Avropa İttifaqının (Aİ) Ermənistandakı müşahidə missiyasının (EUMA) birtərəflı fəaliyyəti Azərbaycan ictimaiyyəti və rəsmi dairələrinin ciddi narazılığına səbəb olub. Bu missiya sülhə real töhfə vermək əvəzinə, regionda etimad mühitini zədələyən, birtərəfli mövqe nümayiş etdirən vasitəyə çevrilib. Halbuki sülh prosesinə həqiqi və konstruktiv dəstək göstərmək istəyən hər bir beynəlxalq aktor regionun daxili dinamizmini, real təhlükəsizlik ehtiyaclarını və iştirakçı ölkələrin suveren qərarlarını nəzərə almalıdır. Xarici müdaxilələrin deyil, daxili siyasi iradənin ön planda olduğu yeni mərhələdə bu cür missiyalara ehtiyac qalmır. Regionun gələcəyi artıq buradakı ölkələrin öz əllərindədir və dayanıqlı sülh də məhz yerli təşəbbüslər üzərində qurulmalıdır. Bu kontekstdə Avropa İttifaqının Ermənistandakı müşahidə missiyası artıq öz aktuallığını itirib. Missiyanın fəaliyyəti nə region ölkələrinin maraqlarına cavab verir, nə də sülh prosesinə töhfə verir. Əksinə, onun mövcudluğu bəzi hallarda gərginliyi artırır, qarşılıqlı etimada əsaslanan dialoqa kölgə salır. Xüsusilə də Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın iştirakı ilə imzalanmış Birgə Bəyannamə fonunda regionda tamamilə yeni diplomatik mühit formalaşır. Bu reallıqlar daxilində Aİ-nin birtərəfli və siyasi maraqlarla yönəldilən missiyası nəinki gərəksiz, hətta prosesə mane olan faktora çevrilib. Bu səbəbdən missiyanın mandatının uzadılması və genişləndirilməsi sülhə deyil, siyasi təsir imkanlarının qorunmasına xidmət edir. Halbuki bu mərhələdə sülh yalnız region dövlətlərinin iradəsi və qarşılıqlı əməkdaşlıq prinsipləri ilə mümkündür.
Hər zaman Azərbaycan rəsmiləri və yerli media bu missiyanın sülh prosesinə töhfə vermək əvəzinə bölgədə gərginliyi artırdığını və Azərbaycanın maraqlarına zidd hərəkət etdiyini bildirirlər. Prezident İlham Əliyev Aİ missiyasının müddətinin uzadılmasının və tərkibinin genişləndirilməsinin Azərbaycanın razılığı olmadan həyata keçirildiyini qeyd edərək, bu addımın etimadı sarsıtdığını vurğulayıb. O, missiyanın fəaliyyətini "binokl diplomatiyası" adlandıraraq, onların davranışının siyasi mədəniyyət standartlarına uyğun olmadığını bildirib.
Azərbaycan Xarici İşlər Nazirliyi də Aİ-nin Ermənistandakı missiyasının fəaliyyətinə etiraz edərək, missiyanın ilkin razılaşdırılmış iki aylıq müddətdən sonra Azərbaycanın razılığı olmadan əhəmiyyətli dərəcədə uzadıldığını və daha çox müşahidəçi ilə genişləndirildiyini bəyan edib. Göründüyü kimi, Aİ-nin Ermənistandakı müşahidə missiyası əslində kəşfiyyat xarakteri daşıyır və Azərbaycanın razılığı olmadan fəaliyyət göstərir. Bu üzdəniraq missiya fəaliyyəti dövründə sülh prosesinə ancaq zərbə vurmaqla məşğul olub. Bölgədə sülh və sabitliyin təmininə deyil, əksinə, gərginliyin artırılmasına xidmət edib.
Nəticə etibarilə, Azərbaycan Aİ-nin Ermənistandakı müşahidə missiyasının fəaliyyətini sülh prosesinə maneə kimi qiymətləndirir və bu missiyanın fəaliyyətinə son qoyulmasının zəruriliyini vurğulayır.
Avropa İttifaqı nə qədər çalışsa da bölgədə formalaşmış reallıqları dəyişə bilməyəcək. Çünki geosiyasi proseslər onların istədiyi istiqamətdə inkişaf etmir. Bu regionda artıq yeni balanslar, yeni münasibətlər və yeni güc mərkəzləri yaranır.
Avropa İttifaqının Ermənistandakı müşahidə missiyası əslində Fransa Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə həyata keçirilən siyasi layihə idi. Bu missiyanın əsas məqsədi Aİ və ümumilikdə Qərbin Ermənistanda hərbi və siyasi mövcudluğunu gücləndirmək, bölgədə kəşfiyyat fəaliyyətləri aparmaq və Azərbaycan-Ermənistan münasibətlərini gərgin saxlamaqdan ibarət olub. Ancaq bu gün artıq regionda yeni reallıqlar formalaşıb. Həm Azərbaycan, həm də Ermənistan sülh gündəliyini qəbul edib və bu istiqamətdə konkret addımlar atılır. Belə bir şəraitdə Aİ missiyasının bölgədə fəaliyyəti nə əsaslandırıla, nə də zəruri hesab oluna bilər. Əksinə, bu missiyanın davam etdirilməsi sülh prosesinə müdaxilə və regiondakı sabitliyi pozmaq cəhdi kimi qiymətləndirilir. Ona görə də Aİ missiyası fəaliyyətini dayandırmalı və bu mərhələdə regiondan çəkilməlidir.
Regionda sülh və sabitliyin bərqərar olunması istiqamətində əsas dönüş nöqtəsi ABŞ-da Prezident Donald Trampın iştirakı ilə keçirilən tarixi görüş oldu. Bu görüşün nəticəsində imzalanan Birgə Bəyannamə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesini yeni mərhələyə keçirdi. Sənədin mahiyyəti ondan ibarətdir ki, artıq tərəflər siyasi iradə ortaya qoyur, real və qarşılıqlı qəbul edilə biləcək formatda sülhə yaxınlaşırlar.
Bu şəraitdə Avropa İttifaqının Ermənistandakı müşahidə missiyası kimi təşəbbüslər arxaik və ziddiyyətli görünür. Trampın vasitəçiliyi ilə əldə olunan razılaşma göstərdi ki, effektiv vasitəçilik neytral yanaşma və reallıqlara əsaslanmalıdır. Missiyaların və xarici təsirlərin məqsədi sülhü təşviq etməkdirsə, bu, yalnız prosesin iştirakçılarının suveren qərarlarına hörmət göstərilməklə mümkündür. Beləliklə, regionda yeni əməkdaşlıq mühiti formalaşarkən, destruktiv və siyasi maraqlara hesablanmış təşəbbüslərə yer qalmır.
Şəmsiyyə Əliqızı, “İki sahil”