AZ

Ucalıqda Aida Tağızadənin əziz xatirəsinə ehtiramla

ain.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Zümrüd DADAŞZADƏ Professor, Əməkdar incəsənət xadimi

Azərbaycan musiqi mədəniyyətinə, musiqi elminə və təhsilinə ağır itki üz verib. Avqustun 6-da görkəmli musiqişünas alim, pedaqoq Aida Tağızadə dünyasını dəyişib.

A.Tağızadə professor, Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, uzun illər Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının (hazırkı Bakı Musiqi Akademiyası) musiqi tarixi kafedrasının müdiri, bir neçə sanballı monoqrafiyanın müəllifi, lakin ilk növbədə həmkarlarının və tələbələrinin ehtiramını qazanmış alim, pedaqoq, həqiqi nüfuz sahibi idi.

A.Tağızadə geniş profilli mütəxəssis idi. Lakin Aida xanımı həmişə müasir musiqi cəlb edib. Onu XX əsr musiqisinin ilhamlı salnaməçisi adlandırmaq olar. Bir alim kimi o,  bədii hadisələri geniş tarixi və estetik kontekstdə tədqiq etmək bacarığı ilə seçilirdi.

Aida xanım 1934-cü ildə Bakıda anadan olsa da, şəxsiyyətinin formalaşdığı ilkin məktəb illəri doğma Şuşada keçmişdi. İki ali təhsil ocağının məzunu olan anası Sayalı xanım Hacıyeva həyatını ailəsinə həsr etmişdi. Atası Zeynal Tağızadə elmlər doktoru, Azərbaycan Xarici Dillər İnstitutunun professoru, geniş dünyagörüşlü dilçi alim idi.

Ən əziz uşaqlıq xatirələrindən biri Bakının 2 saylı musiqi məktəbində Üzeyir Hacıbəyli ilə görüşüdür. Üzeyir bəy məktəbə gələrək onun da iştirak etdiyi səkkiz əlli ansamblın çıxışını dinləmiş və gənc pianoçuların istedadını qiymətləndirərək onlara musiqi təhsilini davam etdirməyi tövsiyə etmişdir.

A.Zeynallı adına Musiqi Texnikumunu pianoçu kimi bitirən A.Tağızadə 1951-ci ildə konservatoriyaya daxil olur. Əllərinin xəstəliyi ucbatından ixtisasını dəyişmək məcburiyyətində qalsa da, heç vaxt piano ilə əlaqəsini kəsməyib: əsl Musiqi adamı kimi mühazirə oxuyarkən royalın arxasına keçib, müvafiq parçaları əzbərdən, böyük şövqlə ifa edib.

Tarix-nəzəriyyə fakültəsində təhsilini davam etdirən Aida Tağızadənin taleyində görkəmli musiqişünas İzabella Abezqauzun rolu əvəzolunmazdır. Onun rəhbərliyi altında gənc alim S.Prokofyevin "Romeo və Cülyetta" baletinə həsr olunmuş diplom işini yerinə yetirib.

1958-ci ildən A.Tağızadə konservatoriyada çalışmağa başlayır, adi müəllimdən professor (1986) vəzifəsinəcən yüksəlir. 1969-cu ildə "Soltan Hacıbəyovun yaradıcılıq üslubunun xüsusiyyətləri" mövzusunda dissertasiyasını müdafiə edir. 1976-1989-cu illərdə musiqi tarixi kafedrasına rəhbərlik edir. 1988-ci ildə Azərbaycanın Əməkdar incəsənət xadimi fəxri adına layiq görülür.

Aida xanım yaradıcılıq yoluna əlamətdar bir dövrdə - ötən əsrin 50-ci illərinin sonu-60-cı illərinin əvvəlində qədəm basmışdır. Altmışıncılar nəslinin layiqli təmsilçisi olan A.Tağızadə məqalələrindən birində yazır ki, "yeni zaman sənətkarlarımız qarşısında yeni mövzular və onlara müvafiq olan yeni forma axtarışları zərurətini doğurmuşdur. Onların təcəssümü üçün əvvəlki dil resursları bəzən kifayət deyil".

