirirsiniz?

- Çətin oyun olacaq. Amma “Qarabağ”ın qalib gələcəyinə inanıram. Artıq komanda yavaş-yavaş öz formasına düşür. Yeni gələn oyunçular da keyfiyyətlidir. Bu gün Ağdam klubundan uğurlu nəticə gözləyirəm.

- “Şkendiya” sizə tanış rəqibdir. Vaxtilə "Neftçi"nin heyətində Avropa Liqasında bu komandaya qarşı oynamısınız. Düzdür, həmin dövrdən indiyə çox şey dəyişib. Ümumi olaraq, Makedoniya futbolu haqqında nə deyə bilərsiniz?

- Şimali Makedoniya futbolu hər zaman maraqlı olub. Avropaya yaxşı oyunçular çıxarıblar. Bizim dövrümüzdəki “Şkendiya” ilə indiki arasında fərq var. Vaxtilə bu komanda ilə matçlarda çox əziyyət çəkmişdik.

- İlk matçda azarkeşlər "Qarabağ"ın böyük hesabla qalib gələcəyini düşünürdü. Lakin minimalhesablı qalibiyyət oldu...

- Artıq bütün dünya futbol oynamağı bacarır. Əvvəllər kağız üzərində favorit olan komandaların qalib gələcəyini hər kəs gözləyirdi. Lakin indi elə deyil. Hər şey meydanda həll olunur. Zəif rəqib belə sonadək döyüşür.

- “Şkendiya” bundan əvvəlki mərhələdə Rumıniyanın FKSB klubunu mübarizədən kənarlaşdırmışdı. Həmin komandaya qarşı daha aqressiv oyun sərgiləmişdi. Lakin bunu Ağdam klubu ilə ilk oyunda göstərə bilmədilər. Sizcə, səbəb nə oldu?

- Çünki “Qarabağ” zəif komanda deyil. “Şkendiya” öz səviyyəsində olan rəqiblərə rahatlıqla qalib gələ bilsə də, bunu təmsilçimizlə qarşılaşmalarda göstərə bilmir. Burada səviyyə fərqi önə çıxır. Qurban Qurbanovun kollektivi Avropada adından söz etdirməyi bacarıb. Artıq Azərbaycan çempionunun beynəlxalq arenada müəyyən imici var. Bu da çox sevindirici haldır.

- "Qarabağ"ın bu mövsüm Çempionlar Liqasının əsas mərhələsinə yüksələcəyini gözəyirsiniz?

- “Qarabağ”ın yenidən əsas mərhələyə çıxacağına inanıram. Onlar bunu artıq bir dəfə reallaşdırıblar.

- Gələcək karyeranız barədə nə düşünürsünüz?

- Bu mövsüm yenə də II Liqada çıxış edəcəyəm. Yaxın günlərdə yeni komandam bəlli olacaq.

Seçilən
7
2
azertag.az

3Mənbələr