Açıq bufet masaları uzun illər yemək həvəskarlarının “cənnəti” sayılıb – istədiyin qədər götür, istədiyin qədər ye. Amma bu rahatlıq çox vaxt mədəniyyətsizlik və israfla nəticələnib. Götürülən yeməyin yarısı süfrəyə qayıdır, növbələrdə isə itələşmə və gərginlik yaşanır.
İndi Türkiyədə bəzi restoranlar bu sistemi yığışdıraraq “dədə-baba” – yəni nə yeyəcəksənsə pulunu ödə götür” üsuluna qayıdırlar. Bu dəyişiklik bəzilərinə sərt, bəzilərinə isə ədalətli görünə bilər – amma israfın və “itələşməyin” qarşısını almaq üçün zəruri addım olduğu aydındır.
“Açıq bufet” necə yarandı?
Məlumat üçün bildirək ki, “İsveç stolu” da deyilən açıq bufetlər XVIII əsrdə yaranıb, XX əsrdən etibarən isə bütün dünyaya yayılıb. Əslində burada məqsəd ünsiyyətə üstünlük verən avropalıların özlərinə xidmət zamanı, növbə gözləyərkən yan qonşusu ilə daha səmimi ortam qurması idi. Amma Şərqdə “qarın qardaşdan irəli” olduğu üçün, belə bol şirnikləndirici masalarda qarın qonşudan ikiqat irəli olur.
Bu mənzərə bizə də yad gəlmir.
Boşqablar və əllər sanki yarışda iştirak edir – kim daha çox dolduracaq.
Qida üzrə mütəxəssis Taleh Bayramov Bizim.Media-ya bildirib ki, Azərbaycanda açıq bufet masaları çox vaxt “hər şey pulsuzdur” baxışı ilə qarşılanır.
“Əslində pulunu ödədiyi, xüsusən də hotellərdə sadəcə “hər şey daxil” konsepsiyasıdır. Amma beyin insana başqa siqnal ötürür. Çünki bəzən ölkədaxili keçirilən meyvə, şirniyyat festivallarında, yaxud bayram tədbirlərində heç nə ödəmədən belə masalar açılır və çox xoşagəlməz mənzərə sərgilənir. Qazanlara çatmaq üçün arxadan qaşığı uzatmaq, “birdənə mənə də ver” deyib səs-səsə vermək adi hal olub.
Bizdə növbə mədəniyyəti, daha doğrusu mədəniyyətsizliyi ayrıca hekayədir. İllər keçir, dəb dəyişir, necə yeniliklər gəlir, bircə növbə sistemi dəyişməz qalır. Çox üzücüdür ki, biz bu növbə mədəniyyətini özümüzdə formalaşdıra bilmirik”, - deyə o, vurğulayıb.
Mütəxəssisin fikrincə, Türkiyənin bu addımı göstərir ki, açıq bufet israf yaradırsa, deməli onu dəyişmək vaxtıdır, lazımi qədər sifariş edib götürəndə nə boşqablar bu qədər ağır olacaq, nə də zibil qutuları...
Şəfiqə Şəfa, Bizim Media