Pekin Qərbi daxili işlərinə qarışmamağa çağırıb...
Poliqon xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Lin Cian bəyan edib ki, Pekin “Yeddilər qrupu” (G7) üzvlərinin Honkonq Xüsusi İnzibati Rayonunun hüquq-mühafizə fəaliyyətinə dair məsuliyyətsiz açıqlamalarına qarşı narazılıq bildirir və buna qəti şəkildə etiraz edib.
Xatırladaq ki, G7-nin Sürətli Reaksiya Mexanizmi üzvləri Honkonq polisinin xaricdəki bəzi şəxslərə, guya “Honkonq parlamenti” adlı qurumun qanunsuz seçki tədbirlərində iştiraka görə həbs orderləri verməsini “transsərhəd repressiya” adlandıraraq tənqid etmişdi.
“Biz aidiyyəti ölkələri və təşkilatları anti-çin fitnəkarlarını dəstəkləməkdən və Çinin daxili işlərinə qarışmaqdan əl çəkməyə çağırırıq”, deyə Lin Cian “Sinxua” agentliyinə bildirib.
XİN nümayəndəsi vurğulayıb ki, polis tərəfindən görülən tədbirlər Çin Xalq Respublikasının Milli Təhlükəsizliyin Qorunması Qanununa, Honkonqda Milli Təhlükəsizliyin Qorunması Qaydalarına, həmçinin beynəlxalq hüquqa və ümumi qəbul olunmuş təcrübəyə tam uyğundur. Onun sözlərinə görə, “transsərhəd repressiya” ittihamlarının əsası yoxdur və bu fikirləri səsləndirənlər riyakarlıq nümayiş etdirərək ikili standartlar tətbiq edirlər.
Poliqon.info