AZ

Azərbaycan- ABŞ münasibətlərində yeni tarix yazıldı

“Dövlət başçısı İlham Əliyevin avqustun 7-də Birləşmiş Ştatların Prezidenti Donald Trampın dəvəti ilə bu ölkəyə gerçəkləşən səfəri hazırda ölkə və dünya mətbuatında geniş təhlil edilməkdədir. Donald Trampın yenidən Prezident seçilməsindən sonra Azərbaycan-ABŞ münasibətlərində müsbət dinamika müşahidə olunur. Bayden administrasiyası dövründə gərginləşən ikitərəfli əlaqələr hazırda qarşılıqlı etimad və siyasi dialoq əsasında yenidən canlanır. Prezident İlham Əliyevin ABŞ-a səfəri yalnız Azərbaycan-ABŞ münasibətlərinin genişlənməsi baxımından deyil, eyni zamanda, beynəlxalq informasiya müstəvisində Azərbaycanın mövqeyinin güclənməsi və diplomatik sahədə əldə etdiyi növbəti uğur kimi dəyərləndirilir. Səfər, həmçinin ölkəmizin beynəlxalq münasibətlər sistemində nüfuzunun və etibarlı tərəfdaş kimi qəbul olunduğunun növbəti təsdiqi oldu. Vaşinqtonda aparılan müzakirələrin nəticələri, imzalanan sənədlər yalnız ikitərəfli münasibətlərə deyil, bütövlükdə regionda sabitlik və əməkdaşlıq perspektivlərinə işıq saldı. Ağ Evdə Prezident İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp və Ermənistanın baş naziri Nikol Paşinyanla görüşü ölkəmiz və regionumuz, eləcə də dünya üçün çox vacib, tarixi əhəmiyyət kəsb etdi. Bu görüş regionda dayanıqlı sülhün təmin olunması istiqamətində atılan mühüm addımdır”.

Modern.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.

Millət vəkili qeyd edib ki, Prezident İlham Əliyevin, Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın və Ermənistanın baş naziri Nikol Paşinyanın imzaladıqları Birgə Bəyannamədə bu məqam xüsusi  qeyd edilir ki, regionda və onun qonşuluğunda dövlətlərin suverenliyi, ərazi bütövlüyü və yurisdiksiyasına hörmət əsasında sülhün, sabitliyin və rifahın təşviqi üçün iki ölkə arasında ölkədaxili, ikitərəfli və beynəlxalq nəqliyyatın təmini məqsədilə kommunikasiyaların açılmasının əhəmiyyətini bir daha təsdiq etdik. Bu səylər Azərbaycan Respublikasının əsas hissəsi və onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantını və Ermənistan Respublikası üçün beynəlxalq və ölkədaxili bağlantılar üzrə qarşılıqlı faydaları ehtiva edir: “Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan Ağ Evdə mətbuata bəyanatla çıxış etdilər. Dövlətimizin başçısı bəyanatında bildirdi ki, bu gün Azərbaycan ilə ABŞ arasında ikitərəfli, dövlətlərarası münasibətlərimizdə yeni tarix yazırıq. Biz strateji tərəfdaşlıq yoluna qədəm qoyuruq və bir neçə ay ərzində Strateji Tərəfdaşlıq Xartiyası işlənib hazırlanacaq. Bu isə Azərbaycan üçün tarixi nailiyyətdir. Çünki dünyanın ən qüdrətli ölkəsi ilə strateji tərəfdaşlıq münasibətlərinə malik olmaq həm fürsətdir, həm də məsuliyyət. Prezident İlham Əliyev bu əminliyi də ifadə etdi ki, Ermənistan ilə Azərbaycan sülhün əldə olunması üçün özlərində cəsarət və məsuliyyət tapacaq, xalqlarımız da barışacaqlar. Qarşıdurma və qan tökülməsi səhifəsini çevirəcək, uşaqlarımız üçün işıqlı və təhlükəsiz gələcək təmin edəcəyik.

Prezident İlham Əliyev və Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp Azərbaycan  ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumunu da imzaladılar. Cənab İlham Əliyev bu fikri xüsusi vurğuladı ki, 33 il davam edən sanksiyaların sonu Prezident Trampın sayəsində mümkün oldu”.

Malik Həsənov vurğulayıb ki, dövlət başçısı İlham Əliyevin ABŞ-a səfəri çərçivəsində atılan addımların xronologiyasına diqqət yetirməklə bir daha Azərbaycanın, Prezident İlham Əliyevin nüfuzunun, söz sahibliyinin şahidinə çevrilir və bundan hər kəs böyük qürur hissi keçirir: “İmzalanan sənədlər arasında dövlətimizin başçısı İlham Əliyevin və ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoffun iştirakı ilə SOCAR-la “ExxonMobil” şirkəti arasında “Əməkdaşlıq haqqında Memorandum”u da xüsusi qeyd etməliyik. Strateji tərəfdaşlıq çərçivəsində Azərbaycan və ABŞ enerji, nəqliyyat, ticarətdən tutmuş, süni intellekt, müdafiə sahəsində satşa qədər çoxsaylı istiqamətlər üzrə əməkdaşlıq edəcəklər.  “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair Saziş” layihəsinin paraflanması, üçtərəfli görüşün nəticəsinə dair Birgə Bəyannamənin imzalanması Cənubi Qafqazda davamlı və dayanıqlı sülhün təmin olunması istiqamətində olduqca mühüm hadisədir. Təxminən 5 ilə yaxındır ki, Ermənisan məsələni yubatmağa, “Sülh kəsişməsi” adlı utopik layihə irəli sürərək oyunbazlıqla məşğul olmasına baxmayaraq, Azərbaycan ən böyük məqsədlərindən birinə-Zəngəzur dəhlizinin açılmasına nail olur. Azərbaycan ilk gündən təkid etdiyi maneəsiz gedişə nail olur”.

Millət vəkili onu da qeyd edib ki, tarixdə müharibəni udub, amma diplomatiyada uduzan çox ölkələr var: “Məsələn, İsrail Qəzzada hərbi qələbələr qazanmasına baxmayaraq, beynəlxalq imici darmadağın olub. Amma Azərbaycan həm müharibədə tam və mütləq qələbəyə imza atdı, həm onun nəticələrini beynəlxalq ictimaiyyətə qəbul etdirdi, həm də Vaşinqton zəfəri ilə sülhü qazandı”.

Malik Həsənov bildirib ki, ABŞ-Azərbaycan münasibətlərində yeni səhifə açıldı: “Dövlət başçısı İlham Əliyevin liderliyi ilə formalaşan yeni Qafqaz reallığı beynəlxalq səviyyədə təqdir edilir. Prezident İlham Əliyevin Vaşinqton səfəri, “ExxonMobil”la əməkdaşlıq Azərbaycanı enerji təminatçısından regional güc mərkəzinə çevirmək istiqamətində mühüm addım kimi dəyərləndirilir.  Bu, regionun inkişafına, sabitliyinə, beynəlxalq inteqrasiyasına böyük töhfə verəcək”.

Seçilən
81
50
modern.az

10Mənbələr