ain.az bildirir, Apa.az portalına istinadən.
Rusiya prezidenti Vladimir Putin Tacikistan lideri Emomali Rəhmonla telefon danışığında Rusiya və ABŞ arasında aparılan danışıqlar prosesinin nəticələri barədə məlumat verib. APA xəbər verir ki, bu barədə Tacikistan prezidentinin mətbuat xidməti məlumat yayıb.
“Rusiya prezidenti ABŞ-la danışıqlar prosesinin əsas nəticələri barədə məlumat verdi. Emomali Rəhmon göstərilən məlumata görə minnətdarlığını bildirib və Ukrayna böhranının siyasi-diplomatik yollarla həlli üzrə səyləri dəstəkləyib”, – Tacikistan prezidentinin saytında dərc olunan açıqlamada qeyd olunur.
Bildirilib ki, tərəflər Tacikistan və Rusiya arasında strateji tərəfdaşlıq münasibətlərinin inkişafına yönəlmiş birgə tədbirləri davam etdirməyə hazır olduqlarını vurğulayıblar. “Dövlət başçıları həmçinin qarşıdakı yüksək səviyyəli görüşlərin ikitərəfli və çoxtərəfli formatda keçirilməsi qrafikini müzakirə ediblər”, – mətbuat xidməti əlavə edib.
Qeyd edək ki, avqustun 7-də Rusiya prezidentinin köməkçisi Yuri Uşakov Rusiya və ABŞ-ın yaxın günlərdə iki ölkə liderləri – Vladimir Putin və Donald Trampın görüşü barədə razılığa gəldiyini açıqlayıb.
Həmin gün Putin də Tramp ilə görüşün hazırlanmasını təsdiqləyərək, bu görüşə marağın qarşılıqlı olduğunu bildirib.
Hazırlanan görüşlə bağlı bəyanatlar 6 avqustda ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoffun Moskvaya səfərindən sonra verilib. O, Moskvada Putin tərəfindən qəbul olunub. Görüş təxminən üç saat davam edib.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.