AZ

Mariano Dias “Alaves”ə qoşuldu

32 yaşlı dominikanlı mərkəz hücumçusu Mariano Dias bir il azad agent qismində klub axtarışından sonra “Alaves”ə qoşulub.

Arena.az bu barədə “Alaves”in mətbuat xidmətinə istinadən məlumat verir.

Tərəflər 2 illik – müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıblar.

Xatırladaq ki, Dias 2024-cü ilin iyul ayında “Sevilya”dan ayrıldıqdan sonra futbolsuz qalmışdı.

Mariano Dias “Badalona”nın məzunudur. Hücumçu, həmçinin “Real”, Lion “Olimpik”i və “Sevilya”da çıxış edib.

Dias klub səviyyəsində ümumilikdə 238 oyun keçirib, 84 qol vurub, 13 məhsuldar ötürmə verib.

Mariano 2013-cü ilin mart ayında debüt etdiyi Dominikan yığmasında 2 oyuna 2 qolla fərqlənib.

“Transfermarkt” internet-portalı 32 yaşlı dominikanlı mərkəz hücumçusunun transfer dəyərini 800 min avro məbləğində qiymətləndirir.

Seçilən
65
arena.az

1Mənbələr