AZ

Elçin Xalidbəyli: Vaşinqton görüşündən sonra Rusiya tamamilə kənarda qaldı

“Ermənistan üçün balans siyasətinin dövrü artıq sona çatır. Son illərdə Paşinyan hakimiyyəti aydın şəkildə Qərbə inteqrasiya siyasəti yürüdürdü. Lakin bundan sonra Rusiya tərəfindən mümkün olan müdaxilə riskini də nəzərə almaq məcburiyyətində qalmışdı və buna görə də vəziyyəti mümkün qədər balanslaşdırmağa çalışırdı. Lakin Vaşinqtonda keçirilən son görüş və orada imzalanan sənədləri nəzərə aldıqda, hesab etmək olar ki, Ermənistan üçün balans siyasəti artıq bitməkdədir. Çünki rəsmi Yerevan, Azərbaycan və Ermənistan arasında sülh sazişi və sülh prosesini ABŞ-ın vasitəçilik missiyasına həvalə etdikdən sonra, Rusiya tamamilə kənarda qalmışdır”.

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib.

Qeyd edək ki, Ermənistan siyasi səhnəsində gərginlik artıb. Paşinyan daxildə müxalifət və Rusiya ilə problemlərlə üzləşib. Koçaryan 2026-cı il seçkilərində Paşinyanın şansını az görür. Vaşinqtondakı üçtərəfli görüşdən sonra Rusiya ilə soyuqluq, İranla etimad böhranı yaranıb. Sülh müqaviləsi Paşinyan üçün həm qələbə, həm risk ola bilər.

Siyasi şərhçi bildirib ki, Ermənistan üçün bundan sonra yeni və həssas bir dövr başlayıb.

“Bu dövrdə ölkə tamamilə ABŞ və Qərbin nəzarəti altına keçmişdir. ABŞ-ın iştirakı ilə Zəngəzur dəhlizi, Trump yolu kimi layihələr həyata keçiriləcək və bu da ABŞ-ın Ermənistanda möhkəmlənməsi deməkdir. Bundan sonra Ermənistanın Rusiya ilə əlaqələrinin tədricən zəifləməsi prosesi sürətlənəcək. Təbii ki, bu durum Paşinyan hakimiyyəti üçün müəyyən risklər yaradır, çünki yaxın gələcəkdə Ermənistanda növbəti parlament seçkiləri keçiriləcək. Paşinyan hakimiyyətinin qarşısında Ermənistan cəmiyyəti ilə ciddi işləmək və orada imzalanmış sənədlərin, eləcə də ABŞ Prezidenti Donald Trump-ın təsdiq etdiyi razılaşmaların əhəmiyyətini seçicilərə izah etmək kimi vəzifə dayanır. Paşinyan bu prosesi açıq şəkildə təbliğ etməli, seçicilərin də ona etimad göstərərək səs verməsini təmin etməlidir. Təbii ki, əks tərəf – Rusiyanın maraqlarını təmsil edən şəbəkələr, radikal qüvvələr və revanşist siyasətçilər Paşinyan hakimiyyətinə qarşı ciddi təbliğat aparırlar. Onlar iddia edirlər ki, ABŞ-ın vasitəçiliyi ilə imzalanmış sənədlər Ermənistan üçün zərərlidir və hətta dövlətçiliyi təhdid altına qoyur”.

Siyasi şərhçi əlavə edib ki, bu baxımdan Paşinyan hakimiyyəti üçün yaxın aylarda Ermənistan cəmiyyəti ilə əlaqələrin gücləndirilməsi xüsusilə vacibdir:

“Əgər Paşinyan növbəti parlament seçkilərində mövqeyini qorumağı bacarsa, qarşıdakı mərhələdə risklər xeyli azalacaq. Ermənistan həmçinin referendum yolu ilə Azərbaycanla sərhədlə bağlı ərazi mübahisələrini həll edəcək və ardınca Azərbaycanla geniş sosial-iqtisadi saziş imzalanacaq. Bu isə Ermənistan üçün yeni inkişaf dövrünün başlanğıcı olacaq. Hazırda isə seçkilərə qədər Paşinyan hakimiyyəti müəyyən risklərlə üz-üzədir və həm Rusiyanın, həm də İranın Ermənistana qarşı atacağı əks addımlara qarşı mübarizə aparmalı olacaq. Bütün bunlar imzalanmış sənədlərin mürəkkəb xarakteri ilə bağlıdır. ABŞ isə Paşinyan hakimiyyətinə parlament seçkilərində uğur qazanmaq üçün müəyyən dəstək göstərə bilər ki, bu da Paşinyan üçün pozitiv amil sayılır”.

Rəfiqə Namazəliyeva,

AzNews.az

Seçilən
107
48
aznews.az

10Mənbələr