AZ

Yeni dünya düzəninə Azərbaycan imzası


Azərbaycan və Ermənistan liderlərinin ABŞ-da imzaladığı sənəd regionun gələcək təhlükəsizlik və əməkdaşlıq arxitekturasını müəyyənləşdirir. 2025-ci il avqustun 8-də Vaşinqtonda imzalanan üçtərəfli Bəyannamə Cənubi Qafqazda onilliklərdir davam edən gərginlik dövrünün başa çatması istiqamətində ən ciddi siyasi addımlardan biri kimi tarixə düşdü. Sənəd həm diplomatik mətn, həm də siyasi siqnal olaraq, tərəflərin uzunmüddətli sülh və əməkdaşlıq iradəsini təsdiqləyir. Bəyannamənin ilk bəndində iki dövlət arasında sülh sazişinin ilkin imzalanması və onun tezliklə yekunlaşması ilə bağlı razılıq diqqət çəkir. Bu, illərlə davam edən danışıqların real sənəd forması alması deməkdir. Paralel olaraq, ATƏT-in Minsk prosesi və ona bağlı mexanizmlərin ləğv edilməsi ilə bağlı birgə müraciət, Qarabağ münaqişəsinin beynəlxalq gündəmdə formal olaraq bağlandığını göstərir. Bu addım, münaqişənin gələcəkdə üçüncü tərəflər tərəfindən yenidən gündəmə gətirilməsi imkanlarını minimuma endirir. Sənəddə yer alan nəqliyyat əlaqələrinin açılması və dövlətlərin suverenliyinə hörmət prinsipi əsasında "maneəsiz" əlaqələrin qurulması xüsusi əhəmiyyət daşıyır. Azərbaycan üçün bu, Naxçıvanla quru yolunun bərpası, Ermənistan üçün isə beynəlxalq ticarət marşrutlarına çıxış imkanının genişlənməsi deməkdir. Xüsusilə "Beynəlxalq Sülh və Rifah Naminə Tramp Marşrutu" (TRIPP) layihəsi, təkcə siyasi simvol deyil, həm də iqtisadi-logistik perspektivləri ilə diqqət çəkir. ABŞ-ın burada tərəfdaş və investisiya mərkəzi kimi rolu, layihəyə geosiyasi dəyər qatır. Bəyannamənin 5-ci bəndi"qisasçılıq cəhdlərinin tamamilə rədd edilməsi" tərəflərin gələcəkdə silahlı toqquşmalara qapını bağlamaq niyyətini göstərir. Bu, həm də, daxili auditoriyalara verilən aydın siqnaldır ki, münaqişə səhifəsi bağlanıb və yenidən açılmayacaq! Ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsiplərinin vurğulanması, Alma-Ata Bəyannaməsi ilə hüquqi bazanın möhkəmləndirilməsi, regionun yeni təhlükəsizlik konsepsiyasını formalaşdırır. Eyni zamanda Vaşinqtonda imzalanan üçtərəfli Bəyannamə, 2020-ci ilin 10 noyabrında Rusiya Prezidenti V.Putinin iştirakı ilə imzalanmış üçtərəfli bəyanatın siyasi ömrünü də, faktiki olaraq başa çatdırdı. 10 noyabr bəyanatı müharibəni dayandırmaq üçün zəruri olsa da, onun maddələrinin icrasında ciddi boşluqlar qalmışdı. Vaşinqton sənədi isə yeni reallıqlar fonunda Azərbaycanın bütün tələblərini əks etdirərək prosesə yekun nöqtə qoydu. Vaşinqton Bəyannaməsinin ən mühüm geosiyasi nəticələrindən biri Rusiya tərəfindən illərdir qorunan "post-sovet məkanı" anlayışının real məzmununun dağıdılması oldu. İki əsr ərzində Avrasiyada mövcud olan, Moskvanın regional hegemonluğunu legitimləşdirmək üçün istifadə etdiyi bu konsepsiya, ilk dəfə ciddi şəkildə beynəlxalq sənəddə əhəmiyyətsizləşdirildi. ABŞ Prezidenti Donald Trampın diplomatik iradəsi və İlham Əliyevin siyasi çəkisi nəticəsində Rusiya Qafqazda vasitəçilik missiyasından kənarlaşdırıldı. Bu, yalnız Azərbaycan-Ermənistan prosesində deyil, bütövlükdə Avrasiya regionunda geosiyasi xəritənin yenidən çəkilməsi deməkdir. Rusiyanın 300 illik "genişlənmə" siyasəti tarixində ilk dəfə məhdudlaşma mərhələsinə qədəm qoyur. 