Sea Breeze

Avqustun 8-də ABŞ-nin paytaxtı Vaşinqtonda Azərbaycan, ABŞ və Ermənistan liderləri arasında tarixi görüş baş tutub. Görüş zamanı tərəflər sülh sazişinin mətnini paraflayıb, Minsk qrupunun ləğv edilməsi və Zəngəzur dəhlizinin (TRIPP) açılması kimi məsələlərdə razılığa gəliblər.

Vaşinqton görüşündən sonra Rusiya və İranda bəzi dairələr Azərbaycana, həmçinin Ermənistana qarşı təhdidlər sələndirib. Məsələn bu gün Rusiya Dövlət Dumasının deputatı Andrey Qurulev Azərbaycan mallarının ölkəyə idxalının qadağan edilə biləcəyini istisna etməyərək iddia ki, əgər Rusiyada Azərbaycan malları olmayacaqsa, Moskva bundan heç nə itirməyək, amma Azərbaycan üçün vəziyyət ciddi dəyişəcək.

Mövzu ilə əlaqədar Modern.az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev bildirib ki, Vaşinqton görüşü və görüşdən sonra əldə olunan nəticələr Rusiyanı qane edə bilməz.

“Rusiyanın müxtəlif təxribatlara əl atacağı bəlli idi. Görüş ərəfəsində Ukraynada SOCAR-a məxsus neft anbarının vurulması ilə məlum oldu ki, Rusiya bu görüşün tam əleyhinədir. Azərbaycanın, cənab Prezident İlham Əliyevin apardığı müstəqil daxili və xarici siyasəti Rusiya bəyənmir, hətta deyərdim həzm etmir. Regionda dəyişən geosiyasi balans fonunda Rusiyanın təsir imkanlarını itirməsi, hegomonluq siyasətindən əl çəkməməsi birbaşa bununla bağlıdır. Təxribatın ardınca Rusiya Dövlət Dumasından da müxtəlif hədələr, təhdidlər gəlməkdədir”, – o qeyd edib.

Deputat bildirib ki. Rusiya Dövlət Dumasının deputatı Andrey Qurulev bəyanatı məhz təxribatın davamıdır:

“Qurulev bəyanatında Solovyov, Podolyakov kimi rus təbliğatçılarının mütəmadi aqressiv bəyanatları silsiləsinə uyğun danışır. O, həm informasiya, həm də siyasi-iqtisadi baxımdan Azərbaycana qarşı təzyiqləri artırmaq meylini əks etdirir. Azərbaycanın iqtisadi təhlükəsizliyinə təhdid gətirmək, Azərbaycan malının ixracına qadağa qoyulması, Rusiyada biznes fəaliyyəti ilə məşğul olan azərbaycanlılara təzyiqin artırılmasına işarə edir. Digər məsələ hərbi-siyasi subyektlə bağlıdır. Yəni Qurulev gərgin xüsusi hərbi əməliyyat ifadəsini işlədir. Burada Rusiyanın sərhədlərinin istənilən hissəsində mümkün təhdidlərdən danışır. Şərhlər Qarabağ, enerji maraşrutları, Azərbaycanın Qərblə, Türkiyə ilə artan əməkdaşlığı, ABŞ-da keçirilən son görüşlər, Trampın Azərbaycan və onun rəhbərliyi ilə bağlı söylədiyi müsbət fikirlər fonunda edilir. Məsələni dərindən təhlil edək. Onlar iqtisadi təhdidlə nəyə nail ola bilərlər? Azərbaycan tərəvəzlərinin, meyvələrinin, spirtli içkilərinin idxalına məhdudiyyət qoya bilərlər və ya tamamilə qadağan edərlər. Rusiyadakı azərbaycanlı sahibkarlara qarşı onsuz da yoxlamaları həyata keçirirlər, bu proses davam edər. Logistik daşınmaları çətinləşdirə, gömrükdə gecikmələrə səbəb ola bilərlər. Nəqliyyat kvotalarını verməzlər. Biz bütün bunlara daim hazırıq”.