A.Tağızadə musiqi əsərlərinin tarixdə mövqeyini dəqiq müəyyənləşdirir, onların yaradıcılarının - Cövdət Hacıyev, Soltan Hacıbəyov, Aqşin Əlizadə kimi sənətkarların adlarını mədəni yaddaşda bərqərar edirdi. Beləliklə, onu haqlı olaraq XX əsr Azərbaycan musiqisinin inkişafının elmi mənzərəsini yaradan alimlər sırasına daxil etmək olar.

A.Tağızadənin Cövdət Hacıyev haqqında monoqrafiyası (1979) XX əsrin görkəmli simalarından birinin bədii nailiyyətlərinə həsr olunub. Alim hər bir əsərin, xüsusilə hər bir simfoniyanın dramaturji həllinin orijinallığını bədii fikrin xüsusiyyətləri ilə sıx əlaqədə göstərməyə müvəffəq olub.

Soltan Hacıbəyov haqqında monoqrafiya (1985) sənətkarın kamil portretini təqdim edir,  yaradıcılığının bütün cəhətlərini əhatə edir. Əsas diqqətini bəstəkarın orkestri təşkil etmək bacarığına yönəldən alim tembr dramaturgiyasını qurmaq, orkestr palitrasının rənglərindən istifadə edib əsrarəngiz musiqi lövhələri yaratmaq bacarığını vurğulayır.

Aqşin Əlizadə haqqında monoqrafiya (1986) bəstəkarın məxsusi üslubunu milli musiqi sənəti ilə Stravinski və Bartokdan əxz olunmuş təcrübənin üzvi sintezi nəticəsində yaranmış yeni bədii keyfiyyət kimi səciyyələndirir.

A.Tağızadənin məqalələri onun müasir musiqi prosesinə dərindən varmaq kimi xüsusiyyətini əks etdirir və qiymətləndirmələrin prinsipiallığı ilə fərqlənir. Alimin tənqidi-publisistik irsinin əsas hissəsi "XX əsr Azərbaycan musiqisi" kitabında (2011) dərc olunub. Ü.Hacıbəyli, Q.Qarayev, F.Əmirov, C.Hacıyev, S.Hacıbəyov, A.Məlikov, X.Mirzəzadə, A.Əlizadə, M.Quliyev haqqında məqalələri oxuyarkən biz XX əsr Azərbaycan musiqisinin çoxrəngli panoramını aydın təsəvvür edirik. Bu ustadların, həmçinin kitabda nəzərdən keçirilən T.Quliyev, Ə.Abbasov, R.Hacıyevin timsalında hər dövrün irəli sürdüyü bədii vəzifələr dəqiq  vurğulanır və ən əsası Ü.Hacıbəylidən başlayaraq onun davamçılarına qədər uzanan yaradıcı kəşflərin estafeti izlənilir.

Konservatoriyada kafedra müdiri olduğu illərdə A.Tağızadə "Azərbaycan musiqi tarixi" kursunu xeyli təkmilləşdirmişdir. Həmkarları ilə birgə iki cilddən ibarət müntəxabat hazırlamış (1968; 1985), "Azərbaycan musiqi tarixi" dərsliyinin (1992) müəlliflərindən olmuşdur. Onun rəhbərliyi ilə tədris planı yeni fənlər - "Musiqi tənqidi",  "Müasir musiqi", "Asiya və Afrika xalqlarının musiqi mədəniyyəti", "Orkestr üslubunun əsasları", "Teatr tarixi" -  hesabına  xeyli genişləndirilmişdir.

A.Tağızadə bütöv bir musiqişünas nəsli yetişdirib. Onun yetirmələri arasında F.Əliyeva, K.Nəsirova, İ.Pazıçeva, S.Rzayeva (namizədlik dissertasiyaları), N.Əfəndiyeva, H.Babayeva, N.Ələkbərova, İ.Köçərli, E.Hüseynova kimi tanınmış musiqişünaslar var.  Firəngiz Əlizadə Aida xanımı "hamımızın müəllimi" adlandırırdı.

Burada A.Tağızadənin daim gələcək haqqında düşüncələrlə yaşamasını, yeni kadrlar hesabına kafedranın işini canlandırmaq istəyini qeyd edərdim. Cavan mütəxəssisi kafedraya dəvət edərkən Aida xanım istedad, zəhmətkeşlik, gəncin ümumi işə nə dərəcədə səmərəli ola bilməsi meyarlarını rəhbər tuturdu. O əmin idi ki, "tələbə müəllimdən yaxşı  deyilsə, deməli, bu, müəllimin  günahıdır".

