AZ

Vaşinqton razılaşmasının iki müddəası belə həll ediləcək: Artıq proses başlayıb - MÜSAHİBƏ

BAKI, 11 avqust. TELEQRAF

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Teleqraf-ın suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Elxan bəy, Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın, Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın Baş naziri Nikol Paşinyanın iştirakı ilə baş tutan görüşlər və nəticələrlə bağlı ilkin yanaşmalar necədir? Cənubi Qafqaz üçün əldə edilən nəticələrin perspektivini necədə dəyərləndirirsiniz?

- Vaşinqton görüşünün dörd mühüm nəticəsi haqqında danışmaq olar. Bu, “Azadlığa dəstək haqqında 907-ci” düzəlişin dondurulması və gələcəkdə hətta ABŞ Konqresi tərəfindən düzəlişin ləğvi, ATƏT-in Minsk Qrupunun buraxılması ilə bağlı birgə bəyanatın qəbul edilməsi, Zəngəzur dəhlizinin açılması, eyni zamanda onun idarə olunması ilə bağlı konsersiumun yaradılması və sülh sazişinin paraflanmasıdır.

Sülh sazişinin paraflanmasının tərkibində gələcəkdə Ermənistan konstitusiyasının dəyişdirilməsi məsələsi də yer alıb.

Əldə edilən bu dörd nəticədən ikisi artıq yerinə yetirilmiş kimi görünür. Bu “907-ci” düzəlişin dondurulması və ATƏT-in Minsk Qrupundan imtinadır. Çünki bu iki məsələyə maneə olacaq elə bir element yoxdur. Amma digər iki məsələyə, yəni, Zəngəruz dəhlizinin açılması və Ermənistan konstitusiyasındakı dəyişiklik zamanla həll olunacaq.

- Bu iki məsələdə əsas problemlər və təhlükə nədən ibarətdir?

- Azərbaycanın və ABŞ-in bölgədə maraqlarının əleyihə olan qüvvələr var. Rusiyada, İranda Ermənistanın özündə belə qüvvələr az deyil. Bu qüvvələr Paşinyana qarşı təxribat törədə bilərlər ki, o bu öhdəlikləri yerinə yetirə bilməsin.

Bununla bağlı İrandan ikitirəli açıqlamalar verilir. İran Prezidenti Məsud Pezeşkian, Xarici İşlər Nazirliyi Vaşinqton razılaşmasına normal yanaşır. Onlar bunun İrana elə bir təhlükəsinin olmadığını qeyd edir.

Amma digər mühafizəkar qrup bunun tam əksinə olaraq təxribatçı açıqlamalar verir ki, razılaşmalar İranın əleyhinədir. Hətta bir qədər də irəliyə gedərək İranın bu prosesin qarşısını alacağını söyləyirlər.

- İran prosesin qarşını hansı halda ala bilər?

- Əslində Tehran özünün problemləri ilə məşğul olsa daha yaxşı olar. İsraillə müharibə zamanı 12 gün bunkerlərdə gizlənənlər indi Azərbaycanı hədələməyə başlayıblar. İranın Azərbaycan üzərində bu prosesə təsir aləti yoxdur. Ancaq Rusiya və İran Ermənistan üzərindən müəyyən təxribatlar törədə bilər.

Ermənistandakı radikalların əli ilə bunu etməyə çalışacaqları ehtimal edilir. Ona görə də məhz bu iki prosesə maneə olmağa çalışacaqlar.

- Prosesi pozmaqda məqsəd nədir?

- Əsas məqsədləri odur ki, Ermənistan konstitusiyasında dəyişiklik edilməsin və Bakı ilə İrəvan arasında sülh müqaviləsini imzalamaq mümkün olmasın. O qüvvələr anlayırlar ki, Ermənistan konstitusiyası dəyişdiriləcəksə, onun Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşacaq. İddia edirlər ki, bu da Türkiyə və Azərbaycanın regionda mövqelərinin güclənməsi deməkdir.

Zəngəzur dəhlizi məsələsində də bu qüvvələrin bir qədər inadkarlıq edəcəyi gözlənilir. Amma bütün hallarda indi top Paşinyanın meydançasındadır. O bu məsələləri sürətlə həll etməlidir. Zamanın öhdəsinə buraxsa, özünə böyük təhlükələr yarada bilər.

Ermənistanda gələn il parlament seçkiləri keçiriləcək və ondan sonra konstitusiya dəyişikliyi ilə bağlı referenduma gediləcəyi deyilir. Bu isə hadisələrin indiki gedişində böyük müddətdir.

- Paşinyan prosesləri sürətləndirmək üçün nələri edə bilər?

- Ermənistandakı parlament seçkilərinin müddətini önə çəkib, seçki keçirib, referenduma getməklə konstitusiya dəyişiklikləri edilməlidir. Məhz bundan sonra Azərbaycanla sülh sazişini imzalamaq mümkün olacaq. Bununla da Zəngəzur dəhlizinin açılması istiqamətində prosesi sürətləndirmək olar.

- Rusiyadan Vaşinqton razılaşmasına dair verilən ikibaşlı izah nədən ibarət idi? Onlar deyir ki, bu razılaşmalardakı müəyyən məsələləri təhlil edəcəyik və sair. Nəyi təhlil edəcəklər?

- İrandakı mühafizəkar dairələr Rusiyadan fərqli olaraq Azərbaycanı açıq-aşkar hədələyirlər. Bununla yanaşı Amerikanı, Trampı açıq şəkildə təhdid edirlər. Bunun fonunda Rusiyadakı dairələr fərqli mövqedən çıxış edirlər. Kreml və onun ətrafındakı media hazırda birbaşa ABŞ əleyhinə çıxış edə bilmir.

Rusiya Prezidenti Vladimir Putinin bu yaxınlarda ABŞ Prezidenti Donald Trampla görüşü gözlənilir. Ona görə də indiki halda Kremlin Vaşinqton razılaşmasına qarşı çıxması Putinin anti-Tramp siyasəti yürütməsi kimi izah olunacaq. Putin də indiki dönəmdə Tramp əleyinə hansısa addım atmağı istəmir.

Amma bunun müqabilində Rusiyadakı bəzi media strukturları, deputat Konstantin Zatulin kimiləri Azərbaycan və Ermənistan əleyhinə açıqlamlar verməklə məşğuldur. Bunun fonunda Rusiya Xarici işlər nazirliyinin sözçüsü Mariya Zaxarovanın açıqlaması bir qədər balanslı idi. Vaşinqtonu hədəf almadan Ermənistana mesaj verirlər ki, İrəvan Moskvadan qopa bilməyəcək və sair.

Seçilən
15
teleqraf.com

1Mənbələr