İran Prezidenti Məsud Pezeşkian, Ermənistanın Baş naziri Nikol Paşinyanla telefon danışığı zamanı Cənubi Qafqazda ABŞ-ın iştirakı ilə həyata keçirilməsi planlaşdırılan və Zəngəzur dəhlizi kimi tanınan nəqliyyat layihəsi barədə fikir mübadiləsi aparıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İran Prezidentliyinin rəsmi saytında məlumat verilib.
Paşinyan, Vaşinqtonda Ermənistan və Azərbaycan arasında keçirilən son danışıqlar barədə Pezeşkiana məlumat verib. O, iki ölkə arasında əldə olunacaq sülhün region üçün yaradacağı imkanlara diqqət çəkərək, regional nəqliyyat dəhlizlərinin ölkələrin ərazi bütövlüyü, suverenlik hüquqları və yurisdiksiya çərçivəsində fəaliyyət göstərəcəyini vurğulayıb.
Pezeşkian isə layihənin icrası prosesində hər hansı hərbi və ya təhlükəsizlik qüvvəsinin iştirak etməməli olduğunu bildirib. O, ABŞ-ın iqtisadi investisiya və sülh təşəbbüsləri adı altında bölgədə imperialist məqsədlər güdə biləcəyinə diqqət çəkib.
“Bu marşrutun həqiqətən sülh və inkişaf yolu olmasına əmin olunmalıdır. Xaricilərin ekspansionist və hegemonluq axtarışına xidmət edən bir vasitəyə çevrilməməlidir,” – deyə Pezeşkian qeyd edib.