AZ

Prezident İlham Əliyev təkcə müharibənin qalibi deyil, həm də sülhün müəllifidir – ŞƏRH

Bakı, 11 avqust, AZƏRTAC

Avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Baş naziri Nikol Paşinyan və ABŞ Prezidenti Donald Tramp tərəfindən imzalanan Birgə Bəyannamə Cənubi Qafqazda 30 ilə yaxın davam edən münaqişəni tarixin arxivinə gömən və təkrarlanmamasına zəmanət verən diplomatik əhəmiyyətə malikdir. Bu sənəd Azərbaycanın Ermənistan üzərində hərbi qələbəsinin beynəlxalq müstəvidə siyasi təsdiqi idi. İrəvan 10 noyabr kapitulyasiya aktı ilə üzərinə götürdüyü öhdəliklərə sadiq qaldığını Vaşinqtonda nümayiş etdirdi. Birgə Bəyannamə Azərbaycanı özünün strateji hədəflərinə daha da yaxınlaşdırdı. Bu sənəd Zəngəzur dəhlizini icra vəziyyətində olan layihə halına gətirdi.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Milli Məclisin deputatı Mehriban Vəliyeva deyib. O bildirib ki, ABŞ Prezidenti Donald Trampın dəvəti əsasında Azərbaycan Prezidenti İlham Əliyevin Vaşinqtona səfəri yalnız ölkəmiz üçün deyil, bütövlükdə region üçün tarixi əhəmiyyət daşıyır: “Səfər zamanı Azərbaycan və Ermənistan sülh gündəliyi ilə yanaşı, ölkəmiz ilə ABŞ arasında strateji tərəfdaşlığın gücləndirilməsi məsələləri xüsusi müzakirə mövzusu oldu. Donald Trampın yenidən hakimiyyətə gəlməsi ABŞ və Azərbaycan arasındakı münasibətlərdə yeni səhifə açıb. Hələ 2024-cü ilin noyabrın 5-i ABŞ-da keçirilən prezident seçkilərindən 3 ay öncə Şuşada keçirilən Qlobal Media Forumunda ABŞ-dakı seçkilərlə bağlı jurnalistin sualını cavablandırarkən Prezident İlham Əliyev böyük uzaqgörənlik və cəsarət nümayiş etdirərək o zaman prezidentliyə namizəd olan D.Tramp haqqında müsbət fikirlər söyləyərək dövlət başçısı kimi onun namizədliyini dəstəkləmişdi. D.Tramp ABŞ Prezidenti seçildikdən sonra iki ölkə arasında münasibətlərin inkişafında yeni dövr yarandı. Azərbaycan-ABŞ münasibətləri enerji, ticarət və tranzitin də daxil olduğu regional bağlantılar süni intellekt və rəqəmsal infrastrukturun da daxil olduğu iqtisadi sərmayə istiqamətində inkişaf etdiriləcək. ABŞ-Azərbaycan münasibətləri keyfiyyətcə yeni mərhələyə qədəm qoyur. Əməkdaşlıq strateji tərəfdaşlığa doğru irəliləyir. Səfər zamanı imzalanmış “Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları arasında strateji tərəfdaşlığa dair xartiyanın inkişaf etdirilməsi məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumu” buna əyani sübutdur. Strateji İşçi Qrupu regional bağlantılar infrasturukturunun və enerji sahəsində sərmayələrin genişləndirilməsi, eləcə də regional iqtisadi-ticari əməkdaşlığın irəlilədilməsi, həmçinin süni intellektin inkişafı kimi vacib məsələlərlə məşğul olacaq. Enerji sahəsində əməkdaşlıq ABŞ mütəffiqlərinin Azərbaycan qazı hesabına öz enerji təhlükəsizliyini daha da gücləndirməsinə imkan yaradacaq. 14 ölkəyə mavi qaz nəql edən Azərbaycan ABŞ-ın Avropadakı tərəfdaşlarının enerji təhlükəsizliyinin güclənməsinə xüsusi töhfə verir. Prezident İlham Əliyevlə Prezident Tramp arasında qurulmuş uğurlu əməkdaşlığın nəticəsi olaraq bu səfər çərçivəsində Prezident Tramp tərəfindən “Azadlığı Müdafiə Aktı”na 907 saylı düzəlişin icrasını dayandıran sənəd imzalandı. Torpaqlarımızın Ermənistan tərəfindən işğalı dövründə ABŞ Konqresi 1992-ci ildə Azərbaycanın guya Ermənistana “blokada” tətbiq etməsini bəhanə kimi gətirərək, Azərbaycana ABŞ-dan dövlət yardımının göstərilməsinə qadağa qoyan qanun qəbul etmişdi. Bayden-Blinken administrasiyası Əfqanıstan əməliyyatları başa çatan kimi nankorcasına 907 saylı düzəlişi yenidən gündəmə gətirdi və bundan Azərbaycana qarşı təziq vasitəsi kimi istifadə etməyə çalışdı. Prezident İlham Əliyevin Vaşinqton səfəri, imzalanan birgə sənədlər Azərbaycanofobiya xəstəliyinə tutulmuş Fransa Prezidenti Makronun, keçmiş qondarma qurumu “tanıyan” fransız deputatların, Avropa Parlamentinin, Qərb mediasının, “Amnesty International”, “Human Rights Watch”, erməni lobbisinin, ANCA-nın iflasıdır. Bu səfər Azərbaycanla təhdid dili ilə danışan, qarşımıza “qırmızı xətlər” qoyan qüvvələrə samballı cavabdır”.