Komitə sədri qeyd edib ki, bu məhdudiyyətlər Rusiya istehlakçılarına da mənfi təsir edəcək.

“Məlumdur ki, bu, meyvə və tərəvəzlərin bahalaşmasına səbəb ola bilər. Moskvanın tam qadağalara getməsi inandırıcı görünmür. Çünki bu məqsədli hərəkətdir. Ona görə də bunun gələcəyi yoxdur. İkinci bir tərəfdən informasiya və təbliğat kampaniyasına başlamaları mümkündür. Rusiya telekanallarından və teleqram kanallarından, öz beşinci kolonlarından istifadə edərək müəyyən yazıların verilməsi, milli azlıqlar, miqrasiya, Cənubi Qafqazda Rusiyanın maraqlarına təhdidlər mövzusunda müxtəlif addımların atılması mümkündür. Bunun əsas xətləri Qərblə, Türkiyə, NATO-ya yaxınlaşması, ordunun müəyyən standartlara uyğun formalaşdırılmasıdır. Məram və məqsədləri də Rusiya daxilində rəy formalaşdırmaq, bununla da iqtisadi və siyasi addımlar üçün zəmin yaratmaqdır. Bu da bizim tərəfədən çox ciddi təhlil olunur və məlumdur ki, Azərbaycan bütün bunlara hazırdır”, – o deyib.

Arzu Nağlyev vurğulayıb ki, Qurulevin təhdidlərinin bir hissəsi də hərbi istiqamətlə bağlıdır:

“Onlar bizə ancaq Ermənistan sərhədindəki bazalarının gücləndirilməsi ilə təzyiq edə bilərlər. Orada 102 saylı hərbi bazalarını gücləndirə, sərhəddə Avropa İttifaqının kəşfiyyatçıları ilə bərabər öz qoşunlarını gətirə bilərlər. Azərbyacan ərazisi yaxınlığında hərbi əməliyyatlar keçirə bilərlər. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) platformasından istifadə edə bilərlər. Bu gün Rusiya ilə Ukrayna arasındakı müharibənin Cənubi Qafqazda təkrarlanması qeyri-mümkündür. Çünki bu, Cənubi Qafqazın tamamilə itirilməsinə gətirib çıxara bilər. Düşünürəm ki, Rusiya hərbi qarşıdurmaya gedə bilməz. Qrulyov kimi ömrü boyu “biz qalibik”, “bunları biz edə bilərik” prinsipindən çıxış edən generallar, deputatlar məlumdur ki, Azərbaycan ordusunu SSRİ və digər vaxtlardakı kimi təsəvvür edir. Ancaq Azərbaycanın bu gün hibrid müharibə aparmaq qabiliyyyəti, eyni zamanda koordinasiyalı şəkildə məlumatlar əldə edərək təhlillər aparan dövlət qurumları, xüsusi xidmət orqanları, rəşadətli Azərbaycan Ordusu var. 44 günlük müharibədə bir daha biz müharibə sisteminin dünyanın bir sıra ölkələrinin hərbi məktəblərində öyrəniləcək sistem olduğunu sübut etdik. Bunların fikirləri elə sözdə qalacaq. 3-4 ay ərzində bu proseslər davam edəcək. İndi bir məsələ də var. Avqust ayının 15-də Trampla Putin arasında görüş olacaq. Görək, görüşdən sonra bunların ritorikası hansı formada olacaq. Azərbaycan Prezidenti İlham Əliyevin müstəqil xarici və daxili siyasəti Rusiya və bəzi ölkələr tərəfindən qəbul edilmir və qəbul edilə də bilməz. Çünki diqtəsiz, vasitəçi olmadan müstəqil siaysət aparıb, suverenliyi qorumaq və hər bir vətəndaşın rifahnı təmin etmək onun əsas prioritetidir”.

ETX
ETX
ETX