İnnovasiya və sürət lideri “Bakcell” Avropa Gənclər Parlamentinin (AGP) Azərbaycan nümayəndəliyinin təşkilatçılığı ilə keçirilən “11-ci Milli Seçim Konfransı”nın əsas tərəfdaşıdır. AGP Azərbaycan tərəfindən 8–12 avqust tarixlərində təşkil edilən “Milli Seçim Konfransı” Azərbaycanın müxtəlif bölgələrindən və Avropa ölkələrindən olan fəal gəncləri bir araya gətirir. İştirakçılar tədbirlərdə və debatlarda rəqəmsal dövrün aktual mövzuları üzrə fikir mübadiləsi aparır və beynəlxalq sessiyalarda ölkəni təmsil etmək şansı qazanırlar.
Tədbirin açılış mərasimində “Bakcell”in ictimaiyyətlə əlaqələr və korporativ kommunikasiyalar üzrə direktoru Aysel Süleymanova gəncləri salamlayaraq bildirib ki, rəqəmsallaşmanın sürətlə yayıldığı bir dövrdə innovasiyalar bir sıra fəaliyyət istiqamətlərində inkişaf imkanları yaradır. O, innovasiya mövzusuna əsaslanan bu cür görüşlərin gənclərin gələcək karyeraları üçün əhəmiyyətli olduğunu vurğulayıb. Tədbirdə “Bakcell”in məhsul üzrə eksperti Rüfət Quliyevin təqdimatında “Süni intellekt və innovasiya” mövzusunda interaktiv sessiya keçirilib.
Təlimin əsas məqsədi gənclərin rəqəmsal savadlılığını artırmaq, onları texnologiya və süni intellektdə ən son trendlərlə tanış etmək, həmçinin bu sahələrin gələcək imkanlarına dair düşüncələrinin formalaşdırılmasına dəstək olmaqdır. Sessiya zamanı innovasiyaların gündəlik həyata təsiri müzakirə olunub, iştirakçılar interaktiv tapşırıqlar vasitəsilə yaradıcı və innovativ ideyalarını nümayiş etdirmək imkanı əldə ediblər.