A.Tağızadənin pedaqoji fəaliyyətinin əhəmiyyətli mərhələsini onun qardaş Türkiyədə, Bilkənd Universitetində çalışdığı illər təşkil edir. Burada o, "Musiqi və səhnə sənətləri" fakültəsində işləyərək maraqlı təşəbbüslərə imza atmış, tələbə-bəstəkarların konsertlərini düzənləmiş, gəncləri müasir musiqi yaradıcıları ilə görüşdürmüş, fakültənin sayılıb-seçilən professorlarından biri olmuşdur.

A.Tağızadə "Azərbaycan musiqi tarixi"nin III cildi üçün oçerklərin müəllifi, "Üzeyir Hacıbəyli: məqalələr, oçerklər, esselər, arxiv materialları" (2014) toplusunun elmi redaktoru və tərtibçisidir. Sonuncu kitab Aida xanımın Üzeyir Hacıbəyli şəxsiyyətinə sonsuz sevgisi, heyranlıq dolu münasibətinin təzahürü idi.

Aida xanım Azərbaycanı beynəlxalq forumlarda təmsil etmişdir: 1976-cı ildə Pezaroda SSRİ və İtaliya bəstəkarlarının görüşündə iştirak etmiş, 1987-ci ildə Praqada konfransda "Musiqinin humanist mahiyyəti" mövzusunda məruzə ilə çıxış etmişdir.

Aida xanım və Tofiq müəllim Əliyevin qurduğu ailə haqqında söz deməmək mümkünsüzdür. T.Əliyev uzun illər Neft və Kimya İnstitutunun rektoru kimi çalışmış, iki dəfə SSRİ Dövlət mükafatı laureatı olmuşdu, lakin vəzifə və fəxri adlar onu heç zaman təkəbbürlü etməmişdi. Bu ailədə əsas sərvət maddi nemətlər deyil, mənəvi dəyərlər idi. Evin qapısı hər zaman açıq idi - yaşından, ən əsası, mövqeyindən asılı olmayaraq hər qonağı eyni səmimiyyətlə qarşılayırdılar.  Valideynlərin yolunu övladlar davam etdirmişlər: Fuad - elmlər doktoru, Türkiyənin Yeditəpə Universitetinin informasiya texnologiyaları və elektrotexnika üzrə professoru, Nigar xanım - musiqişünas, müəllim, sənətşünaslıq üzrə fəlsəfə doktorudur.

Mənim təsəvvürümdə Aida xanım, əsl Musiqi adamı - Homo Musicus idi, həyatının son anınacan piano arxasına keçərək, öz bənzərsiz harmoniya və gəzişmələr aşılanmış çalğısı ilə hamını heyran edərdi. Ən ümdə keyfiyyətlərindən biri də özünə tənqidi yanaşmaq bacarığı idi. Yaşadığı ömrü bütün xülya və yanlışlıqlara rəğmən, gözəl adlandırar və Allaha minnətdar olduğunu söyləyərdi.   

Aida Tağızadə dərin bilikləri, nadir müəllimlik istedadını ruh ucalığı və həyata hikmətli baxışla uzlaşdırmağı bacardı. "O vaxt ki biz hər hansı bir işi sevinc və həvəslə gerçəkləşdiririk, onda, deməli, öz Taleyimizə - Tanrının bu torpaqda bizim üçün nəzərdə tutduğu ali missiyaya riayət edirik", - bu sözlər Aida xanımı  çox gözəl səciyyələndirir.    Əminliklə demək olar ki, o, yaradıcılıq yolunun əvvəlindən öz Taleyinə sadiq qalıb və Azərbaycan musiqi sənəti və elmində məxsusi mövqe qazanıb.

Böyük alim, böyük insan Aida xanım Tağızadənin elmi irsi musiqi tariximizin ayrılmaz hissəsidir. Onun kübar, nəcib, son dərəcə şərəfli - gözəl və cazibədar obrazı qəlblərdə daim yaşayacaqdır.            

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
54
11
525.az

10Mənbələr