2020-ci ilin 44 günlük Vətən müharibəsində "Müzəffər Ali Baş Komandan" kimi tarixə düşən İlham Əliyev, bu dəfə "Müzəffər Ali Baş Diplomat" titulunu qazandı. Vaşinqtonda imzalanan Bəyannamə Azərbaycanın diplomatik meydanda qazandığı ən mühüm uğurlardan biridir. Bu uğurun əsasında Qarabağ üzərində suverenliyin tam bərpası, yeni geosiyasi reallıqların yaradılması və beynəlxalq aləmdə Azərbaycanın nüfuzunun möhkəmlənməsi dayanır. Prezident İlham Əliyevin Vaşinqtondakı çıxışı bir daha göstərdi ki, Azərbaycanın mövqeyi dəyişməzdir: ədalətli sülh, bərabərhüquqlu münasibətlər və qarşılıqlı hörmət! Bu sözlər sadəcə diplomatik protokol ifadələri deyil, həm də xalqın illərlə gözlədiyi ümidin təcəssümüdür. Vaşinqton sənədi dövlətimizin növbəti qələbəsidir, çünki Ermənistan Azərbaycanın bütün şərtlərini qəbul edib. Bu isə o deməkdir ki, yekun sülh sazişi artıq zaman məsələsidir və proses yalnız Ermənistanda keçiriləcək konstitusiya referendumu ilə bağlıdır. Vaşinqton sənədinə "Tramp yolu" ifadəsinin salınması ilə bu marşrut beynəlxalq diplomatik leksikona rəsmən daxil oldu. Əvvəllər Rusiya nəinki "Zəngəzur dəhlizi" ifadəsini sənədlərə salmaq istəməmiş, hətta buna mane olmuşdu. İndi isə bu yolun beynəlxalq səviyyədə tanınması Azərbaycanın strateji məqsədlərinə yeni imkanlar açır. Bununla belə, Azərbaycan diplomatiyasının qarşısında növbəti vəzifə "Zəngəzur dəhlizi" ifadəsini də rəsmi beynəlxalq sənədlərə daxil etdirməkdir. Bu, tarixi ədalətsizliyə etirazın simvolu və milli mövqeyin təsdiqi olacaq. Vaşinqton görüşü yalnız Cənubi Qafqaz üçün deyil, bütövlükdə dünya siyasəti üçün yeni mərhələnin başlanğıcını qoydu. Bu görüşün ABŞ paytaxtında baş tutması təbiidir, lakin prosesin uzun illər ABŞ-ın arzulamadığı bir istiqamətdə, Azərbaycan şərtləri əsasında nəticələnməsi, bir o qədər diqqətçəkici və qürurvericidir. Həqiqətən də, İlham Əliyev regiona sülh gətirən lider kimi tarixə düşdü. Lakin bu sülh, əslində, qlobal güc balansında yeni düzənin ilk addımıdır. ABŞ, Avropa İttifaqı və region ölkələrinin razılığı ilə formalaşan bu yeni reallıq, Azərbaycanın yalnız hərbi deyil, diplomatik gücünün də təsdiqidir. Bu, kiçik bir dövlətin böyük güclər masasında öz maraqlarını qorumağı bacarığının ən parlaq nümunəsidir. 8 avqust 2025-ci il tarixi, Prezident İlham Əliyevin siyasi iradəsi, uzaqgörənliyi və diplomatik ustalığı sayəsində Azərbaycan tarixində yeni bir mərhələnin başlanğıcı kimi yadda qalacaq. Bu mərhələ, təkcə Zəngəzurdan Naxçıvana uzanan bir yolun açılması deyil, həm də Qafqazdan başlayan yeni dünya düzəninə atılmış mühüm addımdır. Vaşinqton Bəyannaməsi Cənubi Qafqaz üçün yalnız diplomatik sənəd deyil, həm də siyasi yol xəritəsidir. Onun uğuru, tərəflərin verdiyi öhdəliklərə sadiqliyindən, regional güclərin destruktiv təsirlərinə qarşı dura bilməsindən və beynəlxalq dəstəyin davamlılığından asılı olacaq. Azərbaycan üçün bu sənəd, dövlətin diplomatik mövqeyinin gücünü və regional liderlik statusunu bir daha təsdiqləyir. Lamiyə İsazadə, Yazıçı-publisist, QHT sədri.
Seçilən
30
50
baki-xeber.com

10Mənbələr