AZ

Zəngəzur dəhlizi Gürcüstan yolunu lazımsız edəcək - İDDİA

İqtisadçıya görə, yükdaşımaların həcmi azala bilər, lakin...

"Gürcüstan üçün ən pis geosiyasi fəlakət reallaşmaq üzrədir". Bunu Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili deyib (Teleqraf).

Sabiq prezident bildirib ki, onun hakimiyyəti dövründə demokratik Gürcüstan xarici investisiyalar üçün cəlbedici olmuşdu: "Mənim vaxtımda qurulan geniş beynəlxalq əlaqələr və sürətli Avroatlantik inteqrasiyanın başlanması da bizi gücləndirmişdi. Bunlar təhlükəsizliyimizin qarantı idi, tranzit funksiyamızı və xüsusilə demokratik sistemimizi qorumaq üçün Buş 2008-ci ildə 6-cı donanmanı göndərmişdi.

Lakin İvanişvili gürcü demokratiyasını məhv etdi, Gürcüstanı əsas müttəfiqlərindən təcrid etdi və indi bütün bunlara görə biz tranzit qovşağı funksiyasını itiririk. Amerikanın Zəngəzur dəhlizini 100 il müddətinə icarəyə götürdüyü ABŞ-Azərbaycan-Ermənistan beynəlxalq müqaviləsinin imzalanması bu dəfə Gürcüstan, İran və Rusiyadan yan keçməklə Avropadan Çinə yeni tranzit dəhlizi açır. Bəli, məhz İran və Rusiya ilə birlikdə tam geosiyasi təcridlə üz-üzəyik. Bu o deməkdir ki, "Qırmızı körpü"də (Gürcüstan-Azərbaycan sərhədi) "dəmir pərdə" enir, Moskva və Tehranla birlikdə uçuruma yuvarlanırıq".

Saakaşvili iddia edib ki, Laziki limanı layihəsi Gürcüstanın mövcud limanları kimi öz mənasını itirir, ölkə əhalisi isə sürətlə yoxsullaşır: "Amerika və Avropa ilə strateji müttəfiqliyin kəsilməsi bizi bu yerə gətirib çıxardı. Bütün bunların avqust müharibəsinin ildönümündə baş verməsi necə də ironikdir".

Saakaşvili haqlıdırmı? Doğrudanmı Zəngəzur dəhlizi Gürcüstan yolunu səmərəsiz hala gətirəcək? Belə çıxır, Bakı Tiflisə pislik edir? Dəhliz açıldıqdan sora Gürcüstan marşrutunun önəmi nə olacaq?

Məlum olduğu kimi, Zəngəzur dəhlizi Bakı ilə Naxçıvan arasında birbaşa əlaqə yaradır və Azərbaycanla Ermənistan arasında iqtisadi əməkdaşlığı inkişaf etdirməyi, eyni zamanda regionda yeni tranzit imkanları yaratmağı nəzərdə tutur. Ekspertlər qeyd edir ki, bu, Gürcüstanın mövcud tranzit marşrutlarının sıradan çıxması anlamına gəlmir. Yəni Gürcüstan coğrafi mövqeyi, infrastruktur investisiyaları və uzun illər ərzində formalaşmış beynəlxalq əlaqələri sayəsində hələ də Cənubi Qafqazın və regionun mühüm tranzit ölkəsi olaraq qalır. Bakı-Tiflis-Qars dəmir yolu hələ də Avropa ilə Asiya arasında yüklərin daşınmasında əsas marşrutlardan biridir və bu yolun alternativləri olmaqla yanaşı, tamamlayıcı xarakter daşıması daha realdır.

Dünyadakı təcrübələr də onu göstərir ki, tranzit və nəqliyyat marşrutları çox vaxt bir-birini tamamilə əvəz etmir, əksinə, müxtəlif alternativlər eyni vaxtda mövcud olur və bir-birini tamamlayır. Bu, nəqliyyat təhlükəsizliyini artırır, riskləri azaldır və regional ölkələr üçün əlavə iqtisadi imkanlar yaradır.

Natiq

Natiq Cəfərli

Olaylar.az xəbər verir ki, mövzu ilə bağlı iqtisadçı ekspert Natiq Cəfərli "Yeni Müsavat"a danışıb. Ekspert qeyd edib ki, Saakaşvilinin fikirlərinə istinad edərkən onun siyasi kontekstini də nəzərə almaq vacibdir: "Çünki Saakaşvili və onun partiyası hazırkı Gürcüstan hökumətinin rəqibidir. Müxalifətdə olan şəxsin rəqibinə qarşı daha kəskin və sərt bəyanatlar verməsi, həmçinin emosional danışması təbii və normaldır.

Lakin düşünmürəm ki, Zəngəzur dəhlizi açıldıqdan sonra Gürcüstanla bağlı ciddi problemlər yaşanacaq. Çünki bu marşrutların hər birinin önəmi fərqlidir və bir-birini tamamlaması daha məqsədəuyğundur. Məsələn, bəzi bölgələrdə Bakı-Tiflis-Qars dəmir yolu vasitəsilə yüklərin daşınması daha önəmli və sərfəlidir. Hətta avtomobil yolları ilə yük daşınması da əlverişlidir. Məsələn, Qara dəniz üzərindən Trabzon və Hopa limanlarından Türkiyə məhsullarının Azərbaycan üzərindən Orta Asiyaya daşınması daha sərfəlidir.

Yəni Bakı-Tiflis-Qars və Gürcüstan üzərindən keçən digər koridorların tamamilə lazımsız hala gələcəyini düşünmürəm. Əksinə, hesab edirəm ki, bir-birini tamamlayan alternativ marşrutların olması daha yaxşıdır".

İqtisadçı qeyd edib ki, müəyyən dərəcədə Gürcüstan üzərindən yükdaşımaların həcmi azala bilər, bu mümkündür, lakin bu o demək deyil ki, Gürcüstan yolu tamamilə sıradan çıxacaq: "Hətta Gürcüstan hökumətinin də belə bir narahatlığı var. Azərbaycan, Gürcüstan və Qazaxıstan bu məsələ ilə bağlı danışıqlar aparıb, birgə operator təsis ediblər. Bu operator vasitəsilə yüklərin həm Bakı-Tiflis-Qars, həm də Zəngəzur dəhlizi vasitəsilə daşınması mümkün olacaq.

Əksinə, Gürcüstan üçün də əlavə fürsətlər və imkanlar yaranır. Azərbaycan-Gürcüstan nəqliyyat sahəsində əməkdaşlıq genişlənir və birgə layihələr həyata keçirilir. Heç də təsadüfi deyil ki, Azərbaycanın Gürcüstan infrastrukturuna böyük həcmdə yatırımları var. Bakı-Tiflis-Qars dəmir yolunu Azərbaycan investisiyası ilə inşa edib və Qara dəniz sahilində limanların qurulmasında da Azərbaycan sərmayəsi iştirak edir. Ona görə də Azərbaycan üçün də sərfəlidir ki, Gürcüstan üzərindən keçən yollar işlək vəziyyətdə olsun və əlavə dividentlər qazandırmaq mümkün olsun".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
3
olaylar.az

1Mənbələr