AZ

Sabit tarif siyasəti nəyi dəyişə bilər? | TƏHLİL

Hansısa təklifi irəli sürərkən əsaslandırma vermək çox asandır. Vacib məqam təklifin məhz necə reallaşdırılacağıdır. Sabit tarif nədir? İndiyədək niyə yox idi? Onun tətbiqi bizə nə verəcək?

Sabit tarif - əgər belə demək mümkündürsə, xidmətə çıxış ödənişi deməkdir. Yəni, istehlakçının faktiki istehlak etdiyi deyil, bir növ, bir neçə məkanda istehlak edə biləcəyi imkanına sahib olduğu üçün müvafiq ödəniş elementidir. Başqa sözlə desəm, infrastruktura görə ödənilən məbləğdir. Sözügedən tarif növünün ən sadə izahı bundan ibarətdir.

Bəli, xarici praktikada belə bir tarif elementi mövcuddur. Lakin həmin ölkələrdə kommunal xidmətlərin səviyyəsi və keyfiyyəti də bizdə olduğu kimidirmi? Ən əsası, o ölkələrdə infrastruktur bizdəki qədər dövlət nəzarətindədirmi? Xeyr.

Fikrimi daha geniş izah etmək üçün bir qədər geri qayıdıram: Tarif Şurası ölkədə elektrik enerjisi, təbii qaz və əhaliyə göstərilən istilik xidməti üzrə qiymətləri bu ilin yanvarın 2-də dəyişdirdikdən sonra suya dair də fərqli qiymət siyasətinin yürüdüləcəyi haqda fikirlər səsləndi. Həmişəki kimi qeyd olundu ki, ölkədə su üzrə tariflər xərcləri qarşılamır. 1 kubmetr suyun istehlakçıya çatdırılması 1 manat 91 qəpiyə başa gəlsə də, mövcud tarif 70 qəpik təşkil edir. “Bu da su təchizatı sahəsində sürətli inkişafı çətinləşdirir. Odur ki, tarif sisteminin diferensiallaşdırılması məsələsi gündəmə gələ bilər",- deyə əlavə fikirlər söyləndi.

Bizdə kommunal xidmətlərə cavabdeh qurumlar tarifləri qaldırmaq təklifilə çıxış edəndə həmişə bu bəhanəni gətirirlər. Yəni, müvafiq xidmət üzrə xərclər yüksəkdir, qiymət isə aşağı. Bu düzgün əsaslandırmadırmı? Xeyr!

Bu cür izahatlar müəyyən mənada əsaslıdır, lakin tam olaraq deyil. Əsaslıdır, ona görə ki, kommunal xidmətlər üzrə istehsal-təchizat-istehlakçı zəncirində istər hər bir halqa, istərsə də bütövlükdə zəncir üzrə işlər düzgün qurulmayıb. Xərclərə dair söylənilən rəqəmlərin özünün də necə, hansı formada və nəyə əsasən hesablandığı məlum deyil. Ona görə də bu cür açıqlamalara irad tutmaq və əks-arqument gətirmək çətindir. Çünki problemin kökü əslində təminat və təchizat ilə bağlı strukturlar üzrə işin düzgün təşkil olunmamasında durur. Su sahəsində də vəziyyət belədir, elektrik enerjisi, təbii qaz, ictimai nəqliyyat və sair sahələrdə də... Yəni idarəetmə düzgün təşkil olunmadığından fəaliyyət səmərəli həyata keçirilmir, ciddi struktur böhranı hökm sürür. Ardıcıllıq yoxdur, funksionallıq düzgün qurulmayıb. Ona görə də xərclər şişir və əldə olunan qazanc çıxarı ödəmir. Yük də dövlətin üzərinə düşür.

Yuxarıda adları çəkilən bütün sahələr üzrə yığım, əhaliərəfindən ödənişlərin yerinə yetirilməsi neçə illərdir yüksək səviyyədədir. Heç bir qurum giley edə bilməz ki, göstərdiyi xidmətə görə istehlakçılardan pulunu ala və yığımı təmin edə bilmir. İndi hər şey elektronlaşdırılıb, avtomatlaşdırılıb. İstehlakçı ödənişi yerinə yetirmədikdə xidmət avtomatik dayandırılır. İndi 15-20 il əvvəlin arqumenti daha işə keçmədiyindən, əsas bəhanə kimi xərclərin çox, tariflərin isə aşağı olması göstərilir.

Ona görə də şərhlərimdə həmişə qeyd etmişəm ki, Tarif Şurası tərəfindən qiymət artımı siyasəti ilə kommunal xidmətlər üzrə keyfiyyəti yaxşılaşdırmaq mümkün deyil. Problem ondadır ki, qeyd olunan sektora investisiya lazımdır. Bundan ötrü isə kommunal xidmət göstərən sahələrdə islahatlar aparılmalı, idarəetmə təkmilləşdirilməli, xərclər dəqiqləşdirilməli və azaldılmalıdır. Bunun üçün də bəzi infrastruktur sahələr özəlləşdirməli, hərrac yolu ilə yerli və xarici sahibkarlara satılmalıdır. Hökumət qeyd olunan sahələri idarə etməkdən əl çəkməli, yaxasını qutarmalıdır.

Hər şey dövlətin əlində olduğu halda məsələn, qaz və işıq təchizatı sahəsində sabit tarif siyasətinin tətbiqi nə dərəcədə effekt verə bilər?! Sözügedən tarif növü hansı mexanizmin əsasında tətbiq olunacaq?! Yəni, məsələn, eyni istehlakçının kommunal xidmətə çıxış imkanlarının əhatə dairəsi necə müəyyən ediləcək? Nəhayət, sabit tarifin tətbiqi ölkəmizdə real şəraitdə dövlətin öz yükünün bir hissəsini vətəndaşların üzərinə transfer etməsi mənasına gəlməyəcəkmi?

Verilən izaha əsasən bu, əlavə ödəniş yükü yaratmayacaq. Dövlət inhisarı şəraitində bu mümkündürmü ?! Sözün qısası, görünən budur ki, biz islahatı təəssüf ki, hələ də qiymət siyasətində görürürük...


Pərviz Heydərov
Xüsusi olaraqAzVision.azüçün
Seçilən
29
1
azvision.az

2Mənbələr