Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsinin Coğrafi ekologiya kafedrasının dosenti Tahir İbrahimov vəfat edib.
Tahir İbrahimov 1946-cı ildə Qərbi Azərbaycanın Göyçə mahalında anadan olub. 1964-1969-cü illərdə BDU-nun Geologiya-coğrafiya fakültəsində, 1986-1989-cu illərdə AMEA-nın Coğrafiya İnstitutunda aspiranturada təhsil alıb. 1987-ci ildə “Kür-Araz ovalığındakı qoruq və yasaqlıqların landşaftları və onların ekoloji şəraitini yaxşılaşdırma yolları” mövzusunda dissertasiya müdafiə edərək, coğrafiya elmləri namizədi elmi dərəcəsi, 2008-ci ildə dosent elmi adını alıb.
1971-1973-cü illərdə Coğrafiya İnstitutunda elmi işçi, 1973-1975-ci illərdə Bakı şəhəri 172 və 173 saylı orta məktəblərdə müəllim, 1975-1999-cu illərdə Coğrafiya İnstitutunda baş elmi işçi və böyük elmi işçi, 1999-2003-cü illərdə BDU-nun Fiziki coğrafiya kafedrasında müəllim, baş müəllim və dosent əvəzi kimi çalışıb. 2014-cü ildən Coğrafi ekologiya kafedrasının dosenti idi.
Tahir İbrahimovun tədqiqat sahəsi landşaftşünaslıq, ekologiya, xüsusi mühafizə olunan təbiət əraziləri olub. O, 2019-cu ildə Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019) Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunub.
BDU rəhbərliyi və kollektivi Tahir İbrahimovun vəfatından kədərlənir, ailəsinə dərin hüznlə başsağlığı verir.
Allah rəhmət eləsin