AZ

Bu gün Azərbaycan təbii qazını NATO nun 10 üzvünə, ABŞ ın 10 müttəfiqinə ixrac edir

Ses qazeti saytından verilən məlumata görə, ain.az xəbər verir.

Prezident İlham Əliyevin ABŞ-a səfəri çərçivəsində Prezident Donald Trampla yüksəksəviyyəli görüşü yalnız ikitərəfli münasibətlərin yeni mərhələyə qədəm qoyması deyil, ümumiyyətlə, Cənubi Qafqazda formalaşmaqda olan yeni geosiyasi vəziyyətə təsir edə biləcək möhtəşəm hadisədir. Bu tarixi görüş həm Azərbaycan-ABŞ strateji münasibətlərində, həm də Azərbaycan-Ermənistan sülh prosesində yeni bir mərhələ açır. Elə bu kimi səbəblərdən Prezident İlham Əliyev avqustun 8-ni bütün region üçün çox müsbət nəticələr verəcək tarixi gün adlandırıb. Şübhəsiz, bütün bunlar Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin nəticəsidir.

2024-cü ilin 5 noyabrında ABŞ-da keçirilən prezident seçkilərindən 3 ay öncə Şuşada keçirilən Qlobal Media Forumunda ABŞ-dakı seçkilərlə bağlı jurnalistin sualını cavablandırarkən Prezident İlham Əliyev böyük uzaqgörənlik və cəsarət nümayiş etdirərək o zaman prezidentliyə namizəd olan D.Tramp haqqında müsbət fikirlər söyləmiş, diplomatik dillə desək, onun namizədliyini dəstəkləmişdir. Prezident İlham Əliyev bu il iyulun 19-da Xankəndidə “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda keçirilən III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə isə Donald Trampın Cənubi Qafqaz prosesində fəal iştirak etdiyini və uzunmüddətli münaqişənin həllinin tapılması üçün Azərbaycana və Ermənistana yardım etməkdə olduğunu vurğulamaqla yanaşı, bu sözləri də demişdi: “Gözləntimiz böyükdür və ümid edirik ki, yaxın gələcəkdə ABŞ-Azərbaycan münasibətlərini yüksək səviyyəyə qaldıracaq mühüm hadisələr olacaq. Düşünürəm ki, bu, tamamilə təbiidir, çünki bir çox məsələlər bizi, xüsusən də cənab Trampın Administrasiyası ilə birləşdirir”.

Bəli, həqiqətən də D.Tramp yenidən ABŞ Prezidenti seçildikdən sonra iki ölkə arasında münasibətlərin inkişafı üçün yeni imkanlar açılıb. Bu isə o deməkdir ki, ABŞ-Azərbaycan münasibətləri keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Artıq əməkdaşlıq strateji tərəfdaşlığa doğru irəliləyir. Bu səfər zamanı imzalanmış “Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları arasında strateji tərəfdaşlığa dair xartiyanın inkişaf etdirilməsi məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumu” buna əyani sübutdur. Qeyd edək ki, Azərbaycan-ABŞ strateji tərəfdaşlığı 3 istiqaməti (enerji, ticarət və tranzitin də daxil olduğu regional bağlantılar; süni intelekt və rəqəmsal infrasturukturun da daxil olduğu iqtisadi sərmayə; müdafiə sahəsində satış, terrorizmə qarşı mübarizə sahəsində əməkdaşlığın da daxil olduğu təhlükəsizlik sahəsində əməkdaşlıq) əhatə edəcək. Prezident İlham Əliyevlə Prezident Tramp arasında qurulmuş uğurlu əməkdaşlığın nəticəsi olaraq bu səfər çərçivəsində Prezident Tramp tərəfindən "Azadlığı Müdafiə Aktı"na 907 saylı düzəlişin icrasını dayandıran sənəd də imzalanıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanla görüşü çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair Saziş” layihəsini parafladılar və Azərbaycan Respublikası və Ermənistan Respublikası xarici işlər nazirlərinin ATƏT-in fəaliyyətdə olan sədrinə birgə müraciətini (ATƏT-in Minsk Prosesinin, ATƏT-in fəaliyyətdə olan sədrinin Minsk konfransının müzakirəsində olan münaqişə üzrə şəxsi nümayəndəsi və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun bağlanması barədə) imzaladılar.

“Bu gün Azərbaycan təbii qazını NATO-nun 10 üzvünə, ABŞ-ın 10 müttəfiqinə ixrac edir. Boru kəməri vasitəsilə qaz çatdırılmasında isə biz 14 ölkəni əhatə edirik. Bu baxımdan, Azərbaycan dünyada aparıcı ölkələrdən biridir. Yaxınlarda Suriyaya təbii qaz ixracına başlamışıq. Beləliklə, biz artıq Yaxın Şərq regionuna da daxil olduq və Avropada, eləcə də Yaxın Şərqdə coğrafiyamızı genişləndirəcəyik. Lakin bu, gələcək gündəliyimizin yalnız bir hissəsidir. ABŞ-la süni intellekt, rəqəmsal transformasiya sahələrində də sıx əməkdaşlıq etmək üçün böyük ümidlər var. Burada səfərim çərçivəsində komandamızın üzvləri ilə Amerika şirkətləri arasında ilkin təmaslar baş tutdu və gələcəkdə daha çox əməkdaşlıq olacaq. Bu gün həqiqətən də bütün aspektlərdən — təhlükəsizlik, sabitlik, Cənubi Qafqazda sülh, iqtisadi imkanlar, investisiyalar, enerji təhlükəsizliyi və digər sahələr baxımından tarixi bir günə şahidlik edirik.” Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Vaşinqtonda Azərbaycan mətbuatına müsahibəsində deyib.

Azərbaycan hərb meydanında Ermənistan üzərində qələbədən sonra diplomatik cəbhədə də özünün milli maraqlarını qətiyyətlə təmin edir. O cümlədən sülhə gedən yolun tarixçəsinə də nəzər salanda Prezident İlham Əliyevin, Azərbaycan diplomatiyasının böyük uğurlar əldə etdiyini görürük. Sülhün sahibi isə Azərbaycan və onun Prezidentidir. Ona görə Vaşinqtonda əldə olunan razılaşmalar Azərbaycanın böyük siyasi-diplomatik qələbəsidir.

Niyaməddin Əsgərov

Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının sədr müavini

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
77
50
sesqazeti.az

10Mənbələr