Təyyarə park edilmiş təyyarəyə çırpıldı
Ajans.az ABŞ Federal Aviasiya Administrasiyası (FAA) və Kalispell polisinə istinadən xəbər verir ki,dörd nəfərin olduğu tək mühərrikli təyyarə yerli vaxtla saat 14:00 radələrində eniş edərkən idarəetməni itirib. Təyyarə əvvəlcə uçuş-enmə zolağına, daha sonra isə park edilmiş bir neçə təyyarəyə çırpılıb. Zərbədən sonra bir neçə təyyarə və ətrafdakı otlu ərazi yanıb. Yanğın qısa müddətdə söndürülüb. Kalispell Yanğınsöndürmə İdarəsinin rəisi Cey Hagen bildirib ki, sərnişinlər təyyarə dayandıqdan dərhal sonra özləri çıxa biliblər. İki nəfər yüngül xəsarət alıb və onlara hadisə yerində tibbi yardım göstərilib. Hadisə şahidlərindən Ron Danielson, yaxınlıqdakı mehmanxananı idarə etdiyini və qəzanın səsini eşidib, tüstünü gördüyünü deyib. FAA-nın məlumatına görə, qəza Vaşinqton ştatının Pullman şəhərindən havaya qalxmış Socata TBM 700 turboprop tipli təyyarə ilə baş verib. 2011-ci ildə istehsal olunmuş təyyarə Meter Sky MMC şirkətinə məxsusdur. Şirkət nümayəndələri məsələ ilə bağlı şərh verməyiblər. Aviasiya təhlükəsizliyi məsləhətçisi Jeff Guzzetti qeyd edib ki, park edilmiş təyyarələrə çırpılma halları ümumi aviasiyada ildə bir neçə dəfə baş verir. Xatırladaq ki, bu ilin fevral ayında ABŞ-ın Arizona ştatında oxşar hadisə baş vermişdi: Motley Crue qrupunun müğənnisi Vince Neil-ə məxsus Learjet təyyarəsi uçuş-enmə zolağından çıxaraq park edilmiş Gulfstream təyyarəsinə çırpılmış, nəticədə bir nəfər həlak olmuşdu.