Bakı Dövlət Universitetinin Ekologiya və torpaqşünaslıq fakültəsinin Coğrafi ekologiya kafedrasının dosenti Tahir İbrahimov vəfat edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə universitetin öz sosial media hesabında məlumat verilib.
Tahir İbrahimov 1946-cı ildə Qərbi Azərbaycanın Göyçə mahalında anadan olub. 1964-1969-cü illərdə BDU-nun Geologiya-coğrafiya fakültəsində, 1986-1989-cu illərdə AMEA-nın Coğrafiya İnstitutunda aspiranturada təhsil alıb. 1987-ci ildə “Kür-Araz ovalığındakı qoruq və yasaqlıqların landşaftları və onların ekoloji şəraitini yaxşılaşdırma yolları” mövzusunda dissertasiya müdafiə edərək, coğrafiya elmləri namizədi elmi dərəcəsi, 2008-ci ildə dosent elmi adını alıb.
1971-1973-cü illərdə Coğrafiya İnstitutunda elmi işçi, 1973-1975-ci illərdə Bakı şəhəri 172 və 173 saylı orta məktəblərdə müəllim, 1975-1999-cu illərdə Coğrafiya İnstitutunda baş elmi işçi və böyük elmi işçi, 1999-2003-cü illərdə BDU-nun Fiziki coğrafiya kafedrasında müəllim, baş müəllim və dosent əvəzi kimi çalışıb. 2014-cü ildən Coğrafi ekologiya kafedrasının dosenti idi.
Tahir İbrahimovun tədqiqat sahəsi landşaftşünaslıq, ekologiya, xüsusi mühafizə olunan təbiət əraziləri olub. O, 2019-cu ildə Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019) Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunub.
BDU rəhbərliyi və kollektivi Tahir İbrahimovun vəfatından kədərlənir, ailəsinə dərin hüznlə başsağlığı verir.
Allah rəhmət eləsin!