AZ

Polşanın Baş naziri Tramp-Putin görüşünü ümid və qorxu hissi ilə gözlədiyini bildirib

Bakı, 11 avqust, AZƏRTAC

Polşanın Baş naziri bazar ertəsi günü Rusiya-ABŞ danışıqları ərəfəsində onda qorxu və ümid qarışıqlı hiss olduğunu bildirib. O əlavə edib ki, bu həftə Ukraynadakı müharibə ilə bağlı keçiriləcək Tramp-Putin görüşündən əvvəl Vaşinqton avropalı tərəfdaşları ilə məsləhətləşməyə söz verib.

AZƏRTAC “Reuters” agentliyinə istinadla xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə avqustun 15-də Alyaskada görüşəcək və Kiyev bu kontekstdə iki liderin müharibəni bitirmək üçün şərtləri diktə etməyə çalışa biləcəyindən ehtiyat edir.

Donald Tusk mətbuat konfransında deyib: “Amerika tərəfi Alyaskadakı görüşdən əvvəl avropalı tərəfdaşlarla öz mövqeyi ilə bağlı məsləhətləşmə aparacağına söz verib. “Mən prezidentlər Tramp və Putin arasında görüşün nəticələrini gözləyirəm, həm də çoxlu qorxularım və ümidim var”.

O bildirib ki, Trampın Ukraynadakı müharibə ilə bağlı son şərhləri ABŞ Prezidentinin münaqişə ilə bağlı Ukrayna və Avropa arqumentlərini getdikcə daha çox başa düşməsi təəssüratını yarada bilər, lakin o, bu mövqenin davamlı olacağına tam əmin deyil.

Fransa, İtaliya, Almaniya, Polşa, Britaniya, Finlandiya və Avropa Komissiyası liderləri şənbə günü Trampın müharibəni bitirmək cəhdlərini alqışlayıblar, lakin Rusiyaya təzyiq göstərməyin və Kiyev üçün təhlükəsizlik zəmanətlərinin verilməsinin vacibliyini vurğulayıblar.

Avropa liderlərinin birgə bəyanatının Ukrayna sülh danışıqlarına yanaşmada yekdil olduqlarını göstərdiyini deyən Tusk bildirib ki, Kiyev istənilən belə müzakirələrdə iştirak etməlidir. “Polşa və tərəfdaşlarımız üçün aydındır ki, dövlət sərhədləri zorla dəyişdirilə bilməz. Rusiyanın Ukrayna ilə müharibəsi işğalçıya fayda gətirməməlidir”, - deyə Polşanın Baş naziri qeyd edib.

Seçilən
62
50
azertag.az

10Mənbələr