AZ

Braziliya ABŞ-nin tarif tədbirləri ilə bağlı ÜTT-yə şikayət edib

Braziliya hökuməti ABŞ-nin ölkədən idxal edilən mallara tətbiq etdiyi rüsumlarla bağlı Ümumdünya Ticarət Təşkilatına (ÜTT) şikayət edib.

“Report” xəbər verir ki, bu barədə ÜTT-nin saytında yerləşdirilən məlumatda deyilir.

“Braziliya ÜTT-dən ABŞ-nin bütün Braziliya məhsullarına 10 %, Braziliyadan idxal edilən bəzi məhsullara isə əlavə 40 % rüsum tətbiq edən tarif tədbirləri ilə əlaqədar ABŞ ilə məsləhətləşmələr aparmağı xahiş edib”, - sənəddə bildirilir.

ÜTT-nin müəyyən etdiyi prosedurlara uyğun olaraq, münaqişə tərəflərinə yaranmış fikir ayrılıqlarını müzakirə etmək və qənaətbəxş həll yolu tapmaq üçün 60 gün vaxt verilir. Onlar kompromis əldə edə bilməsələr, Braziliya əsas vəzifəsi mübahisənin həlli üçün tövsiyələrin yer aldığı hesabat hazırlamaq olan ekspert komissiyasının çağırılmasını tələb edə bilər. ÜTT-nin məlumatına görə, bu tövsiyələr məcburi olmasa da, təşkilata üzv olan ölkələr adətən onları yerinə yetirir. Hesabat hazırlamaq üçün orta vaxt təxminən bir ildir.

Xatırladaq ki, ABŞ avqust ayında bir sıra Braziliya mallarına, o cümlədən ət və qəhvə məhsullarına 50 % rüsum tətbiq edib. Braziliya lideri Luis İnasiu Lula da Silva “güzgü cavabı” vəd etsə də, sonradan vitse-prezidentin başçılıq etdiyi ölkənin nümayəndə heyətinin danışıqlar yolu ilə rüsumların yenidən nəzərdən keçirilməsinə nail ola biləcəyinə ümid etdiyini bildirib.

Seçilən
97
11
report.az

10Mənbələr