Kartofçuluq Tovuz rayonunda ənənəvi sahələrdən biridir və rayonun iqtisadi potensialının əsas hissəsini təşkil edir. Son illər rayonda kartofçuluğun inkişafı istiqamətində mühüm addımlar atılır. Fermerlər bütün vasitələrdən istifadə etməklə bu gəlirli ərzaq məhsulunun istehsalını artırmaq, əhalinin tələbatını ödəmək istiqamətində əllərindən gələni əsirgəmirlər.
Bunun sayəsində keçən il rayon üzrə hər hektardan 295,6 sentner məhsul götürülərək ümumilikdə 164 min tondan çox məhsul istehsal edilmişdir. Təsərrüfat sahibləri bu il daha çox kartof istehsal etmək üçün bütün imkanları səfərbərliyə alıblar. 4492 hektarda kartof səpini aparan əkinçilər hazırda yığımla məşğuldurlar. Bu günə qədər 4126 hektarın məhsulu yığılmışdır. İlkin göstəricilər onu deməyə əsas verir ki, bu il məhsuldarlıq ötən ildəkindən çox olacaq. Hələlik bu göstərici 301,9 sentnerdir. Qeyd edək ki, kartof yığımına 6 min nəfərdən çox mövsümi işçi cəlb olunmuşdur. Hər bir işçinin orta hesabla günlük gəliri 20-23 manatdır.
Rayonda elə bir kənd yoxdur ki, orada kartof əkilməsin. Əyyublu, Alakol, Düz Qırıqlı, Dönük Qırıqlı, Qovlar, Çatax, Kirən, Qəribli, Yanıqlı və digər kəndlərdə əsasən xarici sortlar olan "Orkestra", "Arizona", "Anna Karaleva", "Aqriya", "Agila", yerli sortlardan isə "Telman", "Əmiri-600", "Vaqif", "Çənlibel", "Uğur", "Turan" əkilir.
Tovuz Aqrar İnkişaf Mərkəzinin direktoru Emin Eyvazovla söhbət zamanı məlum oldu ki, istehsal olunan məhsulun saxlanması üçün də lazımi şərait var. Hazırda rayonda 40-a yaxın soyuducu anbar fəaliyyət göstərir və kartof istehsalçıları bu anbarların gücündən maksimum istifadə etməyə çalışırlar. Onlar hər il yetişdirdikləri kartofu bu anbarlara yığıb saxlayır, qış mövsümündə həm əhalinin kartofla təminatını həyata keçirir, həm də daha çox qazanc əldə edirlər.
Hazırda Tovuzda kartof əkini ilə məşğul olan və yığılmış kartofu saxlamaq üçün öz soyuducusu olan fermerlər çoxdur. Düz Cırdaxan kəndindən olan fermer Kamal Ələsgərovun 3, Əyyublu kəndindən olan fermerlərdən Nəsrəddin Aslanovun 2 tonluq, Şəhadət Mehralıyevin 400, Elxan Hüseynovun 600 kiloqramlıq soyuducu anbarları var. Onlar bu anbarlarda saxladıqları məhsulu növbəti məhsul yığımınadək saxlaya bilirlər.
Tovuz Aqrokompleks MMC-nin isə soyuducu anbarı 10 min tonluqdur. Şirkətdə hər il 32,6 hektarda "Silvana" və "Arizona" sortlu kartof əkilir. Bundan başqa, "Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi" MMC hər il 92,8, Aqrokimya MMC 43,9 hektarda əkdikləri kartofdan xeyli qazanc götürürlər. Ümumiyyətlə, rayonda kartofçuluğun inkişafına böyük diqqət yetirilir. Bu işdə rayonda fəaliyyət göstərən fiziki şəxslər də fəallıq göstərirlər. Onlardan Bozalqanlı kəndindən Ədalət Məhərrəmov 15, Dönük Qırıqlı kəndindən Ziyad İsgəndərov 23, Qovlar şəhəri ərazisində 21, Düz Qırıqlı kəndindən Nazilə İmamverdiyeva 14 hektarda kartof əkib becərirlər.
Rayonda ən çox karof əkən fermerlərdən biri də Bozalqanlı kənd sakini Kamal Ələkbərovdur. Təxminən hər il 100 hektarda kartof əkən təsərrüfat sahibi mövsüm ərzində 200 nəfəri işlə təmin edir. Onun əkin sahələri müasir çiləyici aqreqatlarla təmin olunub. Bundan başqa, 3 tonluq soyuducu anbar da inşa etdirib.
Onu da qeyd edək ki, əvvəlki illərdən fərqli olaraq bu il rayonda kartofun çıxarılması əsasən texnikanın vasitəsilə həyata keçirilir. Əl əməyinin azaldılması isə məhsulun maya dəyərini aşağı salır.
Sabir ƏLİYEV,
"Azərbaycan"