İlham Əliyev: “Azadlığa dəstək aktı”na edilən bu ədalətsiz 907-ci düzəlişdən mənim iştirakımla oval ofisdə imtina çox rəmzi məna daşıyır.
Prezident Tramp bunu başqa formada da edə bilərdi. O, bunu daha sonra da imzalaya bilərdi. Amma bunu hələ 1992-ci ilin oktyabrından bəri Konqres tərəfindən haqsız olaraq sanksiyaya məruz qalan Azərbaycanın Prezidentinin qarşısında etmək qərarına gəldi.
Azərbaycan Prezidenti İlham Əliyevin bu günlərdə Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Trampın dəvəti ilə Vaşinqtona işgüzar səfərinin gündəliyi kifayət qədər geniş əhatə dairəsinə malik olub. Səfər çərçivəsində keçirilən görüşlər, aparılan müzakirələr və imzalanan sənədlər, həmçinin Azərbaycan - ABŞ münasibətləri kontekstində yüksək dəyərləndirilir. Dövlətimizin başçısı avqustun 8-də Vaşinqtonda Azərbaycanın media nümayəndələrinə müsahibəsində səfərin nəticələrini çox yüksək qiymətləndirdiyinə xüsusi vurğu edib. “İlk növbədə, Prezident Trampın dəvəti ilə Amerikada işgüzar səfərdə olmaq, əlbəttə ki, Azərbaycan-Amerika münasibətləri üçün çox önəmli bir məsələdir”, - deyə Prezident İlham Əliyev bildirib.
Gələcək əməkdaşlığın mühüm istiqamətləri
Hazırda ABŞ-la sıx təmaslar qurmağa can atan ölkələrin sayı kifayət qədər çoxdur ki, bu da təsadüfi deyil. Amerika Birləşmiş Ştatları dünyanın əsas siyasi, iqtisadi və hərbi güc mərkəzidir, qlobal siyasəti istiqamətləndirən və mükəmməl nəticələrə nail olan dövlətdir. Deyə bilərik ki, dünya gündəliyi məhz Vaşinqtonda müəyyənləşir. Azərbaycan məhz Prezident İlham Əliyevin apardığı siyasətin, regionda yaratdığı yeni reallıqların nəticəsi olaraq ABŞ üçün önəmli bir dövlətə çevrilib. Donald Tramp tərəfindən dövlətimizin başçısına xüsusi ehtiram göstərilməsi bunu əyani şəkildə təsdiqləyir. Ağ Ev sahibi son altı ayda İlham Əliyevə münasibətdə bir neçə dəfə xoşməramlı jestlər edib. Xatırlayaq ki, D.Tramp bir qədər bundan əvvəl Prezident İlham Əliyevin III Şuşa Qlobal Media Forumundakı ?ıxışından bir parçanı özünün sosial şəbəkə hesabında paylaşıb. Bu, adi bir hadisə deyil. D.Tramp supergüc dövlətin rəhbəridir, dünyanın gözü ondadır. O isə sosial şəbəkə hesabında kiçik Azərbaycanın dövlət başçısının çıxışından bir hissəni paylaşır. Bu o anlama gəlir ki, okeanın o tayında Azərbaycan həqiqətlərinə diqqət var və bu həqiqətlər qəbul olunaraq təqdir və təşviq olunur. Həmin çıxışında dövlətimizin başçısı D.Trampı sülh Prezidenti kimi səciyyələndirib. Hazırda dünyada bir sıra müharibələrin alovlandığı bir şəraitdə ABŞ Prezidentinin sülh ritorikasından çıxış etməsi, hər yerdə müharibələri dayandırmağa çalışması diqqətəlayiq haldır. Ağ Evin yeni sahibinin sülh Prezidenti olduğuna bir daha diqqət çəkən Prezident İlham Əliyev “Təbii ki, Prezident Trampa mənim şəxsi münasibətim hər zaman çox müsbət olub və hətta keçən ilin ortalarında mənə ABŞ-dakı seçkilərlə bağlı sual verəndə, mən düşündüyümü açıq şəkildə demişdim. Demişdim ki, biz onu dəstəkləyirik. Çünki o, yəqin ki, müharibələr başlamayan yeganə Amerika prezidentidir və bu həqiqətdir. O, Azərbaycan xalqı kimi ailə dəyərlərinə önəm verən insandır. Təbii ki, bu gün mətbuat konfransında qeyd etdiyim kimi, o, bu altı ay ərzində qeyri-mümkün görünən işlər gördü: istər Afrikada, Asiyada və Cənubi Qafqazda. O, sülh gətirir və ortaya nəzərəçarpan nəticələr qoyur. Beləliklə, mən bu baxımdan bizim şəxsi münasibətlərimizi yüksək qiymətləndirirəm. Əminəm ki, növbəti illərdə bu şəxsi münasibətlər ölkələrimiz arasında dövlətlərarası əlaqələrə çox müsbət təsir göstərəcək”, - deyə bildirib.
