“Azərbaycan Prezidenti İlham Əliyevin Cənubi Qafqazda həyata keçirdiyi siyasəti müdrik addımdır”.
Tribunainfo.az xəbər verir ki, bu sözləri iranlı ekspert Səhənd İranmehr “Khabar Online” saytına müsahibəsində deyib.
Onun iddiasına görə, Zəngəzur dəhlizi artıq sadəcə bir tranzit layihəsi deyil, bölgədə və ondan kənarda yerləşən aktorların maraq və mövqe savaşının bir parçasına çevrilib.
İranmehr onu da deyib ki, Azərbaycan Prezidenti bu günə qədər qarşıya qoyduğu məqsədlərinə nail ola bilib. “Azərbaycan Prezidentinin uğurlu strategiyası üç əsas amil üzərində qurulub: Birincisi, Əliyev Zəngəzur dəhlizini açıq hədəf kimi qarşısına qoydu və bu istiqamətdə ardıcıl siyasi-hərbi addımlar atdı. İkincisi, Bakı həm Türkiyə ilə dərin əməkdaşlıq qurdu, həm də digər ölkələrlə əlaqələrini möhkəmləndirərək düzgün diplomatiya yürütdü. Üçüncüsü, Zəngəzur dəhlizi regional təhlükəsizlik və nəqliyyat layihəsi kimi deyil, Asiya ilə Avropanı birləşdirən “Orta Dəhliz”in vacib hissəsi kimi təqdim olundu. Bu da daha çox beynəlxalq marağın və dəstəyin cəlb olunmasına imkan yaratdı”.
İranlı ekspert qeyd edib ki, Azərbaycan dövləti bu prosesləri uğurla idarə edir. “Zəngəzur dəhlizi həm diplomatik bacarığın, həm də milli strateji maraqların qorunması üçün real sınaq meydanına çevrilib. Dəhliz hələ tam fəaliyyətə başlamasa da, Cənubi Qafqazın geosiyasi balansında öz yerini tutub”.
Fərda Uğur