ain.az, Konkret.az portalına istinadən məlumat yayır.
Azərbaycanda ali təhsil müəssisələrinə qəbulun ixtisas seçimi mərhələsi əvvəlki illərlə müqayisədə daha gərgin keçir. Maraqlıdır, bu il ixtisas seçimi prosesində əvvəlki dövrlərlə müqayisədə hansı əsas yeniliklər var?
Təhsil eksperti Məzahir Məmmədli KONKRET.az-a açıqlamasında bildirib ki, valideyn müdaxiləsi hələ də abituriyentlərin azad seçim imkanlarını məhdudlaşdırır.
Ekspertin sözlərinə görə, bu il ötən illə müqayisədə 5 mindən çox əlavə plan yeri ayrılıb. Lakin bu artım bütün qəbul qruplarına bərabər paylanmayıb:
“ III qrup üzrə plan yerlərinin azlığı səbəbindən balların kəskin artacağı, nəticədə sənəd verənlərin yarıdan çoxunun qəbul ola bilməyəcəyi gözlənilir. I qrupda da müəyyən gərginlik müşahidə olunur. II qrup üzrə isə balların enməsi ehtimalı var”.
Məzahir Məmmədli qeyd edib ki, bu il 60 min 500 yerə qarşı 130 min abituriyent sənəd verib:
“Rəqəmlər göstərir ki, abituriyentlərin yarıdan çoxu kənarda qalacaq.”
Ekspert həmçinin vurğulayıb ki, seçim prosesində əmək bazarının tələbləri nəzərə alınmır:
“Bugünün əmək bazarı informasiya texnologiyaları, kompüter mühəndisliyi və digər texniki sahələri tələb etsə də, valideynlər övladlarını öz istədikləri ixtisaslara yönləndirirlər.”
Məmmədli gələcəkdə qəbul sisteminin qruplar üzrə deyil, birbaşa ixtisaslar üzrə aparılmasının vacibliyini də qeyd edib:
“Hazırkı sistem dünyada analoqu olmayan bir yanaşmadır. Bu səbəbdən hüquqşünas olmaq istəyən ədəbiyyat müəllimi, həkim olmaq istəyən isə biologiya müəllimi ixtisasına yönləndirilir.”
Aynurə İsmayıl
KONKRET.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.