AZ

ABŞ-da “US Steel” zavodunda güclü partlayış: Ölən və yaralananlar var...

Pensilvaniyada baş verən faciə nəticəsində bir nəfər həyatını itirib, onlarla insan xəsarət alıb...

Poliqon xəbər verir ki, ABŞ-ın Pensilvaniya ştatının Klerton şəhərində yerləşən “US Steel” şirkətinə məxsus Clairton Coke Works koks-kimya zavodunda 11 avqust tarixində güclü partlayış baş verib. Hadisə nəticəsində bir nəfər ölüb, on nəfər xəsarət alıb, bir işçi isə itkin düşüb.

Partlayış yerli vaxtla saat 10:51-də qeydə alınıb. Hadisə zamanı zavod ərazisindən qalxan qara tüstü şəhərin müxtəlif hissələrindən görünürdü. Partlayışdan sonra başlayan güclü yanğın nəticəsində zavodun iki koks batareyası ciddi ziyan görüb.

Hadisə yerinə dərhal xilasedici xidmətlər, yanğınsöndürənlər və təcili tibbi yardım briqadaları cəlb olunub. Xəsarət alanlardan biri dağıntılar altından bir neçə saat sonra çıxarılıb. Yaralıların yeddisi Allegheny Health Network-a, üçü isə UPMC Mercy xəstəxanasına yerləşdirilib. Onların vəziyyəti barədə hələlik məlumat verilməyib.

Clairton Coke Works zavodu Şimali Amerikanın ən böyük koks-kimya müəssisəsi hesab olunur və burada kömürün qızdırılması yolu ilə koks yanacağı istehsal olunur. Bu proses zamanı toksik qazların ayrılması baş verir. Zavodda əvvəllər də oxşar hadisələr baş verib və ekoloji normaların pozulmasına görə cərimələr tətbiq olunub.

Rəsmi məlumatlara görə, hava keyfiyyəti monitorları normadan artıq çirklənmə qeydə almayıb. Lakin yerli hakimiyyət orqanları əhaliyə evdə qalmağı, pəncərə və qapıları bağlamağı, açıq havada fiziki aktivlikdən çəkinməyi tövsiyə edib.

Pensilvaniya qubernatoru Coş Şapiro hadisə qurbanlarının ailələrinə başsağlığı verib və partlayışın səbəblərinin hərtərəfli araşdırılacağını bildirib. Şirkət rəhbərliyi və yerli orqanlar zərərçəkmişlərə bütün lazımi yardımların göstəriləcəyini vəd ediblər.

Poliqon.info

Seçilən
51
poliqon.info

1Mənbələr