Gəncə Apellyasiya Məhkəməsində yol qəzası törətməkdə təqsirləndirilən Tariyel Nəbizadənin (adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Faiq Mahmudovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, apellyasiya şikayəti qismən təmin edilib, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib, onun 5 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasının həddi əsas cəzaya aid hissədə azaldılaraq 5 il müddətə endirilib. Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.
İttihama görə, hadisə 23 noyabr 2024-cü il tarixdə, təxminən saat 18:45 radələrində Bakı-Qazax-Gürcüstan sərhədi yolunun Qazax rayonu, Ağköynək kəndi ərazisindən keçən 472-ci kilometrliyində qeydə alınıb.
Belə ki, Tariyel Nəbizadə sürücülük vəsiqəsi olmadan idarə etdiyi “VAZ-2107” markalı avtomobili Qırmızı-Körpü istiqamətində hərəkət etdirərkən piyada F.Mustafayevi vuraraq öldürüb.
Hadisədən sonra Tariyel Nəbizadə saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.
Kamal Məmmədov