İşbazlar da satışa külli miqdarda məktəbli formaları çıxarır
Məktəbli formaları ucuzlaşıb. Bakı Tikiş Evinin məlumatında bildirilir ki, BTE-nin istehsal etdiyi məktəbli formaları endirimli qiymətlərlə təklif olunur. Bu barədə Bakı Tikiş Evi satış şöbəsinin müdiri Etibar Əzimov bildirib. E.Əzimov qeyd edib ki, artıq valideynlər forma alışını daha sərfəli qiymətlərlə həyata keçirə bilər. Qısaqol köynəklərin qiyməti 12 manatdan 8 manata, uzunqol köynəklər 12 manatdan 10 manata, şalvar və ətəklər 20 manatdan 15 manata, jaketlər isə əvvəlki 30 manat əvəzinə 20 manata təklif olunur:
“Bütün geyimlər Bakı Tikiş Evinin rəsmi satış mərkəzlərində təqdim olunur. Valideynlər internet üzərindən özlərinə yaxın satış məntəqələrini müəyyən edərək məktəbli formalarını rahat şəkildə əldə edə bilərlər. Satılan bütün formalar 1 il zəmanətlə təklif olunur”. E.Əzimov həmçinin söyləyib ki, Nazirlər Kabinetinin qərarına əsasən, məktəbli köynəkləri 100 faiz pambıqdan hazırlanıb: “Köynəklər üçün nəzərdə tutulmuş parça Özbəkistandan, digər geyimlərin materialları isə Türkiyə və Belarusdan gətirilir. Məhsullar sertifikatlıdır və keyfiyyətinə tam zəmanət verilir. Valideynlərə xəbərdarlıq edirik ki, mənşəyi məlum olmayan, sertifikatsız və təsadüfi satış mərkəzlərindən məktəbli forması almasınlar. Belə geyimlər uşaqlar üçün sağlamlıq baxımından təhlükəli olar bilər ki, bu da dəri xəstəliklərinə və digər problemlərə səbəb ola bilər”. Bəs qiymətlərdə ucuzlaşmanın səbəbi nədir?
E.Əzimov Sherg.az
-a açıqlamasında bildirdi ki, bazarda saxta məktəbli formaları kifayət qədər çoxdur, işbazlar da satışa külli miqdarda məktəbli formaları çıxarır:

- Burada əsas səbəb alıcılıq qabiliyyətini artırmaqdır. Rəqabətə davam gətirmək üçün biz qiymətləri minimuma endirməyə məcburuq. Valideynlər ucuz forma almağa meyillidir. Görürlər, hardasa daha ucuz qiymətə məktəbli forması satılır, oradan almağa çalışırlar. Amma biz dəfələrlə bəyan etmişik ki, BTE-nin satış mərkəzlərindən kənarda satılan məktəbli formaları ucuz olsa da, keyfiyyətsizdir. Onlara heç kim zəmanət vermir. Bircə dəfə yuyulan kimi xarab olur, geyilməz hala gəlir. BTE isə məktəbli formalarını keyfiyyətli parçalardan istehsal edir. Biz məktəbli formalarını Nazirlər Kabinetinin qərarına uyğun istehsal edirik. Köynəklər 100 faiz pambıqdan, şalvar və ətəklərsə 60 faiz yun, 409 faiz poliesterdəndir. Məhsullarımız sertifikatlıdır və 1 illik zəmanət verilir. Bazarda satılanlarasa kimsə zəmanət vermir. Valideynlər daha ucuzdur deyə alır, amma geyimlər tez xarab olur. 1 manat 50 qəpiyə - 2 manata köynək olar?! Əlbəttə, keyfiyyətsizdirlər və bircə dəfə yuyulan kimi formasını, görünüşünü itirir.
E.Əzimov hər nə qədər “BTE-nin istehsal etdiyi məktəbli formaları keyfiyyətlidir” desə də, valideynlər onlardan da narazıdır. Məsələn, qızlar üçün ətəklərin yuyulduqda rənginin solduğu, bir müddət sonra parçanın tiftikləndiyini bildirirlər. Həm də, niyə cəmi 1 il zəmanət verilir ki? Tənqid etdiyimiz sovet dönəmində məktəbli formalarını az qala 3 nəsil geyinirdi. Böyük uşaqdan sonra ikinci, hətta üçüncü uşaq da eyni məktəbli formasını geyinə bilirdi. İndi isə valideynlər az qala hər il məktəbli formasını yeniləməyə məcburdurlar. E.Əzimov məsələyə aydınlıq gətirərək bildirdi ki, NK-nın qərarı ilə məktəbli formalarının istehsalında 100 faizli pambıq parçalardan istifadə olunmalıdır, uşaqların sağlamlığı nəzərə alınaraq. Pambıq parçalarsa uzunmüddətli olmur.
Görəsən, başqa ölkələrdə də bu şərtlərlə məktəbli formaları istehsal olunur? Cəmi 1 mövsüm sonra uşaqlara yeni forma almalı olurlar?