AZ

Vaşinqtonda təzyiq divarını yıxan QƏLƏBƏ – Ağ Evdəki razılaşmalar hansı qüvvələrin planını İFLASA UĞRATDI?

ABŞ Prezidenti Donald Trampın dəvəti ilə Azərbaycan Prezidenti İlham Əliyevin avqustun 8-də baş tutmuş Vaşinqton səfəri təkcə diplomatik görüş deyildi. Bu, illərlə qurulan təzyiq planlarının üzərinə çəkilmiş xətt idi.

Bayden-Blinken administrasiyasından tutmuş, Makronun şəxsi ambisiyaları, Avropa İttifaqı və Avropa Parlamenti kürsülərindən səslənən hədələrə qədər…
 

MÖVZU İLƏ BAĞLI

Beynəlxalq təşkilatlar Ağ Ev görüşünə necə reaksiya VERDİLƏR? – ARAŞDIRMA


Sanksiyalar, qarayaxma kampaniyaları, beynəlxalq mediada məqsədli hücumlar – hamısı eyni məqsədə xidmət edirdi: Azərbaycanı geri addım atmağa məcbur etmək. Amma bu planların qarşısında prezident İlham Əliyevin qətiyyəti, iradəsi və yenilməz lider xarakteri dayandı. O, bir addım belə geri çəkilmədi. Hər görüşdə, hər bəyanatda eyni prinsipial xətt – Azərbaycanın maraqları, iqtisadi rifahı və haqqı qorundu!

Dünən öz ölkəsindən dilini uzadıb hədəylə danışanlar, bu gün reallığın dili ilə danışmağa və təbrik etməyə məcbur qaldılar, ən azından susdular. Vaşinqtonda izlədiklərini, Azərbaycanın uğurunu necə deyərlər, “bir batman bal ilə yesələr də” hələ ki həzm edə bilmirlər. Çünki bu səfər təkcə diplomatik qələbə deyil, həm də siyasi iradənin, milli mövqenin, kiçik deyilən xalqın böyük uğuru idi.

Üstəlik bu səfərdə dövlət başçımız təkcə Azərbaycanın deyil, bütün Qafqazın da maraqlarını qorumağı öz üzərinə götürmüşdü. Ermənistanın baş naziri Nikol Paşinyanın İlham Əliyevin səlis nitqindən sonra “Tam razıyam, heç bir əlavəm yoxdur”, deyə yarızarafat-yarıciddi “müdaxiləsi” də əslində regionda kimin söz sahibi olduğunun bariz göstəricisi idi.

Azərbaycanın qətiyyəti kimlərin planını pozdu?

Vaşinqton səfəri ilə bağlı fikirlərini Bizim.Media ilə bölüşən deputat Hikmət Babaoğlu vurğulayır ki, biz təkcə əldə edilən razılaşmanın mətninə və əhəmiyyətinə nəzər salmalı deyilik.

Həm də bu nəticəni əldə etmək üçün gəldiyimiz yola nəzər salmalıyıq, onu analiz etməliyik. Belə olanda əldə etdiyimiz nailiyyəti daha düzgün, daha obyektiv qiymətləndirə bilərik:

“Klassik diplomatiya müxtəlif metodlarla qarşıya qoyulmuş məqsəd üçün xüsusi bir vasitədir. Ancaq onun da müəyyən imkanları var. Azərbaycan diplomatiyasının ABŞ-da əldə etdiyi böyük tarixi uğur bu klassik diplomatiyanın məntiqi ilə izah edilə bilmir – onun fövqündə durur. Çünki Azərbaycanın əldə etdiyi hərbi-siyasi qələbəni diplomatik masada əlimizdən geri almağa çalışırdılar.

Bunlara Bayden-Blinken administrasiyası, Başda Makron olmaqla Avropa İttifaqı ilə yanaşı, ATƏT və digər beynəlxalq təşkilatlar, həmçinin Azərbaycana hələ də imperiya gözü ilə baxan şimal və cənub qonşularımız da daxil idi. Bütün bunlara baxmayaraq Azərbaycan Prezidenti əldə etdiyimiz qələbəni hüquqi-diplomatik müstəvidə məntiqi sonluğa çatdırmağı bacardı”, - deyə millət vəkili bildirib. 

Azərbaycana qarşı hibrid koalisiyası məğlub oldu

H. Babaoğlu hesab edir ki, bu, böyük bir qələbə kimi tarixə düşməlidir:

“Müharibədən sonrakı ötən 5 il ərzində Azərbaycana qarşı təzyiqlərin, şantajların, hədələrin hər formasını gördük. O cümlədən informasiya müharibəsinin bütün komponentlərini öz üzərimizdə hiss etdik. Amma prezidentimizin qətiyyəti, cəsarəti, diplomatik uzaqgörənliyi və siyasi müdrikliyi sayəsində biz Vaşinqtonda öz mübarizəmizi böyük bir uğurla sonlandırmağı bacardıq. Azərbaycana qarşı yaradılmış hibrid koalisiyası məğlub oldu”.

Əldə edilmiş böyük diplomatik uğurun əhəmiyyətinə gəldikdə isə millət vəkili bildirir ki, 8 avqust 2025-ci il tarixindən təkcə Azərbaycan yox, həm də region ölkələri hələ uzun illər danışacaq.

Bu, təkcə Ermənistanla Azərbaycan arasında sülhə gedən yolda əsas hadisə deyil, bütövlükdə regionda yeni hərbi-siyasi güc balansının formalaşması, yeni regional arxitekturanın inşa edilməsi və bunun təməlində Azərbaycanın dayanması hadisəsidir – Qafqaz mərkəz olmaqla Orta Asiya və Şərq üçün yeni bir siyasi üfüq açılır. Azərbaycan həm öz dövlətçilik tarixində, həm də beynəlxalq arenada tamamilə yeni bir mərhələyə qədəm qoydu.

Şəfiqə Şəfa, Bizim Media

Seçilən
20
50
bizim.media

10Mənbələr