Prezident İlham Əliyev də oxşar mövqeni bölüşür. Xatırlayaq ki, 44 günlük müharibədən sonra dövlətimizin başçısı gələcəyə baxmaq əzmini ortaya qoydu, Ermənistanla sülh prosesinə başlamaq təşəbbüsünü irəli sürdü və sonrakı mərhələdə Onun gündəlik səyləri sayəsində tənzimləmə prosesi irəlilədi və artıq məntiqi sonluğa çatmaq üzrədir.
Təəssüf ki, bundan əvvəlki administrasiya dönəmində ABŞ - Azərbaycan münasibətlərində, necə deyərlər, geridönüş baş vermişdi. Təsadüfi deyildir ki, dövlətimizin başçısı əvvəlki administrasiya dövründəki dörd ili itirilmiş illər kimi qiymətləndirib. Çünki əfsuslar olsun ki, Bayden administrasiyası zamanı Amerika-Azərbaycan əlaqələri Azərbaycan-Ermənistan əlaqələrinin girovuna çevrilmişdi. Bizim Amerika Birləşmiş Ştatları ilə əvvəlki dövrdə əldə edilmiş nailiyyətlər və potensial demək olar ki, dondurulmuş vəziyyətə salınmışdı.
Buna görə də indi Azərbaycan vaxt itirmək istəmir. Ağ Evin yeni administrasiyasının ökəmizə səmimi münasibətinin davamı olaraq Prezident İlham Əliyevin ABŞ-a işgüzar səfəri çərçivəsində Azərbaycanla ABŞ arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi istiqamətində iki ölkənin prezidentləri tərəfindən “Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumu” imzalanıb. Bunu yüksək dəyərləndirən Prezident İlham Əliyev vurğulayıb: “Deyə bilərəm ki, bu gün Amerika-Azərbaycan münasibətlərində yeni səhifə açılır: əməkdaşlıq və strateji tərəfdaşlıq səhifəsi. Əlbəttə ki, Azərbaycanın milli maraqlarının qorunması üçün Amerika Birləşmiş Ştatları ilə bu səviyyədə münasibətlərin qurulması çox önəmli məsələdir”.
Vurğulandığı kimi bu sənədin böyük əhəmiyyəti var. Sözügedən sənəddə gələcək əməkdaşlıq istiqamətləri açıq-aydın təsbit edilib. Bu sırada aşağıdakıları sadalamaq mümkündür:
-Qarşılıqlı sərmayə qoyuluşu,
- Nəqliyyat, bağlantılar, təhlükəsizlik, süni intellect sahəsində əməkdaşlıq,
-Müdafiə sənayesi və müdafiə sahələri üzrə qarşılıqlı fəaliyyətlər və s.
Bütün bunlar onu deməyə əsas verir ki, imzalanan sənəd qarşıda geniş perspektivlər açır. Artıq Prezident İlham Əliyevin göstərişi əsasında Azərbaycan tərəfini təmsil edəcək tərkib müəyyən olunub. Respublikamız bir sıra təkliflər irəli sürmək niyyətindədir və artıq müzakirələrə start verilib.