Mehriban Vəliyeva qeyd edib ki, Birgə Bəyannamədə Azərbaycan üçün ən vacib məqamlardan biri ölkəmizin əsas hissəsini Naxçıvanla birləşdirəcək Zəngəzur dəhlizi ilə bağlı bənddir: “Hələ 2021-ci ilin aprel ayında Azərbaycan Prezidenti İlham Əliyev yerli telekanallara müsahibəsində bildirmişdi ki, biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də. İstəsə, daha asan həll edəcəyik, istəməsə də zorla həll edəcəyik. Azərbaycan Prezidenti ötən gün daha bir vədini yerinə yetirmiş oldu. Özü də bu vəd dünyanın bir nömrəli paytaxtında, bir nömrəli oval kabinetində təsdiqləndi.

Deputat bildirib ki, Zəngəzur dəhlizinin açılması məsələsi 2020-ci il noyabrın 10-da Azərbaycan və Rusiya prezidentlərinin və Ermənistanın Baş nazirinin imzaladığı üçtərəfli Bəyanatda öz əksini tapmışdı: “Sonradan Ermənistan Bəyanatın “kommunikasiyaların açılması” bəndini özünəməxsus tərzdə interpretasiya etməyə çalışdı. İrəvan Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək qısa yolu uzatmaq üçün müxtəlif ağlasığmaz təkliflər irəli sürdü. Heç bir coğrafi, iqtisadi əsaslandırması olmayan bu təklifləri rəsmi Bakı rədd etdi. Sonda Ermənistan məcbur olub Bakının tələbləri ilə razılaşmalı oldu. Zəngəzur dəhlizinin həm də “Tramp yolu” adlandırılması bu layihənin beynəlxalq əhəmiyyətini, təhlükəsizliyi təmin edir. “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP layihəsi) Azərbaycanın geoiqtisadi rolunu gücləndirəcək. ABŞ-nin təşəbbüsü ilə formalaşan bu marşrut Azərbaycanın tranzit mərkəz kimi mövqeyini daha da möhkəmləndirəcək. Birgə Bəyannamədə BMT Nizamnaməsi və Alma-Ata Bəyannaməsinə istinad edilməsi sərhəd toxunulmazlığı prinsipini beynəlxalq hüquqla təsdiqləyir, “güc tətbiq etməmək” bəndi isə Ermənistanın gələcək revanşizm cəhdlərinə qarşı hüquqi baza yaradır, tərəflərin üzərinə öhdəlik qoyur. Bu layihənin önəmi həm də ondadır ki, ilk dəfə olaraq Azərbaycan və Ermənistan Rusiyanın hər hansı formada iştirakı olmadan ABŞ-n zəmanəti ilə öz üzərlərinə sülh öhdəliyi götürdülər. Bir-birinin suverenliyini və ərazi bütövlüyünü rəsmi imzalanmış sənədlə tanıdılar. Tərəflər bir-birinin ərazi toxunulmazlığına əsaslanaraq, qarşılıqlı olaraq güc işlətməkdən imtina etməklə regional əməkdaşlığın əsası kimi dövlətlərarası münasibətlərin bərpasını və kommunikasiyaların açılmasını nəzərdə tutan yeni regional sabitlik və əməkdaşlıq mexanizmi yaratmaq niyyətlərini ifadə etdilər”.

