AZ

Moskva və Tehranı narahat edən əsas məsələ — Müsahibə

Cənubi Qafqazda Azərbaycan və Ermənistan arasında imzalanan Vaşinqton razılaşmaları bölgənin gələcək geosiyasi mənzərəsi baxımından mühüm hadisə kimi qiymətləndirilir. Bu proses həm region dövlətləri, həm də beynəlxalq güc mərkəzləri üçün yeni siyasi və iqtisadi balans yaradıb. Mövzu ilə bağlı suallarımızı politoloq Elşən Manafov cavablandırıb.

— Vaşinqton razılaşmaları Cənubi Qafqazın perspektiv geosiyasi düzəni ilə bağlı beynəlxalq aləmdə ciddi rezonans doğurdu. Sizcə, bu razılaşmalar Rusiyanın regiondan birdəfəlik sıxışdırılıb çıxarılması və təsir imkanlarının aradan qaldırılması kimi qiymətləndirilə bilərmi?

— Bu razılaşmalara qədər münaqişə tərəfləri münasibətlərin normallaşdırılması istiqamətində uzun bir yol keçmişdilər. Müxtəlif layihə və təkliflər müzakirə olunub, milli maraqlara cavab verən ortaq mövqelər araşdırılıb. Azərbaycanın əsas məqsədi bölgədə uzunmüddətli və dayanıqlı sülhün təmin edilməsi idi. Rəsmi Bakı üçün danışıqların Qərb (Brüssel, Vaşinqton) və ya Şərq (Moskva) platformasında aparılması əsas prioritet olmayıb — əsas olan regionun təhlükəsizlik maraqlarına cavab verən razılaşmaların əldə edilməsidir.

Bundan fərqli olaraq, rəsmi İrəvan əsasən Qərb platformasına üstünlük verirdi. Bu, Paşinyan hakimiyyətinin Qərbdəki dairələrlə bağlılığı və bölgənin geosiyasi konfiqurasiyasını Qərbin xeyrinə dəyişmək öhdəliklərindən irəli gəlirdi. Azərbaycan isə 3+3 formatında həll modelini təklif etmişdi və əsas prioriteti dayanıqlı sülh, nəqliyyat-kommunikasiya xətlərinin açılması idi.

İlk razılaşmalar 2020-ci ilin noyabrında və 2021-ci ilin yanvarında Moskvada əldə olunsa da, Qərbin təsiri altında Ermənistan onların icrasında ləngidi. Vaşinqton görüşünə gətirən prosesdə isə Baydenin hakimiyyətdən getməsi, Türkiyənin regionda nüfuzunun artması və Ermənistanın daha güzəştli mövqeyə keçməsi mühüm rol oynadı. Nəticədə Paşinyan Vaşinqtonda Azərbaycanın irəli sürdüyü əsas şərtləri qəbul etdi: ərazi iddialarından imtina, ATƏT-in Minsk Qrupunun fəaliyyətinə xitam və digər öhdəliklər.
Moskvanın təsir imkanlarının tam aradan qalxacağı barədə isə danışmaq hələ tezdir. Regiondakı son gərginliklər, o cümlədən Azərbaycanın təyyarəsinin Rusiya hava məkanında vurulması və qarşılıqlı həbslər münasibətlərə təsirsiz ötüşməyib. Bu vəziyyətdən ABŞ-ın məharətlə istifadə etməsi ilə Vaşinqton razılaşmaları mümkün oldu.

— Vaşinqtonda əldə edilən razılaşmalar Moskva və Tehranda necə qarşılandı? Bu, onların Azərbaycanla münasibətlərinə təsir edəcəkmi?

— Hər iki tərəf — Rusiya və İran — rəsmi səviyyədə razılaşmanı münaqişənin həllinə və sülhə töhfə verə biləcək addım kimi qiymətləndirib. Moskva xüsusilə vurğulayıb ki, ilk razılaşmalar məhz onun moderatorluğu ilə əldə olunub. Onları narahat edən əsas məsələ Zəngəzur dəhlizi ilə bağlı razılaşmalardır.

Məlumdur ki, dəhliz Ermənistanın suverenliyində qalmaqla 99 il müddətinə ABŞ şirkətlərinə icarəyə veriləcək və nəqliyyata ABŞ nəzarət edəcək. Bu, Qərbin bölgədə nüfuzunu artırmaqla yanaşı, Rusiyanın tranzit gəlirlərinə ciddi zərbə vuracaq. Elə buna görə də 2020-ci ilin noyabr razılaşmasında Moskva yola öz sərhəd qoşunlarının nəzarəti maddəsini daxil etmişdi.

İran üçün isə əsas problem tranzit gəlirlərinin azalmasıdır. Çünki Zəngəzur istifadəyə veriləndən sonra İran üzərindən gedən daşımalar əhəmiyyətli dərəcədə azalacaq.

— Zəngəzur dəhlizinin açılışında maraqlı olmayan tərəflər onun fəaliyyətini dayandırmaq üçün hansı addımlar ata bilərlər?

— Adətən belə hallarda təzyiq zəncirin ən zəif həlqəsinə yönəlir. Bu, hazırkı durumda Ermənistan hakimiyyətidir. Ölkə enerji və ərzaq təhlükəsizliyi baxımından həm Rusiyadan, həm də İrandan asılıdır. Qaz tariflərinin artırılması və digər iqtisadi təzyiqlər Paşinyan hökumətini çətin vəziyyətə sala bilər.

Bundan başqa, Ermənistan dəmir yolları Rusiyanın nəzarətindədir, əhalinin böyük hissəsi üçün isə Rusiya mühüm əmək bazarıdır. İranın da Ermənistana təsir imkanları var. 2026-cı ildə parlament seçkiləri nəzərə alınsa, Rusiya yönümlü qüvvələrin dəstəyi ilə Gürcüstan ssenarisi burada da təkrarlana bilər.

Azərbaycan isə enerji təhlükəsizliyi problemi olmayan, ABŞ-dan hərbi və siyasi dəstək alan bir tərəfdir. Buna görə də Rusiya ilə qarşılıqlı maraqlar fonunda münasibətlərin hörmət prinsipi üzərində qurulması hər iki tərəf üçün vacibdir.

Söhbətləşdi: Dəniz Pənahova

Seçilən
81
50
tribunainfo.az

10Mənbələr