Bədnam 907-ci düzəlişin Azərbaycan Prezidentinin iştirakı ilə ləğvi rəmzi məna daşıyır
Müstəqil Azərbaycanla ABŞ arasında münasibətlərdən bəhs edərkən istər-istəməz yada həm də “Azadlığa dəstək aktı”na bədnam 907-ci düzəliş düşür. Konqres tərəfindən 1992-ci ildə qəbul edilmiş “Azadlığa dəstək aktı” qanunu sosialist sistemin dağılmasından sonra öz müstəqilliyini elan etmiş dövlətlərə ABŞ tərəfindən yardımın göstərilməsini ehtiva edib. Lakin 1992-ci ilin oktyabr ayında ABŞ-da erməni lobbisinin təsiri altında qəbul olunan “Azadlığa dəstək Aktına 907-ci düzəliş” adlı sənəd Vaşinqton-Bakı münasibətlərinin inkişafında mənfi rol oynayıb.
Prezident İlham Əliyev müsahibəsində 907-ci düzəlişin tarixinə qısa ekskurs edib, onun bədnam mahiyyətinə bir daha diqqət çəkib. O zaman təbii ki, Konqres üzvlərinin Azərbaycandan, Cənubi Qafqazda baş verənlərdən xəbəri yox idi. Onlar erməni lobbi qruplarının təsiri altına düşüb və qurban Azərbaycanı işğalçı kimi təqdim edirdilər. Beləliklə, bu düzəliş bizi həmin o illərdə çox ehtiyac duyduğumuz birbaşa Amerika yardımından məhrum etmişdir. O vaxt Azərbaycan qaçqınların sayı çox, iqtisadiyyatı isə bərbad vəziyyətdə olan kasıb ölkə idi. Nəticədə, biz sanksiyalar altında olan yeganə keçmiş Sovet İttifaqı respublikası idik. Sonra 2001-ci ildə bu sanksiyalar dayandırıldı, çünki ABŞ Hökumətinin Əfqanıstanda Azərbaycanın köməyinə ehtiyacı var idi. Biz isə çox vacib nəqliyyat yollarını, “Şimal Paylayıcı Şəbəkə” adlanan əlaqəni təmin etdik. Bu, təkcə hava uçuşları deyil, həm də quru və dəniz nəqliyyatını əhatə edirdi. Sonra hər il Amerika prezidentləri bu düzəlişin qüvvəsini dayandırırdılar, 2023-cü ilə qədər. Dayandırılmaması bizim üçün böyük şok oldu, çünki Bayden administrasiyasından belə bir yanaşma gözləmirdik. Əfqanıstanda bizə ehtiyac olmadığına görə Bayden administrasiyası bütün dünyanın gözü qarşısında Əfqanıstandan qaçdığı dövrdə buna əl atdı. Bundan sonra bizə qarşı sanksiyalar yenidən qüvvəyə mindi. Bu, yəqin ki, Azərbaycana mənfi münasibətin və nankorluğun zirvəsi idi. Əslində, bu, Bayden administrasiyası ilə onların hakimiyyətinin sonuna qədər düzəlməyən əlaqələrimizin ciddi şəkildə pisləşməsinə səbəb oldu.
İndi Azərbaycan güclü dövlətdir. İqtisadiyyatını inkişaf etdirib, ölkəmizin beynəlxalq maliyyə qurumlarının dəstəyinə heç bir ehtiyacı yoxdur, öz problemlərimizi özümüz həll edirik. Belə bir vəziyyətdə 907-ci düzəlişin dondurulmasına və “Azadlığa dəstək aktı” çərçivəsində respublikamıza ABŞ-dan yardım ünvanlanmasına bir o qədər də böyük ehtiyac yoxdur. Prezident İlham Əliyev səfər çərçivəsində 907-ci düzəlişin dayandırılmasının rəmzi məna daşıdığını bildirib. “Əlbəttə ki, “Azadlığa dəstək aktı”na edilən bu ədalətsiz 907-ci düzəlişdən mənim iştirakımla oval ofisdə imtina çox rəmzi məna daşıyır. Prezident Tramp bunu başqa formada da edə bilərdi. O, bunu daha sonra da imzalaya bilərdi. Amma bunu hələ 1992-ci ilin oktyabrından bəri Konqres tərəfindən haqsız olaraq sanksiyaya məruz qalan Azərbaycanın Prezidentinin qarşısında etmək qərarına gəldi”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Mübariz ABDULLAYEV