Mehriban Vəliyevanın sözlərinə görə, sənəddə digər diqqətçəkən məqam ATƏT-in Minsk Qrupunun və onun strukturlarının ləğvi ilə bağlı hər iki ölkənin razılığıdır: “Bu, Azərbaycan Ermənistanla sülh müqaviləsinin imzalamaq üçün irəli sürdüyü 2 əsas şərtindən biridir. Minsk Qrupunun ləğvi ilə əlaqədar ATƏT-ə birgə müraciətin edilməsi Qarabağ məsələsini vasitəçilik predmeti olmaqdan çıxarır. Bakının ikinci şərti - Ermənistan Konstitusiyasına dəyişikliklərin edilərək Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılması hələlik açıq qalır. Birgə Bəyannamədə Azərbaycan və Ermənistan arasında dövlətlərarası münasibətlərin və sülhün qurulmasına dair Sazişin mətni paraflanandan sonra adıçəkilən “sazişin imzalanması və ratifikasiyasına nail olmaq üçün növbəti addımların atılması”nın zəruriliyi tanınır. Yəni yekun sülh sazişinin imzalanması üçün əsas tələblərdən biri – Ermənistan Konstitusiyasının dəyişdirilməsinin zəruriliyi təsdiq olunur. 2026-cı ildə Ermənistanda konstitusiya dəyişiklikləri ilə əlaqədar referendum keçirildikdən sonra sülh sazişinin yekun imzalanması təmin olunacaq”.

Deputat əlavə edib ki, Vaşinqton görüşü Azərbaycanın siyasi rəhbərliyinin qarşısına qoyduğu hədəflərə çatmağın yollarını bildiyini göstərdi: “Dünya bir daha Azərbaycan Prezidentinin peşəkar diplomatik məharətinin, siyasi təcrübəsinin, cəsarətinin şahidi oldu. Bu sənəd 2020-ci ildə əldə etdiyimiz Qələbənin ABŞ Prezidenti Donald Trampın da iştirakı ilə təntənəsi, təsdiqidir. Trampın Azərbaycan-Ermənistan normallaşma prosesində belə yaxından iştirakı C.Karterin 1978-ci il Kemp-Deviddə Misir ilə İsrail arasında imzalanmış müqavilə ilə müqayisə oluna bilər. Biz müharibəni qazanmışdıq, bu dəfə sülhü qazandıq. Vaşinqton Bəyannəməsi həm də Ermənistan üçün tarixi fürsətdir. İşğalçılıq siyasəti üzündən blokada vəziyyətində qalan Ermənistan böhrandan çıxmaq, qonşuları ilə normal münasibət qurmaq üçün imkanlar əldə edib. İrəvan bu şansı sona qədər düzgün dəyərləndirməli və üzərinə götürdüyü öhdəlikləri vaxtında yerinə yetirməlidir.

 

Seçilən
89
50
azertag.az

10Mənbələr