AZ

Rus bölməsinin ləğvi mərhələli olmalıdır EKSPERT

Sherg.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Azər Həsrət: “Rus bölməsi yalnız rus millətindən olan uşaqlar üçün qalmalıdır”

 Bəzi ali məktəblərdə rus dili bölməsinə ixtisas seçimi aparılmayacağı barədə xəbərlər təsdiqini tapmayıb. Dövlət İmtahan Mərkəzinin məlumatında bildirilir ki, 2025-2026-cı tədris ili üçün rus sektoruna ixtisas seçimi aparılacaq: "Rus sektoru üzrə ixtisas seçiminə dair elanlar həmişə olduğu kimi, ayrıca jurnalda çap olunacaq".

Siyasi şərhçi Azər Həsrət Sherg.az-a açıqlamasında qeyd etdi ki, ali məktəblərdə rus dili bölməsinə tələbə qəbulunun dayandırılması üçün əvvəlcə orta məktəblərdə rus bölməsinə qəbul dayandırılmalıdır. Bu, baş vermirsə və hər il rus bölməsindən də buraxılış sinifləri olursa, təbii ki, ali məktəblərin rus bölməsinə də qəbul aparılması zəruri hal alır: 

- Əlbəttə, rus dilində təhsil alanlar varsa, məntiqlə, onların ali təhsillərini davam etdirməsi üçün də şərait yaradılmalıdır. Bunu biz həmişə demişik ki, rusdilli təhsil bir fərmanla, birbaşa ləğv edilə bilməz. Təbii bunu etmək çətindir. Zərərlidir. Bu, rus dilində təhsil almış insanlarımız, gənclərimiz üçün də ziyanlı ola bilər. Təklif budur ki, məsələ mərhələli şəkildə həll edilsin. Birincisi, hazırda bu işi kökündən həll etmək üçün orta məktəblərdə ibtidai siniflərin rus dili bölməsinə qəbul dayandırılmalı, yalnız rus millətindən olan uşaqların qəbulu aparılmalıdır. Azərbaycanlılar üçünsə rus bölməsində təhsil yasaqlanmalıdır. Ümumiyyətlə, milli məsələlərdə vətəndaş duyarlılığı olmalıdır. Qanun var, yoxdur, bu başqa məsələ. Vətəndaş kimi biz də mövqe ortaya qoymalıyıq. Bəzi məsələlərin həllində biz vətəndaş olaraq dövlətə kömək etməliyik. Vətəndaş düşünməlidir, “niyə uşağımı işğalçının dilində oxuduram?!”. Göndərməsin rus bölməsinə. Göndərsin övladını milli məktəblərə. Bəzi vətəndaşlarımızda biveclik var. Saymazlıq var. Müstəqilliyin qədrini bilməzlik var. Bu qədər qan tökmüşük, can vermişik, şəhidlərimiz var. Azərbaycan dövləti milyardlarla dollar itkiyə məruz qalıb. Olmazın əziyyətlər çəkmişik. Amma bir kəsim vətəndaş var ki, bütün bunları vecinə almadan yaşadığımız tarixi faciələri görməzdən gələrək, hələ də uşağını işğalçının dilində oxudur. Bizim özümüzdə də milli təəssübkeşlik olmalıdır. Rus bölməsinin ləğvi üçün eyni zamanda dövlət də üzərinə düşəni yerinə yetirərək gərəkli addımları mərhələli şəkildə atmalıdır.  

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
14
17
sherg.az

10Mənbələr